Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın suverenliyini bərpa etdi və beynəlxalq nüfuzunu daha da gücləndirdi" – Mircəlil Qasımlı

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində prinsipial mövqeyini, müstəqil xarici siyasətini və regional təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu bir daha nümayiş etdirdi."

Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışını şərh edərkən bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm geosiyasi mərkəz olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın, nəqliyyat və enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsasını dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə sadiqlik təşkil edir:

"Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri Azərbaycanın uzun illər ərzində üzləşdiyi ikili standartlar və beynəlxalq ədalətsizlik olmuşdur. Azərbaycan torpaqlarının təxminən 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövrdə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrin icrası təmin edilmədi. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə münaqişənin həllinə real nəticə vermədi.

Bütün bunlara baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü dövlət quruculuğu strategiyası və Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər tarixi Zəfərimizin əsasını formalaşdırdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan xalqının milli iradəsinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünün bərpasını təmin etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olundu, separatizmə son qoyuldu. Bununla da Azərbaycan dövlətçiliyinin müasir tarixində yeni mərhələnin əsası qoyuldu.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də ondan ibarətdir ki, Azərbaycan müharibəni deyil, sülhü seçmişdir. Ölkəmiz uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, Ermənistanın işğalçı siyasəti və beynəlxalq mexanizmlərin səmərəsizliyi hərbi həlli qaçılmaz etmişdi.

Azərbaycan müharibədə qalib gəldikdən sonra da regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış etmişdir. Bu, dövlətimizin gücünün yalnız hərbi qüdrətlə deyil, həm də siyasi iradə və məsuliyyətli diplomatiya ilə ölçüldüyünü göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan xalqına qarşı törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması beynəlxalq hüququn və ədalət prinsiplərinin tələbidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hərbi cinayətlərə görə məsuliyyətin təmin olunması yalnız Azərbaycan üçün deyil, beynəlxalq ədalət və təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər də ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin göstəricisidir. Rəqəmsallaşma, nəqliyyat, enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müasir çağırışlara uyğun inkişaf strategiyasını əks etdirir. Azərbaycan bu gün yalnız öz milli maraqlarını qətiyyətlə müdafiə edən deyil, həm də beynəlxalq təhlükəsizliyə, regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən qüdrətli dövlətdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər bir daha sübut edir ki, müstəqil siyasi iradəyə, güclü iqtisadiyyata, qüdrətli orduya və xalqın etimadına əsaslanan dövlət istənilən mürəkkəb geosiyasi şəraitdə öz milli maraqlarını qorumağa qadirdir.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə, dövlət müstəqilliyimizin möhkəmlənməsinə və ölkəmizin qlobal siyasi proseslərdə söz sahibi kimi mövqeyinin güclənməsinə xidmət edir."- Mircəlil Qasımlı deyib.