Naxçıvanın yeni inkişaf mərhələsi: Təhlükəsizlikdən enerji və nəqliyyat qovşağına  

Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngin oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına yanaşma artıq ayrı-ayrı sahələr üzrə həyata keçirilən layihələrin məcmusu deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, şəhərsalma, turizm və mədəni irsi özündə birləşdirən vahid strateji konsepsiyaya əsaslanır.

Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri Naxçıvanın inkişafında yeni mərhələnin başlanması, mühüm layihələrin təqdimatı və gələcəyə hesablanmış qərarların qəbulu ilə yadda qalıb. Budəfəki səfərin mühüm xüsusiyyəti isə ondan ibarətdir ki, burada Naxçıvanın artıq əldə etdiyi nəticələrlə yanaşı, qarşıdakı illərdə regionun iqtisadi və strateji rolunu daha da artıracaq layihələr geniş şəkildə təqdim edildi.

Naxçıvanın inkişafının ilk və əsas şərti, təbii ki, təhlükəsizlikdir. Dövlət başçısının müsahibəsində bu məsələyə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Naxçıvanın coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması və regionun strateji mövqeyi onun müdafiə potensialının daim gücləndirilməsini zəruri edir. Bu baxımdan Əlahiddə Ordunun yaradılması mühüm qərarlardan biri olub. Bu gün Naxçıvanda ən müasir hərbi texnikanın tətbiqi, yeni komando qüvvələrinin yaradılması və ordunun maddi-texniki imkanlarının genişləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin ümumi inkişaf strategiyasının tərkib hissəsidir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra regionda formalaşan yeni reallıqlar Naxçıvanın əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizinin tarixçəsinə xüsusi diqqət yetirməsi də məhz bununla bağlıdır. Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpası yalnız iki coğrafi məntəqənin birləşdirilməsi demək deyil. Bu layihə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində mövqeyini möhkəmləndirəcək, Türkiyə ilə birbaşa quru bağlantısının imkanlarını genişləndirəcək və Naxçıvanı daha böyük regional nəqliyyat sisteminin mühüm halqasına çevirəcək.

Dövlət başçısının müsahibəsində qeyd etdiyi mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin nəqliyyat layihəsi ilə məhdudlaşmamasıdır. Azərbaycan əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi üçün layihənin hazır olması, Cəbrayılda böyük yarımstansiyanın inşa edilməsi gələcəkdə enerji dəhlizinin də formalaşdırılmasına imkan yaradır. Beləliklə, Naxçıvanın Azərbaycanla əlaqəsi yalnız avtomobil və dəmir yolu ilə deyil, enerji infrastrukturu vasitəsilə də daha geniş xarakter alacaq. Bu baxımdan Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolu xəttinin tikintisinin sürətlə davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Naxçıvan istiqamətində mövcud dəmir yolu infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işlər də gələcək nəqliyyat imkanlarının əsasını təşkil edir. Hazırda mövcud xəttin yükaşırma qabiliyyətinin 1,5 milyon ton olduğu bildirilir. Lakin Azərbaycanın strateji hədəfi bu göstəricini 15 milyon tona çatdırmaqdır. Bu, Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar deməkdir. 15 milyon ton və daha çox yükün hərəkət etdiyi nəqliyyat xətti regionda logistika, anbar, xidmət, ticarət və istehsal sahələrinin inkişafını sürətləndirə, yeni iş yerlərinin yaranmasına və sahibkarlıq fəallığının artmasına ciddi təkan verə bilər. Daha mühüm məqam isə Naxçıvanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişdiyi mühüm mərkəzlərdən birinə çevrilməsi perspektividir. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvandan Culfa vasitəsilə İrana çıxışın imkanları da genişlənəcək.

Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı isə bu strategiyaya müasir və qlobal məzmun qazandırır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri ilə Naxçıvandakı Günəş və su enerjisi potensialının bir-birini tamamlaması Azərbaycanın ümumi enerji keçidi siyasətinin coğrafiyasını genişləndirir.

Naxçıvanın gələcək inkişafında enerji sektoru ayrıca strateji istiqamət kimi diqqət çəkir. Prezident İlham Əliyevin sözlərinə görə, muxtar respublikanın mövcud generasiya gücü təqribən 200 meqavatdır. Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasına başlanması isə bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Bu layihənin əsas məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını gücləndirmək, digəri isə gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər yalnız yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Muxtar respublikada qazlaşmanın 100 faiz səviyyəsinə çatdırılması, İranla qaz mübadiləsi mexanizminin tətbiqi, su və Günəş elektrik stansiyalarının yaradılması bu sahədə kompleks yanaşmanın formalaşdığını göstərir.

Xüsusilə Günəş enerjisi Naxçıvanın gələcək iqtisadi inkişafında yeni istiqamətə çevrilə bilər. Aparılmış monitorinqlər nəticəsində Günəş enerjisinin istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından birinin Naxçıvan olduğu müəyyənləşdirilib. Artıq 600 hektardan çox ərazi bu məqsədlər üçün müəyyən edilib. Bundan başqa, 50 meqavat gücündə Günəş elektrik stansiyalarının layihələri həyata keçirilir. Prezidentin müsahibəsində səsləndirdiyi qiymətləndirməyə əsasən, təkcə Günəş enerjisinin istehsal gücü Naxçıvanda ən azı 500 meqavata çata, perspektivdə isə 1000 meqavatadək yüksələ bilər. Burada mühüm məqam enerji istehsalı ilə yanaşı, onun ixracıdır. Naxçıvanın Türkiyə və İranla mövcud elektrik bağlantıları gələcək enerji ixracının genişləndirilməsi üçün baza yaradır. Daha böyük həcmlərin ixracı üçün ötürücü xətlərin imkanlarının artırılması vacibdir. Bu baxımdan Azərbaycanın elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkəyə çevrilməsi istiqamətində müəyyən etdiyi strateji xətt Naxçıvana da yeni rol qazandırır.

Bərpaolunan enerji mənbələrinin inkişafı enerji sistemində çevikliyi və dayanıqlılığı təmin edən texnologiyaların tətbiqini də zəruri edir. Azərbaycanda artıq 250 meqavatlıq iki batareya enerji saxlanc qurğusunun yaradılması, Naxçıvanda isə ilk mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc sisteminin qurulması ilə bağlı tapşırıq verilməsi bu siyasətin davamıdır. Günəş və su elektrik stansiyalarında istehsal olunan enerjinin səmərəli idarə olunması üçün belə sistemlər mühüm əhəmiyyət daşıyır.

Naxçıvanın iqtisadi gələcəyi yalnız enerji və tranzit imkanları ilə müəyyənləşmir. Naxçıvan Sənaye Parkının yaradılması burada yeni sənaye müəssisələrinin formalaşmasına, investisiyaların cəlb edilməsinə və məşğulluğun artırılmasına imkan verəcək. Parkın ərazi baxımından Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olması da layihənin miqyasını göstərir. Müasir sənaye komplekslərinin yaradılması Naxçıvan iqtisadiyyatının daha çox istehsal və ixrac yönümlü modelə keçidini sürətləndirə bilər.

Naxçıvanın inkişafı sosial məsələləri də əhatə edir. Naxçıvan şəhərində ictimai nəqliyyatın yenilənməsi, elektrik avtobuslarının istifadəyə verilməsi, şəhərlərarası və rayonlararası sərnişindaşımanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması insanların gündəlik həyatına birbaşa təsir göstərəcək layihələrdir. Eyni zamanda, 26 yaşayış məntəqəsini əhatə edən təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı təmiri planlaşdırılır. Bu işlərin təxminən 160 min nəfərin həyatına təsir göstərəcəyi bildirilir.

Su təminatı və kənd təsərrüfatının inkişafı da Naxçıvanın gələcək sosial-iqtisadi modelində mühüm yer tutur. Dövlət Proqramının icrası çərçivəsində suvarma ilə bağlı tədbirlər planının hazırlanması, Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik su elektrik stansiyası layihəsinin davam etdirilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərin kompleks xarakter daşıdığını göstərir.

Naxçıvanın inkişaf strategiyasında şəhərsalma və mədəni irsin qorunması da xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan şəhərinin Baş planının hazırlanması şəhərin gələcək onilliklər üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, burada da müasir şəhərsalma prinsiplərinin tətbiqi, sosial və nəqliyyat infrastrukturunun yenilənməsi qarşıya mühüm vəzifələr qoyur.

Bununla yanaşı, Naxçıvanın tarixi-mədəni irsi inkişaf strategiyasının mühüm dayaqlarından biridir. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması, Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılmış abidə bu istiqamətdə həyata keçirilən işlərin mühüm nümunələridir. Naxçıvanın qədim tarixi, zəngin memarlıq irsi, təmiz havası və təbii mənzərələri onun turizm potensialını da artırır. Şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması turizm infrastrukturunun genişləndirilməsi baxımından mühüm addımdır.

Əslində bütün bu istiqamətləri birləşdirən əsas xətt Naxçıvanın Azərbaycanın digər inkişaf məkanları ilə daha sıx inteqrasiyasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya əsasında inkişaf etməlidir. Zəngilanla Ordubad arasında cəmi 42 kilometr məsafənin olması bu coğrafiyanın iqtisadi, nəqliyyat və sosial baxımdan bir-birini tamamlayan vahid məkan kimi nəzərdən keçirilməsinə imkan verir.

Bu yanaşmanın mahiyyətində təkcə infrastruktur layihələri dayanmır. Söhbət idarəetmənin təkmilləşdirilməsindən, investisiya və biznes mühitinin yaxşılaşdırılmasından, təhlükəsizliyin təmin olunmasından, insan kapitalının inkişafından və dayanıqlı iqtisadi modelin qurulmasından gedir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi institutu ilə Naxçıvanda yeni idarəetmə mexanizminin formalaşdırılması da struktur islahatlarının bu ümumi strategiyanın mühüm hissəsi olduğunu göstərir.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri və Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı mərhələdə Naxçıvanın qarşısında yalnız sosial-iqtisadi inkişaf deyil, daha böyük strateji vəzifələr dayanır. Təhlükəsizlik baxımından möhkəmlənən, enerji baxımından özünü tam təmin edən, bərpaolunan enerji istehsalını genişləndirən, sənaye və logistika imkanlarını artıran Naxçıvan Azərbaycanın regional inkişaf xəritəsində yeni mövqeyə yüksəlir.

Nəqliyyat dəhlizlərinin genişlənməsi, enerji ixracı imkanlarının artması, sənaye parkının fəaliyyətə başlaması, turizm və kənd təsərrüfatının inkişafı bu qədim diyarın iqtisadi potensialını daha da gücləndirəcək. Ən başlıcası isə Naxçıvanın Azərbaycanın əsas hissəsi, Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanında əlaqələndirilməsi ölkənin iqtisadi və geostrateji imkanlarını daha da genişləndirəcək. Bu baxımdan 11 avqust səfəri təkcə görülən işlərin qiymətləndirilməsi kimi deyil, Naxçıvanın qarşıdakı illərdə hansı istiqamətdə inkişaf edəcəyini göstərən strateji baxışın təqdimatı kimi dəyərləndirilməlidir. Prezidentin müsahibəsində səslənən fikirlərdən aydın olur ki, dövlətin əsas məqsədi Naxçıvanın malik olduğu tarixi, coğrafi, iqtisadi və enerji potensialını tam şəkildə reallaşdırmaq, burada yaşayan insanların rifahını yüksəltmək və muxtar respublikanı Azərbaycanın yeni regional inkişaf modelinin mühüm mərkəzlərindən birinə çevirməkdir.

Asif Əsgərov,

Milli Məclisin deputatı