Dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibədə COP-29-un keçirilməsi barədə mesajlar dəqiq olmaqla yanaşı, məhz dünya ölkələrinin yekdil qərarı ilə tədbirə evsahibliyi etməsi üçün rəsmi Bakının seçilməsinin bir daha nə qədər doğru və məntiqli olmasını nümayiş etdirdi.
Məhz COP-29-a Azərbaycanın evsahibliyi etməsinin həm ölkəmiz, həm də dünya üçün olduqca vacib əhəmiyyəti var.
Ekologiyanın qorunmasında, bu sahədə zərərvurmanın minimum həddə endirilməsində, eləcə də ekoloji maarifləndirmənin həyata keçirilməsində Konfrans ən nüfuzlu tədbirdir. Bu gün ekoloji tarazlığın pozulması ilə yanaşı ölkələr arasındakı fikir ayrılıqları, qütbləşmələr özünü bir neçə fərqli kontekstdə göstərir.
Hansısa ölkələri sırf təbii sərvətlərə malik olmasına görə ayrı-seçkiliyə məruz qoymaq, ittiham etmək qəbulolunmazdır. Bu gün ölkəmiz təbii sərvətlərindən məqsədəuyğun şəkildə istifadə etməklə yanaşı, ekologiyanın qorunması, “yaşıl enerji” kimi mühüm sahələrdə aktiv iştirak edir, bu tədbirlərin davamlılığını təmin etmək məqsədilə COP-29 kimi vacib tədbiri təşkil edir. Daxili və xarici kontekstdən qiymətləndirsək, tədbir özündə bir neçə vacib detalı müəyyənləşdirir.
İlk növbədə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına həsr olunmuş iclasın ilki Berlində keçirilib, daha sonra dünyanın böyük şəhərlərində davam edən Konfransın Dubayda 28-cisi təşkil olunub. Nəhayət ki, estafet Azərbaycana ötürülərkən ölkəmiz bir daha dünyanın diqqət mərkəzinə düşüb. Xüsusilə bir məqamı xatırlamaq yerinə düşər ki, Azərbaycanın COP-29-a evsahibliyi etməsi ilə bağlı namizədliyi irəli sürülərkən Ermənistan ölkəmizin namizədliyi ilə barışmış, etiraz etməyib.
İkincisi, COP-29-un yekdil qərar ilə rəsmi Bakıya həvalə olunması həm də ölkəmizin qazandığı tarixi qələbənin bir daha dünya tərəfindən qəbulunu göstərir. Belə ki, 4 il bundan əvvəl Azərbaycan tarixi torpaqlarını düşmən işğaldan azad etdi, bir neçə ay əvvəl isə ərazi bütövlüyünü tam bərpa və suverenliyini bərqərar etdi. Belə bir tədbirə ölkəmizin evsahibliyi etməsi qazandığımız qələbənin beynəlxalq aləm tərəfindən tanınmasıdır.
Üçüncüsü, Azərbaycan təklif etdiyi humanitar təşəbbüslərlə beynəlxalq aləmdə mühüm yer tutub. Qoşulmama Hərəkatı kimi 120-dən artıq ölkəni özündə birləşdirən bir təşkilata ölkəmizin uğurla rəhbərlik etməsi, məhz təşkilata üzv dövlətlərin birgə qərarı ilə Azərbaycanın sədrliyinin 1 il daha uzadılması ölkəmizin qazandığı nüfuzu göstərir. Məhz Azərbaycan Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdiyi bu 4 il Hərəkatın işinə verdiyi xüsusi töhfə ilə yadda qaldı. Dövlət başçısının təşəbbüsü ilə Hərəkatın Parlamentlər Şəbəkəsinin yaradılması isə Hərəkata üzv dövlətlərin qanunverici hakimiyyətini öz çətiri altında birləşdirir. Peyvənd milliyyətçiliyinə son qoyulması məqsədilə və aşağı gəlirli ölkələrin peyvəndə əlçatanlığının təmin olunması ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması beynəlxalq təşəbbüslərə verilən töhfədir.
Ölkəmizin COP-29-u təşkil etməsi ilə yanaşı Konfransın fəaliyyətinə verəcəyi növbəti töhfə isə Üçlük mexanizminin yaradılması olacaq. Belə ki, Azərbaycan, Brazilya və Birləşmiş Ərəb Əmirliklərini öz çətiri altında birləşdirəcək bu əməkdaşlıq formatı özündə müxtəlif coğrafiyaları, iqtisadiyyatı birləşdirən bir mexanizm olacaq və Təşkilatın gələcək fəaliyyətinə töhfə verəcək.
Eləcə də Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsində böyük təcrübəsi var. Daha əvvəl evsahibliyi etdiyi Qoşulmama Hərəkatının iclasları, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu sahədə bizə beynəlxalq təcrübəni qazandırıb. Ona görə də rəsmi Bakının namizədliyini dəstəkləyənlər əmindirlər ki, COP29-u yüksək səviyyədə təşkil olunacaq.
Adil Əliyev, vitse-spiker