“Türk dövlətləri arasında dövlət rəhbərlərinin qarşılıqlı səfərləri təbiidir və olduqca əhəmiyyətlidir”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin əhəmiyyəti ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
“Birincisi, ona görə ki, bu dövlətlər Türk Dövlətləri Təşkilatının üzvləridir. Türk Dövlətləri Təşkilatının daha fəal iqtisadi-siyasi quruma çevrilməsi, türk dövlətlərinin daxili və xarici siyasət üzrə ortaq baxışlarının formalaşması və bütün mümkün hallarda beynəlxalq siyasətdə vahid platformadan çıxış etməsi bütün üzv dövlətlərin marağındadır” – deyə, C.Feyziyev əlavə edib:
“Bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlər bu təşkilat çərçivəsində strateji əhəmiyyət daşıyan münasibətlərin inkişaf etdirilməsinə xidmət edir. Digər tərəfdən, Qazaxstan da Türkiyə və Azərbaycan kimi böyük türk dünyasının inteqrasiya mərkəzlərindən biridir və türk xalqlarının mədəni, ictimai, siyasi inteqrasiya proseslərində mühüm rol oynayır. Konkret bu səfərin mahiyyətinə gəldikdə isə dövlət başçılarımızın görüşü daha çox ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və qarşılıqlı iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin hədəfləndiyini görürük. Görüş çərçivəsində imzalanan sənədlərin məzmunu və çəkisi də bunu göstərir”.
C.Feyziyev deyib ki, Qazaxıstan-Azərbaycan münasibətləri dost və qardaş münasibətləridir.
“Başqa cür ola da bilməz. Bunu bizim ortaq sivilizasiya mənsubiyyətimiz, ortaq tariximiz və mədəniyyətimiz diktə edir. Həm sovetlər dövründə, həm də müstəqillik dövründə Azərbaycan və Qazaxıstan arasında xalqların bir-biri ilə ünsiyyəti, eləcə də dövlətlər arası münasibətlər ən yüksək səviyyədə olub və daim yüksələn xətlə inkişaf edib. Lakin zaman dəyişir. Yeni dövr yeni siyasət yeridilməsini tələb edir. Dünyada sürətlə gedən qloballaşma proseslərindən kənarda qalmaq mümkün deyil. Bu prosesdə daha uğurlu iştirak etmək və gələcəyin vəd etdiyi faydalardamn yararlanmağın yolu isə ilk növbədə məncub olduğumuz sivilizasiya çərçivəsində inteqrasiya proseslərini sürətləndirməkdən ibarətdir. Bu baxımdan Azərbaycanın Qazaxıstanla və eləcə də bütün digər türk dövlətləri ilə münasibətlərinin daha da yaxınlaşmasını və hətta doğmalaşmasını uğurlu ortaq gələcəyimiz üçün qoyulan etibarlı zəmin hesab edirəm”.
Deputatın sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması təkcə bizi yox, bütün dost və qardaş ölkələrin xalqlarını sevindirib.
“Bizim qələbəmizi onlar da, o cümlədən Qazaxıstan ictimaiyyəti böyük ruh yüksəkliyi ilə qarşıladı və dəstəklədi. İndi bütün qardaş ölkələr işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq və abadlıq işlərinə öz töhfəsini vermək istəyirlər və biz bu kimi təşəbbüsləri böyük minnətdarlıqla qəbul edirik. Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzi də belə layihələrdən biridir və bu mərkəz Azərbaycan və qazax xalqları arasında qardaşlığın rəmzlərindən biri olacaq”.
“Torpaqlarımızın işğaldan azad edilməsi təkcə bizim yox, bütün türk dünyasının böyük zəfəridir” – deputat fikirlərinə əlavə edib:
“ 30 il ərzində biz həmişə digər türk dövlətlərinin və xüsusilə də Türkiyə və Qazaxıstanın siyasi və mənəvi dəstəyini daim hiss etmişik. Bu baxımdan Qarabağ zəfərində onların da öz mənəvi payı var. 44 günlük Vətən Müharibəsinin gedişində bütün digər türk dövlətlərində ictimaiyyətin bizə necə dəstək verdiyini görürdük və biz bunu heç zaman unutmarıq. Müharibənin qələbə ilə başa çatması və Ermənistanın təslim aktını imzalayaraq üzərinə götürdüyü öhdəliklər təkcə bizim yox, bütün türk dünyasının marağında olan şərtlərdir və biz Ermənistanın bu şərtlərin hamısına qeyd-şərtsiz əməl etməsini təmin edəcəyik. Əldə etdiyimiz nəticə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yanaşı həm də türk dünyasının coğrafi birliyinin təmin olunmasıdır. Zəngəzur dəhlizinin açılması ilə böyük türk dünyası bütövləşəcək, qərbdə Anadoludan başlamış şərqdə ucqar Altaylara və Saxalara qədər bütün türk kökənli xalqlar arasında birbaşa nəqliyyat rabitəsi yaranacaq. Bu planetar bir dəyişiklikdir və belə bir geo-siyasi nəticə gələcəkdə özünü daha qabarıq şəkildə və bütün türk xalqlarının mənafeyinə uyğun şəkildə göstərəcək. Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar türk dövlətləri və xalqları arasında mədəni-ictimai, siyasi-iqtisadi münasibətlərin inkişafını təmin edəcək, xalqlarımız arasında ünsiyyəti asanlaşdıracaq və inteqrasiya proseslərini daha da sürətləndirəcək. Cəmi iki il öncə biz bu imkanlardan məhrum idik. Bütövlükdə Türk dünyası çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək bütün bu imkanları bizə məhz son Qarabağ savaşındakı Zəfərimiz yaratdı”.