Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detallar açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb.
Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.