Azərbaycan Respublikasının müasir dövrdə həyata keçirdiyi xarici siyasət kursunun mühüm istiqamətlərindən biri enerji diplomatiyasıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının səmərəli şəkildə dünya bazarlarına çıxarılması yalnız iqtisadi inkişaf baxımından deyil, həm də beynəlxalq münasibətlərdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün əsaslı baza rolunu oynayır. Bu baxımdan İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–İtaliya münasibətləri sadəcə ikitərəfli əlaqələr deyil, həm də regional və qlobal enerji təhlükəsizliyi baxımından mühüm strateji tərəfdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya bu gün Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, enerji sektorunda ən etibarlı tərəfdaşlardan biridir. Neft və qaz ixracı, xüsusilə də Cənub Qaz Dəhlizi və onun mühüm seqmenti olan TAP layihəsi ölkələrimizi yalnız iqtisadi sahədə deyil, həm də siyasi müstəvidə yaxınlaşdırmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rola yüksəlmiş, İtaliya isə enerji təminatında etibarlı və uzunmüddətli mənbə əldə etmişdir. Azərbaycan–İtaliya enerji əlaqələrinin əsasını 1990-cı illərin ortalarından başlayaraq Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən neftin Avropa bazarlarına ixracı qoydu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq enerji xəritəsinə çıxardı və bu layihənin iştirakçıları arasında İtaliya şirkətləri də yer aldı. O dövrdən etibarən İtaliya Azərbaycanın enerji bazarında mühüm tərəfdaş kimi çıxış edir. İllər keçdikcə bu münasibətlər daha da dərinləşdi. Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin əhəmiyyətli hissəsi məhz İtaliyaya ixrac olunur. Bu gün İtaliya Azərbaycanın neft ixracında birinci yerdədir. Statistik göstəricilər göstərir ki, İtaliya Azərbaycanın ümumi neft ixracının təqribən 40-45 faizini təşkil edir. Bu isə ölkələrimiz arasında strateji enerji əməkdaşlığının real göstəricisidir. Qaz sektorunda isə münasibətlər daha da strateji məna kəsb edir. 2020-ci ildən etibarən fəaliyyətə başlayan Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını birbaşa İtaliyaya və digər Avropa ölkələrinə çatdırır. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və 3 min 500 kilometrdən artıq məsafəni əhatə edən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində dönüş nöqtəsi oldu. Bu layihənin ən mühüm seqmentlərindən biri isə məhz Trans-Adriatik Boru Kəməridir. TAP Azərbaycan qazını Yunanıstan və Albaniya ərazisindən keçirməklə Adriatik dənizinin dibi ilə birbaşa İtaliyaya çatdırır. TAP layihəsinin həyata keçirilməsi prosesində İtaliyanın göstərdiyi siyasi dəstək xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyev də bəyanatlarında dəfələrlə qeyd edib ki, məhz Prezident Sercio Mattarellanın şəxsi təşəbbüsləri nəticəsində layihənin icrası qarşısında duran maneələr aradan qaldırıldı və TAP uğurla istifadəyə verildi. Bu fakt bir daha sübut edir ki, Azərbaycan və İtaliya enerji sahəsində tərəfdaş olmaqla yanaşı, strateji müttəfiq kimi də çıxış edirlər. Bu gün Azərbaycan qazı təkcə İtaliyanın deyil, bütövlükdə Avropanın enerji təminatında mühüm rol oynayır. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir və bu rəqəm ildən-ilə artır. İtaliya isə bu əməkdaşlıqdan ən çox fayda əldə edən ölkələrdən biridir. Avropa qitəsinin enerji təhlükəsizliyi son onilliklərdə ən vacib məsələlərdən biri olub. Xüsusən də son illərdə enerji bazarlarında yaranmış qeyri-sabitlik və geosiyasi risklər fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi önəmi daha da artıb. İtaliya öz enerji balansında Azərbaycan neftini birinci, Azərbaycan qazını isə ikinci mənbə kimi qəbul edir. Bu, ölkəmizin İtaliya üçün strateji əhəmiyyətini açıq şəkildə göstərir. Azərbaycanın etibarlı enerji təchizatçısı olması həm də Avropa İttifaqı üçün böyük önəm daşıyır. İtaliya bu əməkdaşlıqla həm milli maraqlarını təmin edir, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan–İtaliya münasibətləri yalnız enerji ilə məhdudlaşmır. Lakin enerji sektoru bu əməkdaşlığın lokomotivi rolunu oynayır. Ticarət dövriyyəsinin əsas hissəsi məhz enerji məhsullarının ixracı ilə bağlıdır. Azərbaycanın İtaliyaya ixracı əsasən neft və qazla bağlı olsa da, son illər qeyri-neft sektoru üzrə də əlaqələr genişlənir. Enerji əməkdaşlığı siyasi münasibətlərin möhkəmlənməsinə də birbaşa təsir göstərir. İki ölkə prezidentlərinin mütəmadi görüşləri, strateji tərəfdaşlıq sənədlərinin imzalanması və həyata keçirilən ortaq layihələr bunun bariz nümunəsidir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına dəstək vermiş, xüsusilə enerji layihələri kontekstində önəmli rol oynamışdır. Azərbaycan–İtaliya enerji əməkdaşlığı yalnız mövcud layihələrlə məhdudlaşmır. Hazırda tərəflər elektrik enerjisi ixracı sahəsində də mühüm addımlar atır. Azərbaycan Xəzər dənizindən bərpa olunan enerji potensialını istifadə etməklə həm ölkə daxilində enerji balansını şaxələndirməyi, həm də Avropaya, o cümlədən İtaliyaya elektrik ixracını planlaşdırır. Bununla yanaşı, “yaşıl enerji” layihələri, hidrogen istehsalı və digər bərpa olunan enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycan artıq beynəlxalq tərəfdaşları ilə birgə bu istiqamətdə iş aparır və İtaliya da bu prosesin mühüm iştirakçılarından biri ola bilər. Azərbaycan–İtaliya münasibətləri bu gün sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq qlobal enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib. Neft və qaz ixracı, Cənub Qaz Dəhlizi və TAP layihəsi iki ölkəni strateji tərəfdaş etmiş, qarşılıqlı inam və dostluq münasibətlərini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər səmimi münasibətlər və qarşılıqlı etimad olmasaydı, bu miqyaslı layihələri həyata keçirmək mümkün olmazdı. İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşı kimi yalnız bu günün deyil, həm də gələcəyin enerji əməkdaşlığında mühüm rol oynayacaq. Beləliklə, Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji tərəfdaşlığın mühüm dayağı olmaqla, həm ikitərəfli, həm də qlobal səviyyədə davamlı inkişaf və sabitliyin təmin olunmasına xidmət edir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı