Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf strategiyasının geniş mənzərəsini ortaya qoyur. Bu strategiya Naxçıvanın Azərbaycanın regional nəqliyyat, enerji, sənaye və logistika sistemində daha mühüm mövqeyə çıxarılmasını nəzərdə tutur. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin geosiyasi və geoiqtisadi baxımdan ən mühüm məkanlarından biridir. Muxtar respublikanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhədləri, tarixi-mədəni irsi bu bölgənin inkişafına xüsusi yanaşma tələb edir. Prezident İlham Əliyevin müsahibəsində də məhz bu amillər fonunda Naxçıvanın gələcəyinə dair mühüm mesajlar verildi.
Naxçıvanın müasir tarixindən danışarkən ilk növbədə Ümummilli Lider Heydər Əliyevin bu diyarın inkişafında oynadığı strateji rolu xüsusi qeyd etməliyik. Naxçıvan Ulu Öndərin siyasi fəaliyyətinin ən mühüm mərhələlərindən birinə şahidlik edib. Ulu Öndərin Naxçıvanla bağlı fəaliyyəti bu qədim diyarın Azərbaycanın dövlətçilik tarixindəki xüsusi mövqeyini daha da möhkəmləndirib.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Naxçıvanın inkişafına yönəlmiş çoxsaylı layihələrdə özünü göstərir. Sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial infrastruktur, turizm və tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.
Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının fəaliyyətə başlaması yeni istehsal müəssisələrinin yaradılmasına, investisiyaların cəlb edilməsinə və məşğulluğun artırılmasına imkan yaradır.
Əslində, qarşıdakı dövr üçün əsas məqsədlərdən biri Naxçıvan iqtisadiyyatının daha çox istehsal və ixracyönümlü modelə keçirilməsidir. Bunun üçün muxtar respublikanın sənaye və kənd təsərrüfatı potensialından daha səmərəli istifadə edilməsi əsas vəzifə kimi qarşıya qoyulub.
Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması da bu baxımdan təsadüfi deyil.
Naxçıvanın inkişafı həm də sosial infrastrukturun yenilənməsi, insanların keyfiyyətli xidmətlərə çıxışının genişləndirilməsi ilə ölçülür.
DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, yeni sosial obyektlərin yaradılması, şəhər və rayonlararası nəqliyyatın yaxşılaşdırılması əhalinin gündəlik həyatına birbaşa təsir edən layihələrdir.
Muxtar respublikanın gələcək inkişafında enerji təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində bu məsələyə geniş yer ayrılması da təsadüfi deyil. Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması, Günəş elektrik stansiyalarının tikintisi, Ordubad rayonunun Tivi kəndində su elektrik stansiyası layihəsinin həyata keçirilməsi və yeni enerji saxlanc sistemlərinin yaradılması Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Xüsusilə bərpaolunan enerji sahəsində Naxçıvanın böyük potensialı var. Günəş enerjisinin istehsalının yüzlərlə meqavat həcmində artırılması gələcəkdə Naxçıvanı həm də elektrik enerjisi ixrac edən regiona çevirəcək.
Naxçıvanın gələcəyinə ən böyük təsir göstərə biləcək layihələrdən biri isə Zəngəzur dəhlizidir. Uzun illər ərzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin olmaması muxtar respublikanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdıran əsas amillərdən biri olub. Zəngəzur dəhlizinin reallaşması bu coğrafi məhdudiyyətin aradan qalxmasına şərait yaradır.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar fonunda bu istiqamətdə yeni mərhələnin başlanması Zəngəzur dəhlizinin regional nəqliyyat sistemindəki rolunu daha da aktuallaşdırıb.
Azərbaycan üçün əsas məsələ isə bu dəhlizin yalnız bir avtomobil və dəmir yolu xətti kimi deyil, çoxşaxəli nəqliyyat, enerji və kommunikasiya platforması kimi formalaşdırılmasıdır.
Dəmir yolu və avtomobil yolu ilə yanaşı, fiber-optik kabellərin, elektrik xətlərinin, perspektivdə isə digər enerji infrastrukturlarının yaradılması Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır.
Naxçıvanın coğrafi mövqeyi onun Türk dünyasının inteqrasiyasında da əhəmiyyətini artırır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması, oradan Türkiyəyə çıxışın təmin olunması Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm mesajlardan biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsi ideyasıdır. Burada söhbət yeni idarəetmə modellərinin tətbiqindən, müasir infrastrukturun qurulmasından, yaşıl enerji layihələrinin inkişafından və regionlar arasında iqtisadi əlaqələrin gücləndirilməsindən gedir.
Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu strategiyanın mühüm hissəsidir. Bərpaolunan enerji mənbələrinin artırılması və enerji saxlanc sistemlərinin yaradılması gələcəkdə daha çevik və dayanıqlı enerji sisteminin formalaşmasına imkan verəcək.
Naxçıvanın inkişaf strategiyasının digər mühüm istiqaməti tarixi-mədəni irsin qorunmasıdır.
Möminə xatun türbəsi, Əcəmi Naxçıvani irsi və digər tarixi abidələr Naxçıvanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük mədəni əhəmiyyət daşıdığını göstərir. Bu irsin qorunması turizm strategiyası ilə də birləşdirilə bilər. Müasir hotellərin, nəqliyyat infrastrukturunun və turizm xidmətlərinin inkişafı Naxçıvanın zəngin tarixi və təbii imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır.
Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi də qarşıdakı mərhələnin əsas istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda tətbiqi regional inkişafın daha çevik və koordinasiyalı həyata keçirilməsinə imkan verəcək.
Burada əsas məqsəd muxtar respublikanın xüsusi statusunu qorumaqla idarəetmənin səmərəliliyini artırmaq, layihələrin icrasını sürətləndirmək və dövlət resurslarından daha effektiv istifadə etməkdir.
Könül Nurullayeva
Milli Məclisin deputatı