Novruz azərbaycançılıq ovqatı ilə qarşılanır

 

"Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm." – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin 20 martında – Novruz bayramı günü Şuşada, Cıdır düzündə belə dedi. Bu kəlamlar hər bir azərbaycanlının tarixi keçmişimizə ehtiramının ifadəsidir.

Azərbaycan rus imperiyasının ilhaqında olduğu illərdə siyasi rejimin tələblərinə görə Nov­ruz bayramı da layiq olduğu könül xoşluğu ilə, təmtəraqla qeyd edilmirdi. Azərbaycanın dövlət xadimi, dramaturqu, filosofu Şıxəli Qurbanovun təşəbbüsü ilə Bakıda ümumxalq bayramı kimi qeyd edildi.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda digər milli adət-ənənələrimiz kimi Novruz bayramı da xalqın istəyi, sevgisi, ehtiramı səviyyəsində qeyd edilir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramının fəzilətlərini ifadə edərək deyib: “Novruz bayramı tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirir”.

 Novruz təkcə təbiətdə deyil, düşüncələrdə də yeniləşmənin rəmzi kimi yaşanılır. Zərdüşt peyğəmbərin təliminə görə, insanlar xeyirli fikirləri düşünür, xeyirli sözlər danışır, xeyirli işlər gö­rür­lər. Təkcə Novruzdamı? Milli mentalitetimizə görə, bu, ancaq bayramlara, konkret olaraq Novruz bayramına aid olmamalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma Azərbaycanda yeni mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün ifadəsidir. Belə bayramlaşmalar həm də xalqımızın min illərin o üzündən boy göstərən mədəniyyətinin yaşadılması, tanıdılması niyyətidir...

Xalqımız Novruzla bağlı 4 günü – 4 çərşənbəni böyük coşqu ilə qeyd edir. Hər çərşənbə adına müvafiq yozumu ilə qarşılanır: su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşən­bə­si. Torpaq çərşənbəsi həm də ilaxır çərşənbə bayramın özü qədər yüksək könül xoşluğu ilə qeyd olunur.

Novruz bayramı ümumxalq bayramıdır. Ona görə də bu bayram həmişə kütləvi şəkildə qeyd edilir. Kənd yerlərində məhəllələrdə, şəhərlərdə park və xiyabanlarda. Bakıda bayram tədbirləri yüz illərin tarixi yaddaşı olan Qız qalasının ətrafında ümumxalq şənliyi formatında keçirilir. Əzəməti ilə göz oxşayan bu abidə-qalanın yüksəkliyində görünən səməni yazın gəlişinin rəmzi kimi könül oxşayır. Həmin gün ölkə başçısı şənliyin sevincini xalqın nümayəndələri ilə bilavasitə bayramın gedişində bölüşür. Xalq bu əziz bayramda da Prezidentinin ətrafında olur. Hələ 1996-cı ilin 21 martında böyük tarixi şəxsiyyət Heydər Əliyev Qoşa Qala qapısının önündə Novruz şənliyində çıxışında demiş­di: “Bİz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edirik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”. Ulu Öndərin xalqa dedikləri gerçəkləşdi. Azərbaycan Respublika­sı­nın Prezidenti cənab İlham Əliyev bu fikirləri Azərbaycan Silahlı Qüv­və­lərinin Ali Baş Komandanı kimi, sərkərdə kimi 2020-ci ilin noyabrında Zəfər olaraq tarixə yazdı...

 “İşğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə xalqa təbrik çatdırmağı xoşbəxtlik bilən” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il martın 20-də Cıdır düzündə Novruz bayramını tariximizin bir dönəminin – torpaqlarımızın işğaldan azad edilməsi ilə həmin ərazilərdə yaşayanların doğma ev-eşiyindən məcburi köçkün olmasını da xatırlatmışdı, Azərbaycan Ordusunun qüdrəti ilə həmin torpaqların işğaldan azad edilməsini də, işğal dövründə bu bayramla əlaqədar niyyətləri də: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”. Bu fikirlər qürurdur, Ordumuza sevgidir, Böyük qayıdışa zəmanətdir. Həmin tədbirdə Birinci vitse-prezident xanım Mehriban Əliyeva demişdi: “Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”. Xalq bu niyyəti, bu arzunu Vətənin adından deyilən niyyət, arzu bilmişdi, bu niyyət, arzu indi də xoş ovqatla xatırlanır...

Xalqımızı müqəddəs Novruz bayramı münasibətilə təbrik edirəm. Əminəm ki, Ulu Növruz döv­lət­çiliyimizə, dövlətimizə uğurlar gətirəcək, Azərbaycana dünyəvi ehtiram bundan sonra daha da artacaqdır...

Novruz azərbaycançılıq ovqatı ilə qarşılanır.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı