ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycanda keçirilən seçkilər, ölkənin siyasi sistemi ilə bağlı qərəzli məlumatlar yayıb və bu da onun bir davamıdır. Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycanda insan hüquqları barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib. S.Novruzov qeyd edib ki, Azərbaycanda istər söz azadlığı, istərsə də peşə fəaliyyəti ilə bağlı heç kəs məsuliyyətə cəlb olunmayıb: "Sadəcə olaraq, bu və ya digər şəkildə bir neçə sahə ilə məşğul olanlar var. Onlar həm QHT yaradırlar, QHT vasitəsilə ayrı-ayrı ölkələrdən qrantlar alırlar, həm bu qrantları düzgün olmayan, öz təyinatına uyğun olmayan şəkildə istifadə edirlər, həm də vergidən yayınırlar və yaxud bu və ya digər şəkildə ayrı-ayrı kəşfiyyat orqanlarına məlumatlar ötürülməsi, dövlət sirrinin yayılması, hərbi sirlərin yayılması və başqa ölkələrə, xüsusilə də Ermənistana ötürülməsi ilə məşğul olurlar. Onlar gizli yolla Ermənistan ərazisinə keçir, orada müxtəlif insanlarla, o cümlədən təhlükəsizlik orqanlarında çalışan insanlarla görüşür və söhbətlər aparırlar. Bununla belə, hansı məsələlərlə məşğul olduqları ilə bağlı heç bir hesabat da vermirlər".
O bildirib ki, Azərbaycanda siyasi baxışına, söz azadlığına, fikir plüralizminə görə heç kim məsuliyyətə cəlb olunmayıb: "Əksinə, Azərbaycanda söz azadlığı həmişə qorunub. Azərbaycanda şahidi olmuşuq ki, jurnalistlərin və qəzetlərin fəaliyyəti ilə bağlı borclarının ödənilməsi dövlət tərəfindən həyata keçirilib, jurnalistlər mənzillə təmin olunub, jurnalistlərə birbaşa yardımlar edilib, qəzetlər dövlət tərəfindən maliyyələşib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycan haqqında, istər ölkədə keçirilən seçkilər, istərsə də Azərbaycanın siyasi sistemi ilə bağlı qərəzli və düzgün olmayan məlumatlar yayıb və bu da onun bir davamıdır. Bu da ondan irəli gəlir ki, Azərbaycanın bugünkü inkişafı, Azərbaycanda gedən islahatlar, ölkə iqtisadiyyatının güclənməsi, Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi və ölkədə olan ictimai-siyasi sabitlik onları narahat edir. Bu baxımdan Azərbaycana təzyiqlər göstərmək üçün belə fikirlər ortaya atırlar".