Bugün Azərbaycan üçün ilk baxışda bir-birindən müstəqil görünən bir neçə mühüm hadisənin vahid mənzərədə birləşdiyi, ölkəmizin beynəlxalq arenadakı mövqeyinin nə dərəcədə gücləndiyini xüsusilə aydın nümayiş etdirən günlərdən biri oldu. İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Bakıya səfər edib. Eyni zamanda, “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki icra mərhələsinə başlanıldığı elan olunub. Xarakter etibarilə fərqli olan bu iki hadisə eyni həqiqəti təsdiqləyir: Azərbaycanın regional və qlobal siyasətdəki əhəmiyyəti durmadan artır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biri və ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında əməkdaşlıq artıq çoxdan ənənəvi diplomatik münasibətlər çərçivəsindən kənara çıxaraq strateji xarakter alıb. Energetika bu tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan İtaliyanın neft və təbii qaza olan tələbatının əhəmiyyətli hissəsinin ödənilməsində mühüm rol oynayır. Bununla yanaşı, bu gün Bakı və Roma əməkdaşlığın perspektivlərinə daha geniş prizmadan yanaşırlar. İnvestisiyalar, sənaye, nəqliyyat, logistika, yüksək texnologiyalar, bərpa olunan enerji və kritik əhəmiyyətli xammal ehtiyatları sahələrində əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir.
Diqqətəlayiq haldır ki, hazırkı səfər iki ölkənin şirkətlərini və işgüzar dairələrini təmsil edən 240-dan çox nümayəndənin iştirakı ilə keçirilən biznes forumla müşayiət olunur. Bu isə münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atıldığını göstərir.
TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması da mühüm əhəmiyyət daşıyan hadisədir. Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətində hazırlıq və tikinti işlərinə başlanıldığını elan edib. ABŞ Prezidenti Donald Tramp isə təbrik müraciətində razılaşmaların əldə olunmasında göstərdiyi səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkürünü bildirib. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsinə, eyni zamanda regional ticarət, tranzit və enerji infrastrukturu üçün yeni imkanların yaradılmasına xidmət edir. Şübhəsiz ki, siyasi razılaşmalardan konkret əməli fəaliyyətə keçilməsi özlüyündə prinsipial əhəmiyyətə malikdir.
Məhz bu məqamda Cənubi Qafqazda formalaşan yeni reallıqların hansı tarixi proseslərin nəticəsində mümkün olduğunu xatırlamaq vacibdir. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin bugünkü beynəlxalq mövqeyinin əsasını təşkil edir. Onilliklər ərzində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunması uğrunda mübarizə aparmalı olmuşdur. Bu gün isə ölkəmiz regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının formalaşdırılmasında fəal iştirak edir. Azərbaycanın milli maraqları Cənubi Qafqazın hüdudlarını aşaraq dünyanın müxtəlif dövlətlərinin maraq göstərdiyi beynəlxalq layihələrin mühüm tərkib hissəsinə çevrilir.
Bununla belə, TRIPP layihəsinə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən təşəbbüs kimi yanaşmaq doğru olmazdı. Layihənin strateji əhəmiyyəti daha genişdir. TRIPP Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında Azərbaycanın rolunu gücləndirməklə yanaşı, Asiya ilə Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin olunmasına xidmət edən yeni iqtisadi maraqlar formalaşdırır. Bu prosesdən yalnız layihənin birbaşa iştirakçıları deyil, digər regional və beynəlxalq tərəfdaşlar da faydalana biləcəklər. Region beynəlxalq nəqliyyat, enerji və ticarət zəncirlərinə nə qədər fəal inteqrasiya olunarsa, onun qlobal iqtisadiyyat üçün strateji əhəmiyyəti də bir o qədər artacaq.
İtaliya Baş nazirinin müavininin Bakıya səfərini və TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılmasını birlikdə dəyərləndirdikdə aydın görünür ki, söhbət hadisələrin təsadüfi üst-üstə düşməsindən deyil, Azərbaycanın beynəlxalq mövqeyinin ardıcıl şəkildə güclənməsinin məntiqi nəticəsindən gedir. Yaxın keçmişədək beynəlxalq aləmdə daha çox uzun illər davam edən münaqişə və ərazilərinin təxminən beşdə birinin işğalı kontekstində xatırlanan Azərbaycan bu gün regionda baş verən genişmiqyaslı dəyişikliklərin müstəqil təşəbbüskarlarından biri kimi çıxış edir. Ölkəmiz yalnız yeni layihələr irəli sürməklə kifayətlənmir, həm də dünyanın aparıcı dövlətlərinin həmin təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğu siyasi və iqtisadi mühit formalaşdırır.
Keçilən tarixi yolun ən mühüm nəticəsi də məhz bundan ibarətdir. Azərbaycan yalnız ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməklə kifayətlənməyib, həm də tarixi Qələbəni gələcək inkişafının möhkəm təməlinə çevirməyi bacarıb. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən və düşünülmüş xarici siyasəti, eləcə də ölkəmizin iqtisadi və coğrafi üstünlüklərindən səmərəli istifadə olunması nəticəsində Bakı Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib.
Bu gün Azərbaycan Avropanın mühüm enerji tərəfdaşı, Şərqlə Qərb arasında strateji nəqliyyat qovşağı, beynəlxalq layihələrin fəal təşəbbüskarı və regionun gələcəyi ilə bağlı mühüm qərarların qəbulunda mövqeyi nəzərə alınan nüfuzlu dövlətdir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı