Rəqəmsal inkişafın institusional əsasları

Azərbaycanda rəqəmsal transformasiya siyasətinin daha sistemli, əlaqələndirilmiş və nəticəyönümlü şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası ölkənin texnoloji inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını təşkil edir. Prezident İlham Əliyevin müəyyən etdiyi rəqəmsal inkişaf prioritetlərinin vahid platformada əlaqələndirilməsi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və qəbul olunan strateji qərarların icrasına nəzarətin təmin edilməsi baxımından Şuranın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu institut dövlət idarəçiliyində rəqəmsal transformasiyanın vahid yanaşma əsasında həyata keçirilməsini təmin edən əsas koordinasiya mexanizmi kimi çıxış edir.

2026-cı il iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən islahatların yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində həyata keçirilən qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edildi. Bu məsələlərin vahid platformada qiymətləndirilməsi bir daha göstərdi ki, rəqəmsal transformasiya artıq yalnız informasiya texnologiyaları sahəsini deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın, sosial sahənin və insan kapitalının inkişafını əhatə edən kompleks dövlət siyasətidir.

İclasda çıxış edən Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın uğurlu icrası Şuranın əsas fəaliyyət istiqamətini təşkil edir. O qeyd etdi ki, dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və innovasiya ekosisteminin inkişaf etdirilməsi qarşıdakı illərdə dövlət siyasətinin başlıca prioritetləri olacaq. Eyni zamanda, innovativ sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların cəlb edilməsi, startap ekosisteminin dəstəklənməsi və milli texnoloji potensialın artırılması istiqamətində həyata keçiriləcək tədbirlərin Azərbaycanın rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayacağı bildirildi. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusilə süni intellekt texnologiyalarının gələcək inkişafda strateji əhəmiyyətini qeyd edərək vurğuladı ki, bu sahədə qəbul edilən bütün qərarlar Azərbaycanın milli maraqları, rəqəmsal suverenliyi və uzunmüddətli inkişaf məqsədləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu yanaşma Azərbaycanın yalnız yeni texnologiyaların istifadəçisi deyil, eyni zamanda onların təhlükəsiz, məsuliyyətli və milli maraqlara uyğun tətbiqini təmin edən dövlət kimi formalaşmaq niyyətini nümayiş etdirir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə iclasda Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilən konkret layihələr barədə ətraflı məlumat verdi. Bildirildi ki, dövlət qurumları üzrə rəqəmsal transformasiya yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin mərhələli şəkildə Hökumət Buludu platformasına köçürülməsi, "mygov" və "mygov Biznes" platformalarının funksional imkanlarının genişləndirilməsi, dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun qurulması istiqamətində sistemli işlər davam etdirilir. Bu layihələrin əsas məqsədi dövlət xidmətlərinin daha operativ, şəffaf, təhlükəsiz və vətəndaşyönümlü formada təqdim edilməsini təmin etməkdir.

İclas zamanı Prezidentin köməkçisi Şahmar Mövsümov tərəfindən rəqəmsal inkişaf sahəsində hazırlanmış genişmiqyaslı qanunvericilik islahatları haqqında da ətraflı məlumat verildi. Qeyd olundu ki, innovasiya iqtisadiyyatının inkişafını sürətləndirəcək yeni hüquqi mexanizmlər hazırlanır və bu islahatlar qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılır. Hazırlanan qanunvericilik paketi rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, startap ekosistemi, vençur kapitalı, texnologiya transferi və rəqəmsal iqtisadiyyatın digər istiqamətlərini əhatə etməklə Azərbaycanın texnoloji inkişafı üçün müasir hüquqi baza yaradacaq.

Şuranın iclasında təhsil sisteminin rəqəmsal transformasiyası da xüsusi diqqət mərkəzində saxlanıldı. Elm və təhsil naziri Emin Əmrullayev "Rəqəmsal məktəb" layihəsinin icrası, elektron təhsil xidmətlərinin genişləndirilməsi, təhsil prosesində rəqəmsal texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verdi. O vurğuladı ki, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri artıq yüz minlərlə şagirdi əhatə edir və ölkənin gələcək innovasiya potensialını formalaşdıran əsas insan kapitalının hazırlanmasına xidmət edir.

Rəqəmsal İnkişaf Şurasının ilk iclası bir daha nümayiş etdirdi ki, Azərbaycanda həyata keçirilən rəqəmsal islahatlar ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji inkişaf konsepsiyasına əsaslanan kompleks dövlət siyasətidir. Rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəsizlik və təhsilin rəqəmsal transformasiyası bir-birini tamamlayan istiqamətlər kimi vahid idarəetmə modeli çərçivəsində həyata keçirilir. Bu yanaşma Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna uyğun olaraq Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və ölkənin regionun aparıcı texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsinə möhkəm zəmin yaradır.

Şahin Seyidzadə

Milli Məclisin deputatı