Dolların məzənnəsinin qalxması ilə əhalinin əmanətlərinə ziyan vurulması barədə səsləndirilən fiklirlər tamamilə yalan söhbətdir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib. O.Əsədov qeyd edib ki, birincisi, əmanətlərin 50 faizdən çoxu dollarla qoyulub: "İkincisi, mən sizə tam rəsmi deyirəm ki, son bir həftə ərzində iki milyard, ondan qabaq iki milyard yarım banklar tərəfindən manatlar dəyişib, yəni banklar tərəfindən bu imkan yaradılıb. Ona görə əhalinin əmanətlərinə ziyan dəyib demək tamamilə yalan fikirdir. Mən çox istərdim ki, məsələyə fikir bildirəndə bizim makro-iqtisadi siyasəti bilən adamlar da fikir bildirsinlər, bir az dərindən fikirləşsinlər, dünyada gedən proseslərə baxsınlar. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın valyuta ehtiyatları var, ancaq nə qədər mümkündür manatın məzənnəsini qoruyub saxladılar, indi yenə də qorunacaq, ancaq fikirləşmək lazımdır ki, qarşıda hər cür işlər ola bilər. Münaqişə həll olunmayıb, yəni müharibə ola bilər. Biz rezervlərin hamısını bu məzənnəyə görə itirə bilmərik”. Spiker vurğulayıb ki, ümumiyyətlə, manatın məzənnəsinin düşməsi ilə bağlı ajiotaj yoxdur: "Mən razıyam, dükanlar, bir çox spekulantlar qiymətləri qaldırırlar. Azərbaycanda ərzaqların 70 faizi daxili daxili istehsal məhsullarıdır. Yəni bu ərzaqların qiymətləri niyə qalxmalıdır? Digər tərəfdən, dükanlarda indiki ərzaqlar dolların məzənnəsinin qalxmasından əvvəl alınan ərzaqlardır. Onların qiymətləri niyə qalxmalıdır?”
O.Əsədov qeyd edib ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün dövlət tədbirlər görür: "Mən dünən İqtisadiyyat və Sənaye Nazirliyi ilə danışdım, ciddi işlər görülür. Mən əminəm ki, qiymətlərin qalxmasına imkan verilməyəcək. Eləcə də mən inanıram ki, dövlət tərəfindən sosial ehtiyacı olan təbəqələrə də yardımlar edilməsinin forması barədə fikirləşilir”.