"Şuşa Bəyannaməsi günümüzün reallığıdır"

44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbədən sonra Azərbaycan tarixinin ən mühüm, əlamətdar hadisəsi, heç şübhəsiz, Şuşa Bəyannaməsinin imzalanması oldu. Müasir Türk dünyasının liderləri Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın timsalında iki qardaş dövlət bir-birinə daha da yaxınlaşdı və gələcək yüzilliklərə hesablanmış strateji əməkdaşlıq ən yüksək səviyyəyə qaldırıldı. Bəyannamənin məhz mədəniyyət paytaxtımız Şuşada və 15 İyun - Milli Qurtuluş Günü imzalanması rəmzi məna daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Tarixin təkrarlandığını deyən deputat Şuşa Bəyannaməsinin 100 il əvvəl imzalanmış Qars müqaviləsinin davamı kimi qiymətləndirildiyinə diqqət çəkib. N.Məhəməliyev qeyd edib ki, Mustafa Kamal Atatürk Türkiyəsi ilə bolşevik Rusiyası arasında bağlanmış Qars müqaviləsi Naxçıvanın, Qarabağın, Zəngəzurun taleyində son dərəcə əhəmiyyətli rol oynayıb. O zaman Cənubi Qafqaz ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İran kimi böyük dövlətlərin mübarizə mərkəzinə, rəqabət meydanına çevrilmişdi. Analoji proseslər hazırda da müşahidə olunur. O dövrlə müqayisədə əsas fərq ondan ibarətdir ki, həmin böyük güclərə qarşı ləyaqətlə duruş gətirən, öz milli maraqlarını müdafiə etməyi bacaran, iqtisadi və hərbi baxımdan hər tərəfli inkişaf etmiş güclü Azərbaycan dövləti var. 100 il əvvəl baş verənlər əsasən Ermənistanın maraqlarına uyğun idisə, indiki proseslər Azərbaycanın mütləq qalibiyyəti deməkdir.

“Şuşa Bəyannaməsi hər iki ölkənin milli maraqlarının qorunmasında imkanların birləşdirilməsini, beynəlxalq məsələlərdə fəaliyyətlərin əlaqələndirilməsini, yeni regional geosiyasi konfiqurasiyanın qurulmasını, ənənəvi proseslərin dağıdılmasını özündə ehtiva edir. Hərbi müttəfiqlik, Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Naxçıvan-Qars dəmir yolunun inşası, ticari-iqtisadi, mədəni, humanitar, gənclər, idman, turizm, informasiya müharibəsi sahəsində birgə əməkdaşlıq nəzərdə tutulur. Bu Bəyannamənin imzalanması regionun siyasi mənzərəsinin dəyişməsi ilə nəticələndi və iki qardaş dövlətin gücünə güc qatmış oldu. Eyni zamanda, Türk dünyasının inteqrasiyasını sürətləndirməklə yanaşı, öz düşmənlərinə də tutarlı cavab verildi”, - deyə N.Məhəməliyev vurğulayıb.

O əlavə edib ki, cəmi bir neçə il öncə bütün bu gerçəklikləri düşünmək belə mümkünsüz görünürdü. Olduqca mürəkkəb geosiyasi şərtlərin, təzyiqlərin olmasına rəğmən, Şuşa Bəyannaməsi günümüzün reallığıdır. Bu reallığın əsas müəllifi isə çətin şəraitdə tarixi məsuliyyəti üzərinə götürməklə taleyüklü qərarları qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Gələcək nəsillər Şuşa Bəyannaməsini Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi qeyd edəcək və tarixi yazanları minnətdarlıqla xatırlayacaqlar.