SMN modeli: insan təfəkkürünün inkişafından məsuliyyətli qərarvermə və yeni idarəçilik mədəniyyətinə doğru

İnsan həyatının bütün mərhələlərində seçim qarşısında qalır. Bəzən bu seçimlər gündəlik vərdişlərə, şəxsi münasibətlərə və fərdi davranışlara aid olur, bəzən isə bütöv kollektivlərin, müəssisələrin və cəmiyyətlərin gələcəyinə təsir göstərir. Şərait və miqyas fərqli olsa da, belə vəziyyətlərin ortaq cəhəti eynidir. İnsan mövcud vəziyyətin səbəblərini düzgün anlamalı, qarşısına qoyduğu məqsədi aydın müəyyənləşdirməli və seçdiyi yolun hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən düşünməyə çalışmalıdır. Məhz bu zərurət hadisələrə sistemli yanaşmanı, düşüncə ilə fəaliyyət arasında əlaqənin qurulmasını və qərarların nəticələrinə görə məsuliyyətin dərk edilməsini müasir dövrün mühüm tələblərindən birinə çevirir.

Bu baxımdan, düşüncə prosesini sadələşdirən, lakin hadisələrin mürəkkəbliyini nəzərdən qaçırmayan məntiqi çərçivəyə ehtiyac yaranır. Təklif edilən SMN modeli də məhz belə bir ehtiyacdan irəli gəlir. Onun məqsədi insanın problemi araşdırarkən hansı sualları verməli olduğunu, qərarın hansı əsaslarla qəbul edildiyini və nəticənin necə qiymətləndirilməli olduğunu aydınlaşdırmaqdır. Bu modelin ən üstün cəhəti onun sadə və hamıya əlçatan olmasıdır.

SMN modelinin düsturu üç əsas anlayış üzərində qurulur:

SMN = Səbəb → Məqsəd → Nəticə

Bu düsturda səbəb hadisənin və ya problemin hansı şəraitdə yarandığını, onu doğuran əsas amillərin nədən ibarət olduğunu müəyyənləşdirməyə yönəlir. Məqsəd həmin səbəblərdən çıxış edərək hansı vəziyyətə nail olmaq istədiyimizi ifadə edir. Nəticə isə seçilmiş məqsədə çatmaq üçün görülən işlərin faktiki təsirini, əldə olunan nəticələri və meydana çıxan əlavə dəyişiklikləri qiymətləndirməyə imkan verir. 

SMN modeli insanı yalnız baş verən hadisəyə münasibət bildirməklə kifayətlənmir, hadisənin mənşəyini araşdırmağa, gələcək istiqaməti müəyyənləşdirməyə və görülən işin real nəticəsini yoxlamağa çağırır.

Cəmiyyətin və dövlətin idarə olunmasında səbəblərin araşdırılması, məqsədlərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi üçün artıq müxtəlif analitik mexanizmlərdən istifadə edilir. Monitorinq və qiymətləndirmə sistemləri, statistik müşahidələr, audit, strateji planlaşdırma və risk təhlili bu istiqamətdə fərqli funksiyalar yerinə yetirir. Buna görə SMN-i mövcud institutları əvəz edən və ya indiyədək mövcud olmayan bütün problemlərin həllini təmin edən universal sistem kimi təqdim etmək düzgün olmazdı. Onun mümkün üstünlüyü müxtəlif fəaliyyət sahələrində istifadə oluna bilən sadə düşüncə ardıcıllığını ön plana çıxarmasındadır. Monitorinq sistemi məlumat toplaya, audit resursların istifadəsini yoxlaya, strateji planlaşdırma gələcək prioritetləri müəyyənləşdirə bilər. SMN isə bu proseslərin hər birində verilə biləcək əsas sualları bir məntiqi çərçivədə birləşdirə bilər: Nə üçün bu tədbirə ehtiyac yaranıb? Hansı məqsəd qarşıya qoyulub? Hansı nəticə əldə olunub və bu nəticə növbəti qərara necə təsir etməlidir?

Həyatda bu əlaqələr həmişə birbaşa və birmənalı olmur. Eyni səbəb müxtəlif şəraitlərdə fərqli məqsədlərin seçilməsinə gətirə bilər. Eyni məqsədə isə bir neçə vasitə ilə çatmaq mümkündür. Seçilən vasitələrin nəticəsi də mövcud şəraitdən, resurslardan, insanların davranışından və əvvəlcədən nəzərə alınmayan amillərdən asılı ola bilər. Buna görə SMN düsturu düşüncəni təşkil edən və qərarların əsaslandırılmasına kömək edən analitik çərçivə kimi nəzərdən keçirilməlidir.

İnsan düşüncəsində tez-tez rast gəlinən problemlərdən biri hadisənin görünən tərəfini onun əsas səbəbi ilə qarışdırmaqdır. Məsələn, bir müəssisədə işçilərin məhsuldarlığı aşağı düşürsə, bunu dərhal əməkdaşların məsuliyyətsizliyi ilə əlaqələndirmək ən asan yoldur. Lakin daha ətraflı araşdırma göstərsə ki, iş bölgüsü düzgün aparılmır, əməkdaşların vəzifələri aydın müəyyənləşdirilməyib, texniki vasitələr köhnəlib və ya rəhbərliklə işçilər arasında məlumat mübadiləsi zəifdir, onda ilkin qənaətin tam əsaslı olmadığı üzə çıxar. Bu halda yalnız işçilərdən daha çox səy tələb etmək problemin kökünü aradan qaldırmaya bilər. Əksinə, əlavə təzyiq iş mühitini pisləşdirərək məhsuldarlığın daha da aşağı düşməsinə və əlavə problemlərin üzə çıxmasına səbəb ola bilər.

Bu nümunə göstərir ki, səbəbi düzgün müəyyənləşdirmək qərarın keyfiyyətinə birbaşa təsir edir. Problem səhv müəyyənləşdirilərsə, məqsəd də yanlış istiqamətdə seçilə, hətta səmimiyyətlə həyata keçirilən tədbirlər arzuolunmaz nəticələr verə bilər. Buna görə səbəb axtarışı ilkin təəssüratların yoxlanmasını, alternativ izahların müqayisəsini və mövcud faktların təhlilini tələb edir.

Buradan belə nəticə çıxır ki, səbəbi araşdırmaq insanın öz ilkin qənaətinə şübhə ilə yanaşmasını da tələb edir. Bu, qərarsızlıq kimi qəbul edilməməlidir, düşüncənin keyfiyyətinə verilən əhəmiyyətdir. Sualın düzgün qoyulması, faktlarla fərziyyələrin ayrılması və alternativ ehtimalların nəzərə alınması məntiqi təhlilin vacib şərtləridir.

Səbəb aydınlaşdırıldıqdan sonra ikinci məsələ məqsədin müəyyən edilməsidir. Məqsəd fəaliyyəti istiqamətləndirir, resursların necə bölüşdürüləcəyini və hansı addımların prioritet sayılacağını müəyyənləşdirir. Bəzən insan problemin mahiyyətini həll etmək əvəzinə, onun zahiri əlamətlərini aradan qaldırmağa çalışır. Bəzən də qısamüddətli uğur uzunmüddətli inkişafdan daha üstün tutulur. Məsələn, bir məktəbin qarşısına şagirdlərin imtahan nəticələrini yaxşılaşdırmaq məqsədi qoyulduğunu təsəvvür edək. Əgər məqsəd yalnız yüksək bal toplamaq kimi başa düşülərsə, diqqət əsasən testlərin mexaniki həllinə və qısa müddətdə yadda saxlanılan məlumatların artırılmasına yönələ bilər. Ancaq məqsəd şagirdlərin bilikləri mənimsəməsi, müstəqil düşünməsi və öyrəndiklərini yeni vəziyyətlərdə tətbiq etməsi kimi müəyyənləşdirilərsə, tədris üsulları da fərqli olacaq. Birinci yanaşma müəyyən göstəricini yaxşılaşdıra bilər, ikinci yanaşma isə həmin göstərici ilə yanaşı daha davamlı öyrənmə bacarıqlarının inkişafına şərait yaradar.

Məqsəd aydın, ölçülə bilən və mövcud imkanlarla uzlaşan olmalıdır. Bununla yanaşı, onun sosial və etik tərəfləri də qiymətləndirilməlidir. Hər hansı göstəricinin yaxşılaşdırılması başqa mühüm dəyərlərin zəifləməsi hesabına baş verirsə, həmin məqsədin ümumi faydası yenidən nəzərdən keçirilməlidir.

SMN modelində məqsəd səbəblərin təhlilindən doğan və sonradan nəticələr vasitəsilə yoxlanılan qərar istiqaməti kimi nəzərdə tutulur.

SMN düsturunun üçüncü elementi olan nəticə əvvəlki iki mərhələnin nə dərəcədə əsaslı olduğunu üzə çıxarmağa kömək edir. İnsan məqsədini müəyyənləşdirə və həmin məqsədə çatmaq üçün ardıcıl tədbirlər görə bilər. Lakin görülən işin dəyəri yalnız sərf edilən zəhmətlə və ya niyyətin yaxşı olması ilə müəyyənləşmir. Əsas məsələ faktiki olaraq nə baş verdiyini, hansı dəyişikliklərin yarandığını və gözlənilənlə real nəticə arasında nə qədər fərq olduğunu qiymətləndirməkdir.

Məsələn, bir şəhərdə nəqliyyat sıxlığını azaltmaq üçün yeni yolun tikildiyini düşünək. İlk baxışda layihənin uğuru yeni yolun istifadəyə verilməsi və hərəkət zolaqlarının artması ilə ölçülə bilər. Lakin bir müddət sonra həmin əraziyə daha çox avtomobil axını yönələrsə, yaxın küçələrdə sıxlıq artarsa və ictimai nəqliyyatın hərəkəti çətinləşərsə, ilkin göstərici ilə mövcud vəziyyət arasında uyğunsuzluq yarana bilər. Burada nəticəni düzgün qiymətləndirmək üçün yalnız tikinti işinin başa çatması kifayet etmir, əsas nəqliyyat sisteminin ümumi vəziyyətinə, hərəkət vaxtına, təhlükəsizliyə və ətraf ərazilərə təsiri nəzərə almaq vacibdir.

Bu nümunə daha ümumi bir həqiqəti ortaya qoyur. Ayrı-ayrı göstəricilərin yaxşılaşması bütöv sistemin yaxşılaşması ilə həmişə eyni məna daşımır. Sistemli təfəkkür üzrə araşdırmalarda da qarşılıqlı əlaqələrin, dolayı təsirlərin və geribaxış mexanizmlərinin nəzərə alınmasının əhəmiyyəti vurğulanır. Bəzən qərarın müsbət təsiri dərhal görünmür, mənfi təsiri isə müəyyən vaxt keçdikdən sonra üzə çıxır. Digər hallarda bir sahədə əldə edilən üstünlük başqa sahədə əlavə çətinlik yarada bilər. Buna görə nəticənin qiymətləndirilməsi həm qısamüddətli, həm də uzunmüddətli təsirləri əhatə etməlidir.

Nəticəni qiymətləndirmək uğursuzluğu gizlətmək və ya əvvəlki qərarı nəyin bahasına olursa-olsun müdafiə etmək kimi qəbul edilməməlidir. Əksinə, nəticə gözləniləndən fərqli olduqda bunun səbəblərini müəyyənləşdirmək, yanlış fərziyyələri yeniləmək və növbəti qərarı daha əsaslı qurmaq imkanı yaranır. Belə yanaşmada səhv son nöqtə deyil, yeni məlumat mənbəyidir. Əsas şərt səhvi təkrarlamamaq üçün ondan düzgün nəticə çıxarmaqdır.

SMN modelinin əsas məntiqi yalnız “səbəb, məqsəd, nəticə” ardıcıllığından ibarət deyil. Onun daha mühüm tərəfi əldə edilən nəticənin növbəti düşüncə mərhələsinə başlanğıc verməsidir. Nəticə əvvəlki məqsədə münasibətdə yekun qiymətləndirmə ola bilər, lakin dəyişən həyat şəraitində o, yeni problemlər, yeni imkanlar və yeni məqsədlər də yaradır.

Burada nəticə inkişaf prosesini dayandırmır, əksinə onun növbəti mərhələsini formalaşdırır. Eyni məntiq insanın fərdi inkişafına da aiddir. İnsan müəyyən bilik və bacarıq əldə etdikdən sonra əvvəl fərqinə varmadığı problemləri görməyə başlayır. Yeni bilik onun suallarını, düşüncəsini, baxışlarını dəyişir, bunlar isə daha geniş öyrənmə ehtiyacı yaradır. Bu mənada inkişaf yalnız əvvəlcədən müəyyən edilmiş məqsədə çatmaq olmur, əldə edilən nəticələr əsasında öz məqsədlərini yenidən nəzərdən keçirilməsini şərtləndirir.

Məhz burada SMN modelinin çevikliyi üzə çıxır. O, insanı bir dəfə qərar verib həmin qərara dəyişməz şəkildə bağlı qalmamağa yönəldir, yeni məlumat və dəyişən şərait qarşısında düşüncəsini yeniləməyə istiqamətləndirir. Əvvəlki qərarın uğurlu olması onun bütün gələcək vəziyyətlərdə eyni dərəcədə səmərəli olacağı anlamına gəlmir. Şərait dəyişdikdə məqsəd, vasitə və qiymətləndirmə meyarları da dəyişir.

SMN modelinin tətbiq imkanlarını daha dərindən anlamaq üçün onu sistemli təfəkkürün əsas prinsipləri ilə müqayisə etmək faydalıdır. Sistemli təfəkkür hadisələri təcrid olunmuş faktlar kimi deyil, bir-biri ilə əlaqədə olan elementlərin yaratdığı bütöv sistemin hissələri kimi araşdırır. Bu yanaşmaya görə, problemin bir hissəsində edilən dəyişiklik digər hissələrə də təsir göstərə bilər. Bəzi təsirlər dərhal görünür, digərləri isə zaman keçdikcə üzə çıxır. Buna görə mürəkkəb problemlərdə yalnız birbaşa səbəbi və yaxın nəticələr ilə yanaşı, qarşılıqlı əlaqələri də nəzərə almaq lazımdır.

SMN bu yanaşmanı sadə və yadda qalan suallar ardıcıllığı şəklində ifadə edə bilər: Problem nədən yaranıb? Hansı dəyişiklik əldə edilməlidir? Bu məqsədə çatmaq üçün hansı addımlar atılmalıdır? Həmin addımlar hansı nəticələri doğurub? Nəticələr ilkin fərziyyələrimizi təsdiqləyirmi, yoxsa onları dəyişməyə ehtiyac var? Gələcəyə açılan perspektivlər nədən ibarətdir?

İnsan təfəkkürünün inkişafında təhsil xüsusi yer tutur. Təhsilin vəzifəsi yalnız müəyyən biliklərin ötürülməsi və onların yadda saxlanılması ilə məhdudlaşmamalıdır. Şagird və tələbə öyrəndiyi məlumatı təhlil etməyi, müqayisə aparmağı, arqumentləri yoxlamağı, müstəqil nəticə çıxarmağı və öz nəticəsinin əsaslarını izah etməyi də bacarmalıdır. Bu baxımdan, SMN modelinin təhsil prosesində tətbiqi mövzuların mənimsənilməsi ilə yanaşı, düşüncə ardıcıllığının formalaşdırılmasına kömək edə bilər.

Təhsil mühitində çox vaxt diqqət verilən sualın cavabına yönəlir. Halbuki düzgün düşünmənin ilkin şərtlərindən biri sualın özünün düzgün qurulub-qurulmadığını müəyyənləşdirməkdir. Bəzi suallar kifayət qədər məlumat vermir, bəziləri yoxlanılmamış fərziyyəyə əsaslanır, digərləri isə daxilən ziddiyyətli şərtlər ehtiva edir. Belə hallarda şagirddən istənilən cavabın müəyyənləşdirilməsi üçün əvvəlcə sualın məntiqi əsaslarının araşdırılması tələb olunur.

Misal üçün belə bir suala nəzər salaq: “Bir şəhərdə bütün insanlar eyni vaxtda evdədirsə, küçələrdə nə qədər avtomobil olar?” Təbii ki, bu suala dəqiq cavab vermək mümkün deyil. Burada məntiq fərziyyələrlə əvəzlənir və sualın özü məntiqdən kənar olur. 

Bu yanaşma elmi təfəkkür üçün də əhəmiyyətlidir. Tədqiqatçı əvvəlcə araşdırma sualını müəyyənləşdirir, sonra hansı məlumatların tələb olunduğunu və hansı üsullarla nəticəyə gəlməyin mümkünlüyünü düşünür. Əgər sual düzgün qurulmayıbsa, toplanan məlumatlar və aparılan hesablamalar da yanlış istiqamətə yönələ bilər. Deməli, düzgün cavab axtarışı düzgün sual qoyuluşundan asılıdır.

İdarəçilikdə qərarların nəticələri daha geniş insan qruplarına, maliyyə resurslarına və institusional fəaliyyətə təsir göstərdiyindən, səbəb, məqsəd və nəticə arasındakı əlaqənin düzgün qurulması xüsusi əhəmiyyət daşıyır. Hər hansı təşkilatın uğuru yalnız görülmüş işlərin sayı, keçirilmiş tədbirlərin miqyası və ya ayrılmış vəsaitlə ölçülə bilməz. Bu göstəricilər fəaliyyətin həcmini ifadə etsə də, həmin fəaliyyətin real ehtiyacı nə dərəcədə qarşıladığını həmişə göstərmir.

Məsələn, bir sosial proqram çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi, müraciətlərin qəbul edilməsi və resursların bölüşdürülməsi barədə məlumatlar hesabatda mühüm yer tuta bilər. Lakin əsas sual proqramın hədəf qrupunun vəziyyətində hansı dəyişikliyin baş verməsidir. Yardım alan insanların ehtiyacı nə dərəcədə qarşılanıb? Dəstək müvəqqəti rahatlıq yaradıb, yoxsa onların çətin vəziyyətdən çıxmaq imkanlarını da gücləndirib? Proqramın hansı hissəsi səmərəli olub, hansı hissəsində dəyişiklik tələb olunur?

Bu suallar fəaliyyət göstəriciləri ilə nəticə göstəriciləri arasında fərq qoymağa imkan verir. Fəaliyyət göstəricisi görülən işi, nəticə göstəricisi isə həmin işin yaratdığı dəyişikliyi əks etdirir. Hər ikisi əhəmiyyətlidir, lakin biri digərini əvəz etmir. Əgər qurum yalnız fəaliyyətin həcmini ölçürsə, resursların nə dərəcədə səmərəli istifadə edildiyini və insanların həyatında hansı dəyişikliklərin yarandığını müəyyənləşdirmək çətinləşir.

SMN yanaşması idarəçilikdə qərarların əsaslandırılmasını, məqsədlərin aydın ifadə edilməsini, nəticələrin ölçülməsini və əldə olunan məlumat əsasında yeni qərarların qəbulunu təşviq edə bilər. Bu, xüsusilə mürəkkəb sosial məsələlərdə vacibdir. Çünki belə məsələlərdə nəticə bir qurumun fəaliyyəti ilə yekunlaşmır, bir neçə amilin və iştirakçının qarşılıqlı təsirindən formalaşa bilər. Buna görə nəticənin qiymətləndirilməsi zamanı hansı dəyişikliklərin konkret tədbirlə əlaqəli olduğu, hansı amillərin isə kənardan təsir göstərdiyi mümkün qədər aydınlaşdırılmalıdır.

Eyni zamanda, SMN modelinin tətbiqi idarəetmə qərarlarının şəffaflığına və hesabatlılığına töhfə verə bilər. Qərarın hansı problemə cavab olaraq qəbul edildiyi, hansı məqsədin güdüldüyü və nəticənin hansı meyarlarla qiymətləndirildiyi aydın olduqda, həmin qərarı müzakirə etmək və onun əsaslılığını yoxlamaq asanlaşır. 

Bu baxımdan, SMN ayrıca institusional qurumun yaradılmasını zəruri edən fikir kimi deyil, müxtəlif sahələrdə mövcud olan təhlil və qərarvermə vasitələrini əlaqələndirmək üçün istifadə oluna biləcək konseptual yanaşma kimi nəzərdən keçirilə bilər. Onun praktiki faydası isə konkret sahələrdə sınaqdan keçirildikdən, nəticələri ölçüldükdən və məhdudiyyətləri müəyyənləşdirildikdən sonra daha dəqiq qiymətləndirilə bilər.

İstənilən analitik yanaşmanın dəyəri onun üstünlükləri ilə yanaşı, sərhədlərinin də düzgün anlaşılmasından asılıdır. SMN modelinin üç anlayış üzərində qurulması onu yadda qalan və tətbiq üçün əlverişli edir. Lakin həyat hadisələrinin hamısı bu ardıcıllıqla asanlıqla izah olunmur. Bəzi problemlərin bir deyil, çoxsaylı səbəbləri olur. Bəzən səbəblərin özləri bir-birinə təsir göstərir. Bəzi qərarların nəticələri isə uzun müddət sonra üzə çıxır və onların hansı amildən yarandığını dəqiq müəyyənləşdirmək çətinləşir.

Məsələn, bir bölgədə məşğulluğun azalması iqtisadi fəallıq, təhsil imkanları, infrastruktur, demoqrafik dəyişikliklər və ümumi iqtisadi vəziyyət kimi müxtəlif amillərlə əlaqəli ola bilər. Bu problemi yalnız bir səbəblə izah etmək və bir tədbirlə həll etmək cəhdi real vəziyyətin mürəkkəbliyini nəzərdən qaçıra bilər. Belə hallarda SMN-in hər mərhələsi daha geniş məlumat, mütəxəssis təhlili və alternativ ssenarilərin müqayisəsi ilə tamamlanmalıdır.

Digər bir məhdudiyyət məqsədlərin öz aralarında ziddiyyət təşkil edə bilməsidir. Bir qərar iqtisadi səmərəliliyi artıra, lakin sosial bərabərliyə mənfi təsir göstərə bilər. Başqa bir qərar qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli xərcləri artıra bilər. Bu vəziyyətlərdə yalnız məqsədə çatıb-çatmadığını yoxlamaq kifayət etmir; hansı dəyərlərin qorunduğunu, risklərin kimlər arasında bölüşdürüldüyünü və alternativ qərarların hansı nəticələr verə biləcəyini də araşdırmaq lazımdır. Buna görə SMN-in elmi və praktiki baxımdan inkişafı üçün onun tətbiq qaydalarının dəqiqləşdirilməsi, müxtəlif sahələr üzrə göstəricilərin müəyyənləşdirilməsi və real nümunələr əsasında sınaqdan keçirilməsi məqsədəuyğun olardı. 

SMN modeli insanın düşüncə və fəaliyyətini üç əsas sual ətrafında təşkil etməyi təklif edir: hadisənin səbəbi nədir, hansı məqsədə nail olmaq istəyirik və seçdiyimiz yol hansı nəticələrə gətirib çıxarır? Bu suallar sadə görünsə də, onların ardıcıl və vicdanla tətbiqi insanın öz qənaətlərini yoxlamasına, məqsədlərini dəqiqləşdirməsinə və qərarlarının real təsirini qiymətləndirməsinə şərait yarada bilər.

SMN-in dəyəri onun sadəliyini, mürəkkəb reallığa daha əsaslı suallarla yanaşmağa imkan verməsindədir. İnkişafın mahiyyəti də burada üzə çıxır. İnsan müəyyən nəticəyə çatdıqda hər şeyin başa çatdığını düşünə bilər. Halbuki əldə edilən nəticə yeni bilik, yeni təcrübə və yeni şərait yaradırsa, növbəti mərhələnin başlanğıcına çevrilir. SMN modelinin irəli sürdüyü əsas fikir də məhz budur: səbəbi anlamadan məqsədi düzgün seçmək, məqsədi aydınlaşdırmadan nəticəni obyektiv qiymətləndirmək, nəticəni təhlil etmədən isə davamlı inkişaf əldə etmək çətindir. İnsan bu əlaqəni nə qədər şüurlu qurarsa, öz qərarlarına bir o qədər məsuliyyətlə yanaşa, baş verən hadisələrdən daha dolğun nəticə çıxara və gələcək addımlarını daha əsaslı şəkildə müəyyənləşdirə bilər.

SMN düsturu düşüncənin son nöqtəsi deyil, onu ardıcıl və məsuliyyətli şəkildə inkişaf etdirmək üçün təklif olunan başlanğıc çərçivəsidir. Onun gələcək əhəmiyyəti isə nəzəri məntiqinin nə dərəcədə aydın olmasından əlavə, real həyatda necə tətbiq olunacağı, hansı nəticələr verəcəyi və əldə edilən təcrübə əsasında necə təkmilləşdiriləcəyi ilə müəyyənləşəcək.

Rövşən Əliyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti