Türkiyədə baş verən 100 illiyin ən dəhşətli zəlzələsi türk qardaşlarımız kimi hər bir vətəndaşımızda hüzn hissi doğurub. Kimliyindən asılı olmayaraq hər kəs əlindən gələn dəstəyi əsirgəmir, bu yöndə iş aparır. Başda Cənab Prezident olmaqla Heydər Əliyev Fondu, rəsmi dövlət qurumları, hakim Yeni Azərbaycan Partiyası, ayrı-ayrı təşkilatlar tərəfindən həyata keçirilən hümanitar aksiyalar bu gün də davam edir.
Baş verən hadisə Tükiyə-Azərbaycan qardaşlığını bir daha dünyaya bariz nümunələrlə tərənnüm etdirdi. Belə ki, Türkiyəyə ən çox xilasedici göndərən ölkələr sırasında Azərbaycan ilk sıradadır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz daim Türkiyənin yanındayıq və bu hadisələrin acı nəticələrini tezliklə aradan qaldırılması istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin dəstəyi bizə möhtəşəm Qələbə sevinci yaşatdı, indi də biz, hər bir azərbaycanlı türk qardaşlarının yanındadır.
30 mindən çox insanın həyatını itirməsi, 100 minə yaxın insanın yaralanması sarsıdıcıdır. Təbii fəalkətin coğrafiyası boyu zəlzələdən ziyan çəkən insanlara dəstək göstərmək, dağıntılar altında olan insanların çıxarılması, hadisə zamanı qurtulan insanların həyat şəraitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Əminik ki, Türkiyə dövləti, başda Rəcəb Tayyib Ərdoğan olmaqla AKP zəlzələ bölgəsini qısa zamanda yenidən və müasir standartlara uyğun qurulmasını həyata keçirəcək və arzu edirik ki, qardaş Türkiyədə bir daha belə bir acı yaşanmaz.
Acılar insanları birləşdirir. Acılar insanları daha da yaxınlaşdırır deyirlər. Biz bunun canlı şahidi olduq. Heç bir təmənna ummadan, kimliyindən asılı olmayaraq hər kəs qardaşlarına dəstək kampaniyasına qoşuldu. Könüllülərimiz prosesdə bir başa iştirak edir. Xilasedicilərimiz geniş tərkibdə prosesi həyata keçirir və bu zamana kimi bir çox zərərçəkmişi dağılan evlərin altından çıxarmağı bacarıblar.
Bu acı günlərdə Türkiyənin yanında olmaq hər birimizin müqəddəs borcudur. Hər birimiz insanların həyatını itirməsini acılar içində qarşılayır, hadisələri yaxından izləyirik.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı