XX əsrin sonlarında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra da bu müstəqilliyi tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti oldu. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev isə bu dostluq və qardaşlığı daha da dərinləşdirərək "Bir millət iki dövlət" mərhələsinin əsasını qoydu. Bu gün də Azərbaycan - Türkiyə münasibətləri əvvəlki kimi yüksələn xətt üzrə inkişaf edir. Tarixən bu iki qardaş dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Xüsusilə qeyd ediləcək məqam ondan ibarətdir ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı dövlətimizin başçısı cənab İlham Əliyev həyata keçirdiyi müdrik və bənzərsiz siyasət nəticəsində Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı, dostluq və əməkdaşlığı bütün dövrlərdən fərqli olaraq hazırda ən yüksək pik həddə çatmışdır.
Qardaş Türkiyə dövləti Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək nümayiş etdirmiş, daim can Azərbaycanın yanında olduğunu bildirmişdir. Eyni siyasi iradəni, mənəviyyatı, cəsarət və qətiyyəti Azərbaycan dövləti də nümayiş etdirir. Bu il Türkiyədə baş verən təbii fəlakət nəticəsində on minlərlə Türkiyə vətəndaşı öz həyatını itirdi. Azərbaycan hadisənin nəticələrinin aradan qaldırılmasının son gününədək qardaş Türkiyənin yanında oldu. Bu addımlar bir daha onu göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!
Cari ilin 16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak etmişdir. Təşkilatda olan digər qardaş ölkələrin rəhbərləri kimi Prezident İlham Əliyev də geniş və məzmunlu çıxışında tarixi faktları təqdim etdilər. Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamları qeyd edərək, Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Eyni zamanda dünyaya Qarabağla bağlı mühüm mesajlar verdi. Bu isə bir daha onu göstərdi ki, cənab Prezidentimiz döyüş meydanında düşmənə diz çökdürdüyü kimi diplomatiyada da erməni separatçılarına və onların riyakar havadarlarına sarsıdıcı zərbələr vurdu.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.
Prezident İlham Əliyev Ermənistan siyasi rəhbərliyinin hələ də Üçtərəfli bəyanatın şərtlərinə əməl etmədiyini və bunun da məhz onlar üçün müsbət sonla nəticələnməyəcəyini diqqətə çatdırıb.
Bəli, biz “Böyük Qayıdış” proqramına əsasən öz doğma torpaqlarımıza qayıdırıq. Və cənab Prezidentin vurğuladığı kimi, biz necə ki, Qarabağda erməni azlıqlarının hüquq və təhlükəsizliyini təmin ediriksə, eləcə də Qərbi Azərbaycandan olan həmvətənlərimizin təhlükəsizliyi, hüququ həmin torpaqlarımızda da təmin edilməlidir. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi bu tarixi dərslərdən bir nəticə çıxaracaq, çünki artıq əks addımların atılması monoetnik Ermənistanın zərərinə səbəb olacaqdır.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri