İlk növbədə, qeyd etmək istərdim ki, şəhid ailələrinin, Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin apardığı sosial siyasətin ana xəttini təşkil edir. Hər iki kateqoriyadan olan vətəndaşlara edilən birdəfəlik yardımlar, aylıq müavinətlər, onların dövlət hesabına mənzillə, avtomobillə təminatı, pulsuz sanatoriya-kurort müalicəsi, şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladlarının, təhsil haqqının ödənilməsi, növbədən kənar özünüməşğulluq proqramlarına cəlb olunması və s. bunun bariz nümunəsidir. Milli Məclisin dekabr ayının 3-də keçirilən plenar iclasında “Vergi məcəlləsinə” nəzərdə tutulan dəyişikliklər üçüncü oxunuşda qəbul edildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Parlament üzvü bildirib ki, dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri nəzərdə tutulur. Konkret olaraq, Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilir: “Başqa bir dəyişiklik isə, şəhidlərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 min manata qədər olan hissəsinin gəlir vergisindən azad olunmasıdır. Qanunvericiliyə edilmiş dəyişikliklər, bir daha onu göstərir ki, Azərbaycan dövləti, şəxsən ölkə başçısı İlham Əliyev Vətən qarşısında ləyaqətlə xidmət etmiş, sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşın yanındadır”.