TƏƏSSÜF HİSSİ DOĞURAN YAZIYA CAVAB VƏ YA ƏMƏKDAR MÜHƏNDİS MUSA SÜLEYMANOV HAQQINDA BİR NEÇƏ SÖZ

Bacarıq və təcrübəsi ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda tanınmış iş adamı Musa Süleymanov öz soy-kökü və nəsil şəcərəsi ilə Azərbaycan tarixinin özünəməxsus, şərəfli səhifələrindən hesab olunan Şəmşəddil sultanlığının hakimi Nəsib Sultan nəslinin davamçılarındandır.
Həyatın hər üzünü görən M.Süleymanov gənclik illərindən zəhmətə qatlaşıb, adi sürücülükdən başalayaraq, əməyi ilə ucalıb. İşləyə-işləyə ali təhsil alıb. Ali təhsilli hüquqşünasdır. Həmçinin, Amerika Birləşmiş Ştatlarında ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə "Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti" üzrə texniki proqramı bitirib.
1990-cı illərdən etibarən sahibkarlıq fəaliyyəti göstərib, nəhayət, ölkənin ən uğurlu biznesmenlərindən birinə çevrilib. 1991-ci ildə "Simurg-M" Firmasını təsis edib. 1998-ci ilə qədər firmanın rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildə isə "Simurg-M" Tele-Radio Kompaniyasını təsis edib. Təsisçisi olduğu müəssisələri özündə birləşdirən “ADO-G” Şirkətlər qrupu artıq 35 ildir ki, Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur, öz uğurlu fəaliyyətini davam etdirir, həm də qlobal layihələrdə iştirak edir.
M.Süleymanov 2004-cü ildən həm də “B.Sərdarov adına maşınqayırma zavodu” TASC-nin İdarə heyətinin sədri seçilib. Müstəqilliyin ilk illərində tamamilə dağılmaqda olan sovet dönəminin bu məşhur zavodu, məhz onun rəhbərliyi altında dinamik fəaliyyət göstərən istehsalat müəssisəsinə çevrilib.
Torpaqlarımızın erməni işğalı ilə üzləşdiyi ağır illərdə M.Süleymanov bütün gücünü və imkanlarını səfərbər edərək, daim vətəni qoruyan əsgər və hərbçilərin yanında olub. Maddi və mənəvi köməyi ilə həmişə onlara dayaq durub. Onun həmin illərdə göstərdiyi xidməti indi də yaddaşlardan silinməyib. Tovuzun müdafiəsi dövründə ən çox fəallıq göstərən insanlardan, tanınmış simalardan biri də məhz Musa Süleymanov olub.
M.Süleymanov harda olmasından asılı olmayaraq hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib. 2006-cı ildə Tovuz Xeyriyyə Cəmiyyətinə sədr seçilməsi də bu baxımdan təsadüfi deyil. O, həm də Azərbaycan mədəniyyətinin təbliğ olunması yönündə çox ciddi addımlar atıb. Əsl messenant və xeyriyyəçi kimi neçə-neçə yaradıcı insana diqqət və qayğıyla yanaşaraq, onların sənətdə, yaradıcılıqda uğurlar qazanmalarına vasitəçilik edib.
M.Süleymanovun Tovuzun "Turan" klubuna prezidentlik etdiyi dönəmdə adı çəkilən futbol komandası ölkə çempionatında və kubokunda xeyli uğurlara imza atıb.
M.Süleymanov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub. 2017-ci ildə isə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Təbiətcə cəsarətli, kreativ, risklərdən çəkinməyən insan olan M.Süleymanov həmişə maraqlı ideyaları ilə cəmiyyətin, işgüzar dairələrin diqqətini çəkib. Amma eyni zamanda paxılları qısqandırıb.
Onun bu yaxında gündəmə gətirdiyi Xəzər dənizini yeraltı tunellə, boru xətti ilə Qara dənizlə birləşdirmək və beləliklə Xəzərin suyunun azalması problemini həll etmək barədə təklifi, ADO-G qrupu layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün öz resurslarını səfərbər etməyə hazır olduğunu bildirməsi də görünür kimlərsə tərəfindən qısqanclıqla qarşılanıb. İdeyanın gerçəkləşməsinin nə qədər real olub-olmaması ayrı söhbətin mövzusudur. Amma ən azından, təklifin mahiyyətində xoş məramın durduğu, ekoloji təhlükənin qarşılanmasına hesablandığı şübhəsizdir. Di gəl, hər vəchlə M.Süleymanovun uğurlarına kölgə salmaq istəyən qüvvələr (əlbəttə, əgər onları “qüvvə” hesab etmək mümkünsə - B.S.) bu xoş məramın arxasında da mənfilik axtarmağa çalışırlar. Onları M.Süleymanovun təklifinin artıq bir neçə Xəzəryanı ölkədə dəstək tapması narahat edib.
Bu günlərdə rusdilli saytlardan birində gedən yazı məhz həmin mövzuya həsr olunub. Yazıda Xəzər dənizi ilə Qara dənizi əlaqələndirmək üçün hələ SSRİ dönəmində göstərilən təşəbbüslərdən uzun-uzadı söz açılır. Məqalədə açıq-aşkar hiss olunur ki, müəllif (və həm də çox güman ki, yazının sifarişçiləri – B.S.) M.Süleymanovun təklifinin Qazaxıstanda ciddi qəbul edilməsindən, nəzərə çarpacaq ictimai rezonans doğurmasından çox narahatdırlar. İndidən haray-həşir salıblar ki, guya “odioz oliqarx” M.Süleymanov bu yolla şirkətinə investisiya cəlb etmək və sonra da layihəyə yönəldiləcək sərmayənin xeyli hissəsini mənimsəmək niyyətindədir.
Məlum olduğu kimi, 2006-cı ildən Xəzər dənizində suyun səviyyəsi iki metr aşağı düşüb. Digər məqamlarla yanaşı, bu, regional ticarət və infrastruktur üçün ciddi risklər yaradır.
Bu gün Qazaxıstan — Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalmasından başqalarından daha çox əziyyət çəkən ölkədir. Bu problem artıq onun dəniz ticarət limanlarının fəaliyyətinə, eləcə də sahilyanı rayonların sosial-iqtisadi vəziyyətinə təsir göstərir. Azərbaycanda səslənən ideya Qazaxıstanın çoxdan gözlənilən Dünya Okeanına çıxışını təmin etməklə yanaşı, liman infrastrukturu üçün yaranmış real təhlükəni də aradan qaldıra bilərdi.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) daha əvvəl Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü “Avrasiya kanalı” marşrutu layihəsinin öyrənilməsi və inkişafı üçün 2009-cu ildə vəsait ayırıb. 2010-cu ildə Rusiya-Qazaxıstan birgə işçi qrupu Avrasiya kanalının tikintisinin dəyərini 4,5 milyard avro qiymətləndirib. Bu nöqteyi-nəzərdən, bütün geosiyasi maneələrə, tərəddüdlərə baxmayaraq, M.Süleymanovun təklifinin beynəlxalq səviyyədə dəyərləndirilə biləcəyi heç də istisna deyildir.
Azərbaycan üçün də ekologiyaya və dəniz nəqliyyatına mənfi təsir təhlükəsi vəd edən faktor kimi Xəzər dənizinin suyunun azalması probleminin həllinə yönəlik bütün təşəbbüslər tərəfimizdən təqdir olunmalıdır. Dəstəklənəcək ideyanın müəllifinin məhz azərbaycanlı olması isə bizi qürurlandırmalıdır; layihəni kimin, hansı şirkətin həyata keçirəcəyindən asılı olmayaraq. Məsələyə münasibət bildirən yerli media orqanında gedən yazıda, onun müəllifində bu qürur, fəxarət duyğusu hiss olunmursa, demək, BİZDƏN DEYİLDİR!


Bəradər Səməndərli
baş redaktor,
AYB və AJB-nin üzvü