“Ən-Nəsr”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu Səudiyyə klubundan ayrılmaq niyyətində olmadığını və növbəti mövsümdə ilk kuboku qazanmaq əzmində olduğunu açıqlayıb.
Onun komandası bu mövsüm çempionluq yarışını “Əl İttihad”a uduzaraq kuboksuz qalıb.
“Mən xoşbəxtəm, burada oynamaq istəyirəm və oynamağa davam edəcəyəm. Fikrimcə, görmək istədikləri işləri davam etdirsələr, o zaman yaxın 5 ildə Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı 5 liqasına daxil ola bilər. Bu mövsüm nəsə qazanacağıma ümid edirdim, amma alınmadı. Lakin mən çox pozitivəm və əminəm ki, hər şey dəyişəcək və yaxşılığa doğru gedəcək. Gəlin buna inanaq və bu istiqamətdə çalışaq”, - deyə idmançı Səudiyyə Ərəbistanı çempionatının “YouTube” kanalına müsahibəsində bildirib.
Xatırladaq ki, 38 yaşlı portuqaliyalı bu il yanvarın 2-də “Ən-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.