Sanki uca Allah Azərbaycanımıza öz nurundan bəxş edib. Ölkəmizin hər yeri, bölgəsi pirlər, övliyalarla zəngindir. Əhali də haqqa bağlı, dininə sadiqdir. İnsanlar arasında pirə, övliyalara bağlılıq o qədər böyükdür ki, çox vaxtı əzizlərinin canına deyil, pirlərə, şıxlara and içirlər. Müşkül işləri, ağrılı problemləri olarkən Allah rizası üçün pirlərə, şıxlara nəzir-niyaz deyirlər. Allahın o pirə olan kəraməti o qədər böyükdür ki, nəzir-niyaz deyənlərin diləkləri əksər hallarda hasil olur. İnsanlar da vədlərinə əməl edib, pirləri, şıxları ziyarət edib, nəzir-niyazlarını pirlərin üstünə qoyurlar, bəzi hallarda qurbanlar kəsib, qohum-qonşuya, kasıblara paylayırlar.
Şirvanın “Məkkə”si Şeyx Eyyub Baba Ziyarətgahı
Azərbaycanın hər yerindən, müəyyən hallarda isə yaxın, uzaq xarici ölklərdən ziyarətinə üz tutulan pirlərdən biri də Şeyx Eyyub Baba piridir. Çox vaxtı insanlar Şeyx Eyyub Baba pirini Şirvanın “Məkkə” si adlandırırlar. Şirvanın “Məkkə”si Şamaxı-Bakı yolunun 10-cu kilometrliyində Acıdərə çayı deyilən ( hazırda o çaydan əsər-əlamət yoxdur. Yəqin ki, zamanında o yedən çay keçib-red.) adlanan ərazinin yaxınlığında yerləşir. Şeyx Eyyub Babanın əsabəsinin Səudiyyə Ərəbistandan gəlib, Әrəbqədim kəndində məskunlaşdığı bildirilir. 1730-cu ildə anadan olan Şeyx Eyyub Baba tanınmış sufi şeyxlərindən - övliyalarından olub. Xeyirxahlığı, müdrikliyi ilə seçilib, bəzi hallarda insanlara şəfa verib, müəyyən xəstəliklərdən sağalmalarına yardımçı olub. Yazılı mənbələri nəzərdən keçirərkən məlum olur ki, Şeyx Eyyub Baba 1796-cı ildə vəfat edib. Sevilən, seçilən övliya olduğu üçün insanlar onun məzarını ziyarətgaha çevirirlər. 1832-ci ildə məzarı üzərində türbə tikilmişdir. Bu gün də türbə öz qədimliyini qoruyub saxlayır. Bu gün də imanlı, inanclı insanlar Şeyx Eyyub Baba ziyarətgahına üz tuturlar. Hər gün ziyarətgahda qələbəlikdir, ziyarətçilər qurban kəsir, nəzir-niyaz paylayırlar. Ziyarətçiləri hörmət -izzətlə qarşılayıb, onlara xidmət göstərənlər isə Şeyx Eyyub Babanın nəslindən olan insanlardır. Ərazidə təmizliyin aparılması, türbələrdə səliqə-sahmanın yaradılması, ziyarətçilərin çay dəmləmək üçün samovarla, yemək bişirmək üçün qazanlarla və digər zəruri vasitələrlə təmin olunmasını Şeyx Eyyub Baba nəslində olub, orada dini icmanın rəbəri vəzifəsini icra edən Hacı Mürşüd Babaoğludur. Həqiqətən də elə Şeyx Eyyub Babamıza layiq hacıdır, övliyə şəcərəsindən olan mömindir. Hacı Mürşüd Babaoğlu hər bir ziyarətçini özü şəxsən qarşılayır, lazımi köməkliklər göstərir. Ona görə də, Şirvanda Hacı Mürşüd Babaoğluya insanlar tərəfindən hörmət və rəğbət çox böyükdür.
Ziyarətgahın səmtini göstərən dəmir lövhəni sökən müsəlmandırmı?
Uzun illərdən sonra ötən həftə Allah dərgahında yüksək məqam sahibi olan Şeyx Eyyub Babamızın məzarını ziyarət etmək üçün yol aldıq ziyarətə. Təəssüf ki, ziyarətə çatmaq asan olmadı. Bakı-Şamaxı yolunun 10-cu kilometrliyində məlum oldu ki, magistral yolun əks istiqamətinə keçmək üçün avtomobilimizin qanadları yoxdur. Beton piltələr yolu iki yerə ayırdığından, 15-20 kilometrlikdə yerləşən “Təklə” deyilən dairə yolu keçib ziyarətgaha dönməliyik. Başqa çıxış yolu olmadığından qaydaya əməl edirik. Dairəvi yoldan Bakıya doğru 15-20 kilometr yol qət edib, nəhayət magistral yoldan ziyarətgaha dönürük. Bu dəfə də çaş-baş qalırıq. Ziyarətgahın səmtini göstərən dəmir lövhə ərazidən götürülüb. Müəmmalı məsələnin səbəbini öyrənməyə imkanımız olmasa da, sonradan dedilər ki, Ziyarətgahın səmtini göstərən dəmir lövhəni Qobustan rayonun icra hakimiyyəti başçısının müavini Allahyar Qəhrəmanov sökdürüb. Onu da dedilər ki, Allahyar Qəhrəmanovun pirlərə, övliyalara qarşı qısqanclığı var. Bu isə el -obada deyildiyi kimi, yekəxanalıqdır, dəyərlərimizə qarşı açıq hörmətsizlikdir. Dövlətimiz, xüsusilə də Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva məscidlər tikdirir, pirləri, şıxları, tarixi abidələri, memarlıq nümunələrini təmir etdirir, dəyərlərimizə sahib çıxmağı nümayiş etdirir, burada Qobustan rayonunun hikkəli, iddialı məmurları ziyarətgahın normal fəaliyyət göstərməsinə əngəllər yaradırlar.
Narahat yol, aradan qaldırılmasına ümid edilən problemlər
Güclü sel sularının yuyub, böyük çala-çuxurlar yaratdığı torpaq yolla hərəkət edib, nəhayət ziyarətgaha çatdıq. Sanki ziyarətgahda həyat fərqli, nəfəs almaq başqa idi. İnsanlar da adamın gözünə başqa cür görünürdü. Hər kəs bir-birinə gülümsünür, -Allah ziyarətinizi qəbul etsin- deyib yanından keçirdilər. Ürəyimdə -Allahım, sən gözəl Allahsan, Sənin kəramətinə çox şükür-deyib, Babamın məzarını ziyarətə getdim. Mən də nəzirimi qoydum, təbii ki, ailəm, uşaqlarım və xalqım üçün dualar etdim. Babamızın nəslindən olan mömin bəndələrin də məzarlarını ziyarət etdikdən sonra, ziyarətgaha qayıtdım. Qurbanlarımız kəsildi, ocaqlarımız qalandı, qazanlarımız qaynadı, yeməkdən sonra samovar çayından içib Şeyx Eyyub Babamızın ruhuna dualar oxuduq. Açığı çörək yeyəndə, çay içəndə, söhbət edəndə özümdən asılı olmadan fikirlərə qərq olmuşdum. Düşünürdüm ki, nədən hər gün yüzlər insanın üz tutduğu, avtomobillərin hərəkət etdiyi ziyarət yolu baxımsız olmalıdır, nəyə görə ziyarətgahın səmtini göstərən dəmir lövhə sökülməlidir? Nəhayət zaman ayırıb Ziyatgahın Dini İcmasının rəhbəri, Şeyx Eyyub Babanın nəslinin yadigarlarından olan Hacı Mürşüd Babaoğluna yaxınlaşıb, onunla həmsöhbət oldum. O, əsl möminlərə xas olaraq giley-güzar etməkdən, yayındı. Sadəcə dedi ki, magistral yolun üzərində Ziyarətgahın səmtini göstərən dəmir lövhəni sökməklə Qobustan rayonun icra hakimiyyəti başçısının müavini Allahyar Qəhrəmanov yanlışlığa yol verib, yəqin ki, yanlışlıq tez bir zamanda aradan qalxar. Hacı Mürşüd Bababoğlu ona da ümidvar olduğunu bildirdi ki, dövlətimizin dəstəyi ilə Ziyarətgahında yolu təmir olunar və Şamaxı Cümə Məscidində, Pirsaat Baba ziyarətgah-məscid kompleksində və digər məscidlərdə, ziyarətgahlarda olduğu kimi Şeyx Eyyub Baba Ziyarətgahında da təmir-tikinti işləri aparılar. Bir qədər söhbətdən sonra babamızın mömin yadigarı ürəyini açdı, problemlərin səbəbini də anlatdı. Sonda da dedi ki, danışdıqları, dedikləri mətbuat üçün deyil. Sadəcə ürək qızdırıb, üzləşdikləri süni problemləri, maneələri dilə gətirir. Biz də sözümüzü tutub, Hacının söylədiklərini qeyd etmirik, Sadəcə ümid edirik ki, Hacı Mürşüd Babaoğlunun böyüklüyü qarşısında kiçik məmurlar Ziyarətgaha qarşı hörmətsiz münasibətlərindən, qərəzli yanaşmalarından əl çəkəcəklər. Unutmaq olmaz ki, məscid həm də Allah evi sayılır, pirlər, övliyalar bizlərə əmanətdirlər. Əmanətimizə sahib çıxmağı, ona hörmət və rəğbət göstərməyi isə Birinci vitse- prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xeyirli, gərəkli fəaliyyətindən, əməllərindən öyrənməliyik.
İ.ƏLİYEV