Niyə keçid
etməkdə çətinlik çəkirik? Yeni elitanin formalaşmasi zərurəti
Son zamanlar Azərbaycan cəmiyyətinin son 35
ildə keçdiyi inkişaf yolunu düşünərkən onu şərti olaraq dörd mərhələyə bölməyin
mümkün olduğu qənaətinə gəlmişəm. Bu, tarixi hadisələrin tam və qəti təsnifatı
deyil. Daha çox cəmiyyətin inkişaf tendensiyalarını anlamağa kömək edən bəlkə
də sosioloji bir modeldir. Ola bilər ki, bu bölgü ilə hər kəs razılaşmasın.
Amma düşünürəm ki, müzakirə üçün maraqlı çərçivədir.
Mən bu mərhələləri belə görürəm:
I. Xaos
mərhələsi (1991–1993) – Mütəllibov və Elçibəy dövrü
SSRİ dağıldı, Azərbaycan müstəqillik
qazandı. Lakin dövlət institutları hələ formalaşmamışdı. Qarabağ müharibəsi,
iqtisadi böhran, siyasi qarşıdurmalar, tez-tez dəyişən hakimiyyət, idarəçilik
təcrübəsinin olmaması cəmiyyəti dərin qeyri-müəyyənliyə sürükləmişdi.
Bu dövrü "xaos"
adlandırarkən bunu ittiham kimi yox, dövlət quruculuğunun ağrılı doğuluş
mərhələsi kimi qəbul edirəm. O zaman əsas məsələ inkişaf yox, dövlətin özünün
ayaqda qalması idi.
II. Sabitlik
mərhələsi (1993–2003) – Heydər Əliyev dövrü
Bu mərhələdə cəmiyyətin əsas
ehtiyacı azadlıqdan çox təhlükəsizlik və nizam idi. Dövlət institutları bərpa
olundu, mərkəzləşmiş idarəetmə gücləndi, vətəndaş müharibəsi təhlükəsi aradan
qaldırıldı, neft strategiyasının əsası qoyuldu.
Bəzən sabitlik kiçik görünür.
Halbuki xaos yaşamış cəmiyyətlər üçün sabitlik özü böyük nailiyyətdir.
Sabitlik olmadan inkişaf mümkün
deyil.
III.
Stabillik mərhələsi (2003–2020) – İlham Əliyevin müharibədən əvvəlki dövrü
Bu arada deyim ki, mən
"sabitlik" və "stabillik" anlayışlarını fərqli qəbul
edirəm.
-
Sabitlik
– dağınıqlığın qarşısını almaqdır.
-
Stabillik
isə artıq qurulmuş sistemin proqnozlaşdırılan şəkildə işləməsidir.
Bu dövrdə iqtisadi artım baş verdi,
infrastruktur quruldu, beynəlxalq nüfuz artdı.
Lakin stabilliyin bir paradoksu var:
sistem özünü qorumağa o qədər fokuslanır ki, yenilənmə qabiliyyəti zəifləyə
bilir.
IV. Dinamik
inkişaf mərhələsi (2020-dən sonra) – gözlənilən, lakin tam keçə bilmədiyimiz
mərhələ
44 günlük Vətən müharibəsindən sonra
Azərbaycanın qarşısında yeni tarixi imkan yarandı. Artıq əsas sual dövlətin
mövcudluğu deyil.
Əsas sual belədir: "Biz
bundan sonra necə inkişaf edəcəyik?"
Məncə, postmüharibə dövrünün əsas
çağırışı dinamik inkişaf mərhələsinə keçid olmalıdır. Dinamik inkişaf nədir? Bu,
sadəcə iqtisadi artım deyil.
Bu:
- innovasiya deməkdir;
- yeni ideyalar deməkdir;
- gənclərin irəli çəkilməsi
deməkdir;
- çevik institutlar deməkdir;
- təşəbbüsün təşviq olunması
deməkdir;
- səhvlərdən öyrənən sistem
deməkdir;
- bilik iqtisadiyyatı deməkdir.
Lakin mənə elə gəlir ki, biz bu
keçidi edərkən müəyən maneələrlə rastlaşırıq.
Bəs
niyə?
Məncə, əsas səbəblərdən biri
keyfiyyətli və daim yenilənən elitanın kifayət qədər formalaşmamasıdır.
Burada "elita" dedikdə
varlı və ya vəzifəli insanları nəzərdə tutmuram.
Əsl elita:
- peşəkarlığı ilə nümunə olan,
- cəmiyyətə istiqamət verən,
- ictimai məsuliyyət daşıyan,
- yeni ideyalar yaradan,
- gənclərə yol açan,
- xidmət etməyi bacaran
insanlardır.
Sağlam cəmiyyətlərdə elita daim
yenilənir.
Əgər yenilənmə baş vermirsə, sistem sabit qala bilər, amma dinamik inkişaf zəifləyir.

Elita
necə formalaşır?
Bu sual üzərində düşündükcə daha bir
maraqlı nəticəyə gəlirəm.
Bizdə çox vaxt elitanı "yuxarıdan
seçilən insanlar" kimi təsəvvür edirlər.
Halbuki inkişaf etmiş ölkələrdə
elita çox vaxt aşağıdan – peşə institutlarının içindən yetişir.
Mən bu institutları metaforik olaraq
belə adlandırmaq istərdim: "Elita formalaşdıran intellektural fabriklər."
Bəli, “fabriklər”.
Çünki onlar sistemli şəkildə:
- peşəkar standartlar yaradır,
- etik normaları müəyyən edir,
- gəncləri yetişdirir,
- ekspertlər formalaşdırır,
- ictimai nüfuz qazandırır,
- liderlər yetişdirir.
Azərbaycanda
vəziyyət necədir?
Bizdə Vəkillər Kollegiyasını çıxmaq
şərtilə peşə və yaradıcı birliklərin əksəriyyəti QHT statusundadır. Psixoloqlar,
müəllimlər, jurnalistlər, yaradıcı birliklər, müxtəlif peşə assosiasiyaları...
Onların əksəriyyəti:
- könüllülük prinsipi ilə
işləyir;
- məhdud resurslara malikdir;
- peşə standartlarını tətbiq
etmək səlahiyyətinə malik deyil;
- dövlət siyasətinə sistemli
təsir göstərə bilmir.
Nəticədə peşəkar nüfuz çox zaman
institusional deyil, şəxsi xarakter daşıyır.
Bəs
inkişaf etmiş ölkələrdə necədir?
Almaniyada həkimlər, memarlar,
əczaçılar və sahibkarlar xüsusi ictimai-hüquqi palatalar şəklində fəaliyyət
göstərirlər.
Onlar:
- peşəyə girişdə iştirak edir,
- etik nəzarət həyata keçirir,
- davamlı təhsili təşkil edir,
- dövlət siyasətinə tövsiyələr
verir.
Böyük Britaniyada peşə institutları
"Royal Charter" sistemi ilə xüsusi nüfuza malikdir.
ABŞ-da bir çox peşə birlikləri
hüquqi baxımdan qeyri-kommersiya təşkilatları olsalar da, onların ictimai
çəkisi çox böyükdür. Akkreditasiya aparır, standartlar müəyyən edir, siyasətə
təsir göstərirlər.
Fransada isə həkimlər və digər
peşələr üçün "Ordre" sistemi mövcuddur və bu qurumlar peşəkar
özünüidarəetmə funksiyasını həyata keçirirlər.
Diqqət edin. Heç bir ölkədə model
tam eyni deyil. Amma hamısında ortaq bir xüsusiyyət var: Onlar elita
formalaşdıran “fabriklərdir”.
Bizə
nə lazımdır?
Mən düşünmürəm ki, bütün peşə
birlikləri mütləq dövlət qurumuna çevrilməlidir. Əksinə.
Bəlkə də Azərbaycana uyğun model
belə ola bilər:
- Güclü və müstəqil peşə
birlikləri;
- Qanunla tanınmış ictimai-hüquqi
status;
- Dövlətlə peşə arasında
institusional dialoq;
- Sertifikatlaşdırma və etik
nəzarət mexanizmləri;
- Gənc liderlər üçün açıq
yüksəliş imkanları;
- Universitetlər, QHT-lər və peşə
birlikləri arasında əməkdaşlıq.
Belə olan halda elita yuxarıdan
təyin edilməz. Cəmiyyətin içindən yetişər.
Ən
vacib sual isə budur:
Azərbaycan sabitliyi qoruyaraq
yenilənə biləcəkmi? Çünki dinamika xaosa qayıdış deyil. Dinamika – sabitliyin
üzərində qurulan yenilənmədir.
Əgər biz peşəkar özünüidarəetmə
institutlarını gücləndirə bilsək, universitetləri, peşə birliklərini, QHT-ləri
və yaradıcı birlikləri həqiqətən "elita formalaşdıran fabriklərə"
çevirə bilsək, postmüharibə dövrü Azərbaycanın yeni inkişaf mərhələsinin
başlanğıcı ola bilər.
Əks halda, biz uzun müddət stabillik
içində qala bilərik, amma dinamikanı tam hiss edə bilmərik.
Bu yazı hökm deyil. Bu, bir düşüncə
təklifidir. Bəlkə də razılaşmayacaqsınız. Bəlkə də bu mərhələləri fərqli
adlandıracaqsınız. Amma məncə, XXI əsrin Azərbaycanı üçün ən vacib suallardan
biri budur: Azərbaycanın növbəti inkişaf mərhələsini hansı elita
formalaşdıracaq? Və o elitanı yetişdirən “fabriklər” harada olacaq?
Kamil Həmidov
“Psixoloji İnkişaf və Maarifləndirməyə
Dəstək” İctimai Birliyinin sədri