Sabahinfo.az xəbər verir ki, Qaxın
Şıxlar kəndində Qurbanovlar ailəsinə məxsus meyvə bağında məskəni doğma
Qarabağımız hesab olunan Xarı bülbülün yetişməsi ev sahiblərini heyrətləndirib.
Ailənin kiçik oğlu Rəşad bağda
oynayarkən təsadüfən xarı bülbülə rast gəlib. Dərsliklərdən bu bitki haqqında
məlumatı olan Rəşad dərhal valideynlərinə xəbər verib:
"Bağda oynuyanda gördüm ki, ayağımın
altında Xarı bülbül var. Sonra hamıya dedik gəlib baxdılar. Evdə atama və anama deyəndə
onlar inanmadılar. Sonra gəlib özləri də baxdılar", - deyə Rəşad
bildirib.
Şuşanın rəmzi olan Xarı bülbülün indi Qaxda bitməsini ilk
nəvəsindən eşidən Elmira müəllimə əvvəlcə buna inanmayıb. Bu bitkiyə indiyədək
burda təsadüf edilmədiyini deyən Elmira Qurbanzadə Xarı bülbülün Qaxa gəlməsini
bölgənin Şuşanın təbiətinə bənzərliyilə əlaqələndirir:
Xarı bülbülün adını eşidən kənd sakinləri də bu bənzərsiz gülü
görməyə gəlir. Ailə isə adı Qarabağla yanaşı çəkilən və təbiətin yalnız
Azərbaycana bəxş etdiyi bu gülün onların kəndində yetişməsinə sevinməklə
yanaşı, Xarı bülbülün də doğma torpağından didərgin düşməsinə təəssüf edir.
"Bu Xarı bülbül gülü bizdə bitib. İstəyərik ki, Xarı bülbül
bizim arxamızca yox, biz onun arxasınca gedək. Və Şuşada öz vətinində bu Xarı
bülbülü görək. O günü Allah qismət etsin”, - deyə kənd sakini Elmira Qurbanzadə
bildirib.
Sanki gülün üzərinə qonmuş bülbülü xatırladan Xarı bülbüllə
bağlı əfsanələr yazılıb, musiqilər oxunub.
Amma təəssüf ki, indi Qarabağ, Şuşa kimi, xarı bülbülün də adını
bir nisgillə çəkirik.
İndi Qaxa pənah gətirən Xarı bülbülün gözəlliyini Şuşanın
çəmənliklərində seyr etməksə, hər birimizin arzusudu.