“8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü sözün əsl mənasında tarixi hadisə kimi qiymətləndirmək olar. Bunu şərtləndirən ən azı üç səbəb var”.
1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, birinci səbəb 8 avqust görüşləri, müzakirə olunan məsələlər və imzalanan Bəyanatın Azərbaycan və Ermənistan arasında qarşılıqlı konfrontasiyadan qarşılıqlı əməkdaşlığa keçidi təmin edəcək münasibətlərin tənzimlənməsi prosesini başlatmasıdır:
“Əslində müharibə 2020-ci ilin 9 noyabr Bəyanatı ilə başa çatmışdı. Lakin ötən 5 il ərzində münasibətlərin normallaşmasında hər hansı pozitiv bir addım yox idi. Əksinə, Qarabağ bölgəsində vaxtaşırı təxribatlar törədilir və lokal xarakterli hərbi toqquşmalar baş verirdi. Bölgədə gərginliyin azalması yox, artması müşahidə olunurdu ki, bu da yenidən daha böyük münaqişənin alovlanmasına yol aça bilərdi”.
C.Feyziyev qeyd edib ki, Prezident Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilmiş görüş bu təhlükəyə son qoyub:
“Fakt ondan ibarətdir ki, 2025-ci ilin 8 avqust tarixindən sonra heç bir tərəfdən bir güllə də açılmayıb. Bu da de-fakto sülhün mövcudluğuna və münasibətlərin tənzimlənməsi istiqamətində zəruri addımların atılması üçün etibarlı zəmin yaratdı”.
Deputatın sözlərinə görə, ikinci mühüm məqam 8 avqust Vaşinqton görüşlərinin Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratmasıdır:
“Hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan haqsız embarqo hələ də Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük əngəl olaraq qalır. ABŞ-nin mənafeyi üçün lazım olanda sanksiya dondurulur, Azərbaycanın dəstəyinə ehtiyac aradan qalxan kimi sanksiya yenidən qüvvəyə minirdi. Bayden administrasiyası dönəmində biz bunun real təcrübəsini yaşadıq”.
C.Feyziyev vurğulayıb ki, 8 avqust görüşləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr iki ölkə arasında strateji əməkdaşlıq xartiyasının hazırlanması haqqında qərarın qəbul olunmasına gətirib çıxarıb:
“Daha sonra ABŞ vitse-prezidenti Ceyms Vensin ölkəmizə səfəri çərçivəsində bu sənədin imzalanması doğrudan da inanılmaz bir uğur oldu. Sanksiyalardan strateji əməkdaşlığa belə bir keçid dövlətlərarası münasibətlərdə unikal bir hadisədir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü mahir və cəsarətli siyasətin nəticəsi kimi Azərbaycan xalqının və dövlətinin böyük uğurudur”.
Deputat əlavə edib ki, Ağ Evdə baş tutmuş 8 avqust görüşləri və imzalanmış sənədlər Cənubi Qafqazın əsrlər boyu davam etmiş asılılıq sindromunu qırıb:
“Bölgə qarşılıqlı əməkdaşlıq üçün bütün dünyaya açıldı. Xüsusilə TRIPP nəqliyyat dəhlizinin yaradılması ilə bağlı əldə olunmuş razılaşmalar həm Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması və əməkdaşlığın genişlənməsi üçün, həm də bütöv Avrasiya miqyasında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində tranzit-nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaratdı”.
“Bu nöqteyi-nəzərdən 8 avqust Vaşinqton görüşmələrini qlobal əhəmiyyətli hadisə kimi də qiymətləndirmək olar”, - deyə C.Feyziyev bildirib.