"Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi"

Artıq 2 ildir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü alnı açıq, başı dik, qalib kimi qeyd edir. 2020-ci ilin tarixi zəfər günləri, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz yaranma tarixini bir qədər qırğın, məğlub, torpaqları işğal altında olan biri kimi qeyd etsə də, lakin Vətən müharibəsində bütün bu mənfi yanaşmalar tamamilə aradan qalxdı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri təkcə Azərbaycan tarixi deyil, eyni zamanda dünya hərb tarixinə adını Müzəffər Ordu kimi yazdı. Məhz həmin tarixi zəfərin nəticəsində bu gün Azərbaycan Ordusu təkcə Cənubi Qafqaz deyil, eyni zamanda dünyanın güclü ordularından hesab edilir.

Təbii ki, Azərbaycan Ordusunun əldə etmiş olduğu tarixi zəfər, qələbənin kökündə orduya, ordu quruculuğuna göstərilən diqqət və qayğı, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ötən illər ərzində görülən işlər, atılan addımlar təşkil edirdi. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində ordumuzun daha da güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən amillərdən oldu. Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir.  Azərbaycab Silahlı Qüvvələrinin yaranma tarixinə nəzər salan millət vəkili qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olundu: "Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, Çar Rusiyası dövründə "Vəhşi Diviziya" adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırıldı.  1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirmiş və milli ordu ləğv olundu. 1991-ci ildə Azərbaycan müstəqililiyini bərpa etdikdən sonra, Ali Sovet tərəfindən, Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edildi".

Nəsib Məhəməliyev bildirib ki, 1998-ci il, may ayının 22-də Prezident Heydər Əliyev, 26 iyunu - Silahlı Qüvvələr Günü kimi qeyd olunması barədə fərman imzaladı: "Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir xalq üçün qürur mənbəyidir. Bu baxımdan, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının bəxti gətirmişdir. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu".

Millət vəkili onu da bildirib ki, Silahlı Qüvvələr Günü, ölkəmizdə ümumxalq bayramı statusunu qazanmışdır: "Silahlı Qüvvələrin hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Dövlət tərəfindən hər tərəfli qayğı göstərilir. Ordumuz günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir.  26 iyun Silahlı Qüvvələr Günü münasibətilə, başda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla, şəxsi heyətin hər bir üzvünü təbrik edirəm. Möhkəm can sağlığı, əmin-amanlıq, rifah arzulayıram".