NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən Türkiyənin baş naziri Əhməd Davudoğlu birgə mətbuat konfransında Türkiyədən üzr istəməyi tələb edən Rusiyaya son sözünü deyib.
Baş nazir deyib ki, kimsə Türkiyənin üzr istəyəcəyini gözləməsin.
Rusiya ilə terrorizmlə mübarizə mövzusunda görüşməyə hazır olduqlarını söyləyən Davudoğlu SU-24 təyyarəsinin vurulmasının müdafiə məqsədli olduğunu qeyd edib.
"Türkiyənin sərhədlərini qorumaq bizim vəzifəmizdir. Hava məkanımızın qorunması bir vəzifədir. Heç bir hökumət lideri vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz vəzifəsini yerinə yetirib. Kimsə bizdən üzrxahlıq gözləməsin”, - Türkiyənin baş naziri söyləyib.
NATO-nun baş katibi isə Türkiyə öz sərhədlərini və hava məkanını qorumaq haqqına malik olduğunu vurğulayıb.