Azərbaycanın iqtisadi siyasətində
qeyri-neft-qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet
istiqamətlərdəndir. Son illər həyata keçirilən islahatlar nəticəsində
qeyri-neft-qaz ixracının həcmi və coğrafiyası genişlənir, yerli məhsulların
xarici bazarlarda mövqeyini gücləndirmək üçün müxtəlif dəstək mexanizmləri tətbiq
olunur. Ölkədə sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, ixrac təşviqi
alətləri, sənaye zonalarında təqdim edilən güzəştlər və digər stimullaşdırıcı tədbirlər
qeyri-neft-qaz ixracına mühüm töhfə verir.
Bu siyasətin tərkib hissəsi olaraq, qeyri-neft-qaz
ixracında müsbət dinamikanın davamlılığını təmin etmək, qeyri-neft-qaz məhsullarının
beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq və ixracatçıların
logistika xərclərini azaltmaq məqsədilə dövlət ixracın dəstəklənməsi mexanizmlərini
ardıcıl şəkildə təkmilləşdirir.
Bu istiqamətdə atılan
növbəti önəmli addım dövlət başçısının 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının
stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Fərmanıdır.
Fərmana əsasən ixrac daşıma dəstəyi
yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək. Dəstək
məbləği iki kriteriya əsasında
hesablanacaq: ixrac olunan malın
daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və
istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri. Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda
qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş
daşıma xərclərinin 70%-i, digər ölkələrdə
qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50%-i nəzərə alınacaq. Bununla yanaşı,
avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15%-i, dəniz nəqliyyatı üzrə isə 5%-i yuxarı hədd kimi müəyyən ediləcək.
İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.
Daxili daşıma dəstəyi Naxçıvanda
istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə
quru yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən nəqliyyat
xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70%-i dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər
rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında
hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı
ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq.
Mexanizmin tətbiqi üçün mənşə
qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək
malların siyahısı, ölkə qrupları, müraciətlərin təqdim edilməsi və baxılması
qaydası, həmçinin müxtəlif
nəqliyyat növləri ilə (multimodal)
daşımalar üzrə hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək.
Beləliklə, yeni dəstək mexanizmi ixracatçıların logistika xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və ixrac fəaliyyətinin uzunmüddətli əsasda planlaşdırılmasına əlavə imkanlar yaradacaq. Nəticədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksələcək, qeyri-neft-qaz ixracının davamlı artımına, ixracın şaxələndirilməsinə və ölkənin xarici ticarət potensialının daha da güclənməsinə töhfə veriləcək.