“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətdir. Dövlətimizin başçısı 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Birmənalı olaraq demək lazımdır ki, 2018-ci ildə Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri dövlətin və xalqın milli mənafelərinin təmin olunması baxımından son dərəcə böyük əhəmiyyətə malik tarixi hadisə idi. Həmin seçkilərdə Azərbaycan Respublikası Prezidenti postuna 8 namizəd iştirak etmişdi. Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3%-nin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Növbəti dəfə xalqın iradəsini əks etdirən bu seçkilərdə Azərbaycan vətəndaşları ölkədə görülən işlərə yüksək qiymət verdiklərini bir daha nümayiş etdirmiş oldular. Danılmaz bir həqiqətdir ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadi gücü daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi cənab Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Bu günümüzün reallıqları bir daha sübut edir ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı olan cənab İlham Əliyevə xalqın etimad göstərməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən, tarixi baxımdan isə həm də zəruri idi.”
Bunu aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, 2003-cü ildən sonra keçən on beş il ərzində Azərbaycanın yaşadığı dinamik inkişaf, bütün sahələrdə əldə olunmuş yüksək nəticələr, insanların rifah yüksəlişi əlbəttə ki, 2018-ci il seçkilərinə öz təsirini göstərməyə bilməzdi: “2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub. Bu illər ərzində bütün Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, mühüm istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilmişdir. Həmin dövrrdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunun daha bir nümayişi oldu. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirildi. Azərbaycan Prezidentinin imzaladığı bir sıra fərman və sərəncamlar sübut etdi ki, dövlət öz vətəndaşının hüquq və haqqlarının qorunması, sosial rifah göstəricisinin yüksəldilməsi istiqamətində aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail oldu və qeyri-neft sektorunu valyuta gətirə biləcək strateji bölməyə çevirdi.”
Həmçinin N.Aslanov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın 2003-2018-ci illərdə beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmişdir və bu proses bu gün daha yüksək templə davam edir: “Əlbəttə ki, uğurlu daxili siyasətin maksimum effektivliyi yalnız ölkənin əlverişli beynəlxalq mövqelərə sahib olması şərti daxilində tam realizə oluna bilər. Bu baxımdan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu bütün incəliklərinə qədər düşünülmüş unikal strategiya kimi dəyərləndirilməlidir. Məhz bu siyasət nəticəsində 2003-2018-ci illər ərzində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Ölkəmizin 2011-ci il-də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması isə Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla dövlətimizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Qısa zaman ərzində Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. Bu gün isə Azərbaycan artıq Avropa təhlükəsizlik konsepsiyasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rolun əhəmiyyəti getdikcə artır.”
Sonda deputat Azərbaycan xalqının 2018-ci ildə növbəti dəfə müdrik qərar verməsinin ən möhtəşəm sübutunun Vətən torpaqlarımızın işğaldan azad edilməsi faktı olduğunu vurğulayaraq bunları deyib: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. Cəmi 44 gün davam edən müharibə Şanlı Azərbaycan Ordusunun tam və qəti qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət davam edən işğalına son qoyuldu. Torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Bu Zəfər eyni zamanda ölkə iqtisadiyyatının perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmış oldu. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edən əsas göstəricilərdir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfələr verəcəkdir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.