“Ötən gün Ermənistanın Laçın rayonu istiqamətində hərbi təxribat törətməsi bir daha göstərir ki, bu dövlət hələ də işğal arzularından əl çəkə bilmir. Elə hesab edirlər ki, guya nəyəsə nail ola biləcəklər. Amma, gəlin, 30 illik işğala son qoyan “Dəmir yumruq” əməliyyatına, ondan sonra baş verən digər hərbi təxribatlara nəzər salaq. Hamısında nəticə eynidir: işğalçı dövlətə artıqlaması ilə layiqli cavab verilib. Aprelin 11-də törədilən təxribatın qarşısı da qətiyyətlə alındı, düşmən xeyli sayda itki verdi. Ermənistan nədənsə törətdiyi bu təxribatların nəticələrini dərindən təhlil edib özləri üçün lazımi dərs çıxarmır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, son zamanlar müntəzəm xarakter alan bu kimi erməni təxribatları bir daha təsdiqləyir ki, haylar birmənalı şəkildə sülhdən yayınır: “Amma buna baxmayaraq, Nikol Paşinyan başda olmaqla digər erməni rəsmiləri utanmadan sərsəm bəyanatlar səsləndirərək Azərbaycanı ittiham edirlər. Amma bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək məğlub tərəfə sülh müqaviləsi təklif etdi. Bu günə qədər həmin təklifdən boyun qaçıran, sülhdən yayınan da Ermənistandır. Nikol Paşinyan, Ararat Mirzoyan və başqalarının boşboğazlıq edərək utanmadan öz günahlarını Azərbaycanın üstünə yıxması onların əsl simasını ortaya qoyur. Həmçinin qeyd edim ki, onlar vaxtı uzatmaqla vəziyyətin dəyişəcəyinə, kimlərinsə onlara kömək edəcəyinə ümid bəsləyirlər. Hətta Avropa İttifaqının missiyasını görüb kişiləşməyə cəhd edirlər. Bir az da irəli gedərək KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Bu yolla yenidən ənənəvi təcavüzkar, işğal planlarını reallaşdıra biləcəyi arzusu ilə sayaqlayırlar. Və belə mənasız, boş xəyallarla öz ölkələrini məhvə sürükləyirlər”.
“Bu, hamıya bəllidir ki, Azərbaycan güclü dövlətdir, regionun lideridir, böyük söz sahibidir, böyük qələbələrə imza atmış, təcrübəli Ordusu var. Ona görə də həm Ermənistan, həm də onlara bacım deyən havadarları vəziyyəti düzgün qiymətləndirməli, baş verənlərdən dərin nəticə çıxarmalıdırlar. Əks təqdirdə, təbii ki, əvvəlkilərdən də artıq əvəz ödəyəcəklər”, - Milli Məclisin deputatı vurğulayıb.