“Türkiyə növbəti 5 ildə Ərdoğana etimad göstərməlidir”

Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı sarsıdıb. Amma bundan sonra nələr olacaq, sualı var. Qardaş ölkədə seçkilər elan olunmuşdu, düz 3 aydan sonra prezident və parlament seçkiləri keçirilməlidir. İndiki halda diqqət Türkiyədəki fəlakətli vəziyyətin aradan qaldırılmasına yönəlib, Azərbaycan başda olmaqla, dünyanın əksər ölkələri də bu prosesə qatılıb. Bəs geniş mənada Türkiyənin daxil olduğu bölgədə nələr baş verə bilər? Bununla bağlı nə kimi proqnozlar var? Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində əvvəlcə bununla bağlı sualı cavablandırdı:

- Sözün doğrusu, həm bölgədəki gərginlik, həm dünyada baş verən proseslər ürəkaçıcı deyil. Artıq çox təəssüf ki, dünyada beynəlxalq hüquqa hörmət qalmayıb. Kim güclüdürsə, bildiyini edir və beynəlxalq hüquq normalarını da ayaqlar altına atır, yaxud görməzdən gəlir. Biz bunu 30 ildə öz üzərimizdə görmüşük və bu gün də davam edir. Türkiyədə baş verən zəlzələ hamımızı sarsıtdı, amma özümüzə onunla təskinlik verək ki, Allah-tala sevdiklərini bəzən sınağa çəkir. Hesab edək ki, bu da Türkiyə üçün növbəti sınaqdır. Allah ölənlərə rəhmət eləsin, yaralılara Allahdan şəfa diləyirəm. Əminəm ki, Türkiyə bu sınaqdan da sınmadan, daha güclənmiş və mənən bütövləşmiş bir cəmiyyət kimi çıxacaq. Bu faciə, fəlakət Türkiyəni parçalamayacaq! Mən bunu arzulayıram və ümid edirəm ki, belə də olacaq! Ərdoğanın sözü ilə desək, 21-ci əsr Türk dünyasının əsridir, Türk dünyasının yenidən dirçəlməsi, ayaq üstə durması əsridir. 21-ci əsrin ilk 20 ilində bu istiqamətdə çox işlər görülüb. Türk Dövlətləri Təşkilatının əsası qoyulub. Təşkilat artıq ilk addımlarını atır, əminəm ki, gələcəkdə regionda böyük güc mərkəzlərindən biri olacaq. Baş vermiş zəlzələ həm də Türkiyənin regionda, dünyada artmış nüfuzunu göstərdi. Bu gün Türkiyəyə başsağlığı verən, yardım göstərən ölkələrə baxın... Sözsüz ki, orada əsas faktor insan fəlakətinə görədir. Amma həm də Türkiyənin nüfuzuna görədir, bunu açıq söyləmək lazımdır. Mən baxıram ki, bizim cəmiyyətdə də müzakirələr gedir ki, zəlzələ bölgəsində dayanıqlı evlər tikilməyib, əlbəttə, bu məsələlər araşdırılacaq, müəyyən problemləri olsa da, Türkiyə hüquqi dövlətdir, müəyyən şəxslər cəzasını alacaq. Həmçinin hökumət bu faciədən ciddi nəticə çıxaracaq. Türkiyənin daxili siyasətinə qarışmasam da, kənardan qardaş ölkə üçün doğru olan bunu sayıram ki, Türkiyə növbəti 5 ildə Ərdoğana etimad göstərməlidir. Ona görə ki, Ərdoğan artıq Türkiyənin regionda və dünyada yerini xeyli gücləndirib və ona başlatdığı bir çox işləri başa çatdırmaq üçün növbəti 5 il lazımdır. Bu, Azərbaycan üçün də lazımdır. Mən çəkinmədən söyləyirəm ki, əgər Türkiyədə qərbyönümlü bir siyasətçi hakimiyyətə gəlsə, Qərb - məcbur da eləməyəcək - həmin şəxsə tapşırıq verəcək ki, məsələn, Ermənistana yox, Azərbaycana təzyiq edin. Yaxud Azərbaycana iki vertolyot verməyin, Ermənistana yardım edin. Necə ki, biz bunu zamanında görmüşük. Ona görə də biz sanki bir təbii müttəfiqimizi müəyyən mənada itirmiş olacağıq. Əlbəttə, bir şəxsin uzun müddət Türkiyə kimi ölkədə hakimiyyətdə olması bir çox insanlarda qıcıq yaradır və insanlar düşünürlər ki, yox, ölkəyə yeni hakimiyyət lazımdır. Mən istəmirəm ki, Türkiyə Gürcüstan xalqının buraxdığı səhvi təkrarlasın. Mən xatırlayıram, Saakaşvili hakimiyyətdən gedəndən sonra NATO-nun Tiflisdə Rose-Roth seminar ı keçirilirdi. Orada gənc gürcü qızdan soruşdum ki, niyə xalqınız Saakaşvilini dəstəkləmədi? Dedi ki, mən Saakaşvilinin Gürcüstan üçün gördüyü işləri çox yüksək qiymətləndirirəm. İstəyirəm ki, ondan sonra gələnlər də onun qədər Gürcüstana xidmət eləsinlər, modern bir dövlətə çevirsinlər. Amma mən ona görə onun əleyhinə səs verdim ki, seçki yolu ilə hakimiyyət dəyişikliyi ənənəsinin Gürcüstanda yaranmasını istədim. Soruşdum ki, arzunuza çatdınız? O, böyük bir təəssüf hissi ilə, gənc olduğu üçün böyük bir səhvə yol verdiyini və onun kimi çoxlarının səhv etdiklərini söylədi. İbrətamiz bir nümunədir. İndi istəmirəm ki, qardaş ölkə də bu səhvə yol versin, Ərdoğan uzun müddətdir hakimiyyətdədir deyə...

- Qüdrət bəy, Türkiyə təcrübəsində dəfələrlə şahidi olmuşuq ki, siyasət adamları ölkənin, millətin ağır günlərində bir-birinə sarılmağı bacarıblar, həm də nümunə çəkmişik onları. Bugünlərdə Dəniz Baykal vəfat etdi və Prezident Ərdoğan, həmçinin digər rəsmilərin başsağlığı oldu. CHP rəhbərliyinə hətta bugünlərdə sərt mesajlar verilsə də, ana müxalifətə başsağlığı mesajı oldu. Ola bilərmi ki, Türkiyə indiki ağır sınaqdan da bərabər çıxmaqdan ötrü iqtidarla masaya otursun?

- Mən Kılıçdaroğlunun açıqlaması ilə tanış oldum. Zəlzələnin ilk günləri bəyan etmişdi ki, bu, böyük faciədir, bundan siyasi məqsədlər üçün istifadə etmək olmaz. Sonra 180 dərəcə fərqli mövqeni gördük. Amma Türkiyə oturuşmuş, ənənələri olan dövlətdir, böyük Osmanlı imperiyasının dövlətçilik baxımından varisidir. Onun üçün orada həm də dövlət protokolu var, üstəlik, ictimai rəy faktoru mövcuddur. Hər bir siyasətçi ictimai rəydən çəkinir, çalışırlar ki, protokola riayət eləsinlər. Ona görə də Dəniz Baykalla əlaqədar bundan öncə olduğu kimi, bütün dövlət ədəb-ərkanı gözlənildi, o da uzun müddət böyük bir partiyanın başqanı və millət vəkili olub.

- Qonşu ölkələrin baş verənlərə münasibəti diqqət çəkir. Yunanıstan yaxşı mənada çox təəccübləndirdi, hətta Ermənistanın rəsmi səviyyədə davranışları gözlənilməz  oldu. Hətta Belçika İstiqlal marşı ilə səhərini açır, müsəlman qonşu İran tamam kənardan baxır. Bu ədavətin kökündə nə dayanır? Növbəti toqquşmayamı işarədir?

- İranda orta əsrlərə xas teokratik rejim formalaşıb. Onların düşüncəsi də elə orta əsrlər səviyyəsindədir. Yəni müasir mədəni dünyaya sanki yad bir elementdirlər. Bunlar həm dünya, həm region üçün böyük bir təhlükəyə çevriliblər, terroru dəstəkləyiblər. Polisin gözü qabağında qonşu, özü də müsəlman ölkənin səfirliyinə avtomat silahla basqın olunur, polis sadəcə kənardan müşahidə edir. Yəni deyiləsi deyil... Xoy şəhərində zəlzələ baş verib, çadır yox, insanlar qalıb qarın altında... Qonşu ölkələr yardım təklif edir, İran deyir ehtiyacımız yoxdur, özü də yardım etmək gücündə deyil. İranın milli valyutası o qədər dəyər itirib ki, artıq kağız parçasına çevrilib, əhalinin böyük bir hissəsi yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Amma dediyim kimi, bu ölkə Yaxın Şərqdəki, özünün də bəlkə anlamadığı, İrana lazım olmayan proksi qüvvələrə, terrorçu qüvvələrə 50 milyarda qədər vəsait xərcləyib, ağlasığmaz rəqəmdir. Sözün doğrusu, İran xalqı bu rejimdən canını qurtara da bilmir. Ona görə ki, rejim zora söykənir. Amma bu da zamana bağlı məsələdir, bəşəriyyət inkişaf edir, mən əminəm ki, heç bir dövlət təcrid olunmuş vəziyyətdə, uzun müddət yaşaya bilməyəcək, o cümlədən İran. İrandakı mövcud rejim dəyişəcək. Ondan sonra həm oradakı xalqlar öz azadlığına qovuşacaq, milli haqlarına çatacaqlar. O zaman əminəm ki, farslarla türklər də, nəhayət, barışıb, sülh və əmin-amanlıq, dostluq şəraitində, yaxın qonşuluq münasibətləri çərçivəsində yaşayacaqlar. Daxilimdə əminlik var ki, bu, belə də olacaq.

- Türkiyəyə Azərbaycanın ilk andan yardıma tələsməsi təbii idi və biz bunu vəfa borcu, qardaşlıq dəstəyi olaraq görürük. Sadə vətəndaşdan dövlət başçısınadək yardım bütün ölkəni əhatə edir. Bəs Xoy vilayətindəki soydaşlarımıza necə yardım əlimizi uzada bilərik? Qeyd etdiyiniz kimi, İran nə Türkiyə, nə Azərbaycandan yardım qəbul etmədi, amma soydaşlarımızın gözləri yoldadır. Bununla bağlı təklifiniz varmı? Məsələn, bizim yardım maşınları gedib Culfada, keçid məntəqəsində dayana bilərmi?

- Sözün doğrusu, zəlzələdən dərhal sonra bizim partiyanın hökumətə rəsmi müraciəti oldu. Biz İdarə Heyətində müzakirə etdik və bəyanatla çıxış etdik. Hökumətimizə də təklif etdik ki, Cənubi Azərbaycanda baş vermiş zəlzələnin qurbanlarına, zəlzələdən əziyyət çəkən insanlara kömək göstərilsin. Mən müvafiq şəxslərlə də bu haqda danışdım. Ola bilsin diplomatik kanallarla hansısa əlaqələr yaradılıb, təklif olunub. Mən əminəm ki, belə olub. Elə bizim bəyanatımızda da əksini tapmışdı ki, dünyanın ən ucqar guşələrində təbii fəlakətlər baş verəndə də 1 milyon qaçqın-köçkünü olsa da belə, torpaqları işğal altında olan Azərbaycan həmişə onlara az və ya çox humanitar yardım göstərib. Pandemiya dövründə də biz bunu gördük. Ola bilməz ki, belə bir şəraitdə Azərbaycan öz soydaşlarına yardım əlini uzatmasın. Ola bilsin ki, İranla dövlət səviyyəsində münasibətlərimizdə soyuqluq var. Əlbəttə ki, biz İranın düşmənçilik siyasətini pisləyirik və İranı bundan çəkinməyə çağırırıq. Odur ki, inandırıcı deyil ki, Azərbaycan bu təşəbbüslə çıxış etməsin. Amma sözün doğrusu, bu təklifin açıq formada edildiyi barədə məlumatım yoxdur. Güman edirəm ki, belə bir təklif olmamış olmaz. Dediyim kimi, bizim soydaşlarımızdır, Prezident özü Dünya Azərbaycanlılarının Qurultayında açıq formada bəyan edib ki, mən 50 milyonluq azərbaycanlının prezidentiyəm. Yəni oradakı insanların taleyinə biganə qalmağımız mümkün deyil, biz onların hüquqlarını müdafiə edəcəyik. Bu barədə müsahibələrində də bildirib. Hesab edirəm ki, Xoy şəhərindəki insanlara yardım təşəbbüsü olmuşdusa, bunun açıqlanmasına da ehtiyac var idi. Yəni xalqımız bilsin ki, Azərbaycan hökuməti bu təklifi etdi, İran qəbul eləmədi. Bunu etmək lazım idi. Mətbuatdan oxuduqlarıma görə, bu gün də orada vəziyyət çox ağırdır. Yunanıstanı misal çəkdiniz, bu, bir insanlıq məsələsidir. 1988-ci ildə Qarabağda separatçılıq başlamışdı, amma bizim insanlar Spitak və Leninakanda baş vermiş zəlzələdən sonra Ermənistana yardıma gedirdilər. "İL-76" təyyarəsi də sonradan deyildi ki, dispetçerin məqsədyönlü yönəltməsi, düzgün koordinatlar verməməsi səbəbindən qəzaya uğradı, 80 nəfərə yaxın insandan cəmi bir nəfər sağ qalmışdı. Ondan sonra da biz qatarla ora yardım, həm də insan qüvvəsi göndərdik. Dediyim kimi, bu, bir insanlıq məsələsidir, həm də özünə hörmət edən dövlətlər bu cür davranırlar.

- Belə xəbərlər yayılıb ki, İran özü təxribat hazırlamaqla yanaşı, hətta Ermənistanı da Azərbaycana hücum etməyə təhrik edir. Bu, gözləniləndirmi?

- Baxıram, bir çox ekspertlər deyirlər yox, ola bilməz, amma açığı, mən deyirəm ki, olar! Çünki mən 36 ildir siyasi fəaliyyətlə məşğulam, İranın bu illər ərzində yürütdüyü siyasətin mahiyyətini bilirik, hiss edirik. Onlarda bizə qarşı bu qədər nifrətin olmasının kökünü mən hələ bu günə qədər də anlaya bilmirəm. Bir müsəlman ölkəsidir, özü də sənə münasibətdə həmişə sənə qarşı səmimi olub. Biz hər zaman demişik ki, başqa dövlətlərlə əməkdaşlıq edirik, amma bu əməkdaşlıq üçüncü bir dövlətə, xüsusən də qonşularımıza qarşı yönəlməyib. Heç vaxt imkan verməyəcəyik ki, başqa dövlətlər Azərbaycandan İrana qarşı istifadə etsin. İranla iqtisadi, humanitar əlaqələr var, insanlarımız gedir, gəlir, nə qədər azərbaycanlı İranda müalicə olunur, İrandan xeyli adamlar ölkəmizə gəlir, burada iş qururlar və sair. Amma farsların türklərə nifrətinin kökünü, sözün doğrusu, hələ də başa düşə bilmirəm. Ona görə də hesab edirəm ki, orada yeni zehniyyətin hakimiyyətə gəlməsinə ehtiyac var. Yəni 21-ci əsr insanı səviyyəsində düşünmək imkanı olan adamlar orada siyasi hakimiyyətə gəlməlidir. O zaman əminəm ki, İranda da vəziyyət dəyişəcək.        

İran Azərbaycana qarşı təxribat eləyə bilər. Fikirləşir ki, Azərbaycanın təbii müttəfiqi Türkiyənin başı öz problemlərinə qarışıb. Həm seçki qapının ağzını kəsdirib, həm böyük bir zəlzələ fəlakəti. Ukrayna-Rusiya müharibəsi isə daha da şiddətlənir və yaxın həftələrdə müharibənin miqyasının genişlənməsini, döyüşlərin şiddətlənməsini müşahidə edə bilərik. Ona görə ki, Qərb Ukraynaya müəyyən silahlar verməyə başlayıb. Yəni Qərbin də başı Ukraynaya qarışıb. Həm də İran görür ki, Qərb Ermənistana kömək etmək üçün əldən-ayaqdan gedir, xüsusilə də Avropanın əsas aparıcı qüvvəsi, siyasi baxımdan Avropa İttifaqının ən fəal dövləti Fransa... Bu ölkə fikirləşir ki, Ermənistana yarınmaqla, pişiklənməklə Qərbin özünə olan münasibətini yumşalda bilər, təzyiqlərin azalmasından istifadə edib həm nüvə proqramını genişləndirə bilər, həm də daxildə repressiyaları gücləndirib, rejimin ömrünü uzatmaq üçün bir az vaxt udar. Amma Azərbaycana irimiqyaslı hərbi müdaxiləsini mümkünsüz sayıram. İran həmişə fikirləşir ki, Azərbaycanı kim müdafiə edə bilər? Yəni bizim müttəfiqlərimizi öyrənir. Amma mən dəfələrlə demişəm ki, bizim dostlarımız, müttəqlərimiz yox, səni öz düşmənlərin məhv edəcək. Sənin güclü düşmənlərin var. Azərbaycana müdaxilən düşmənlərinə imkan verəcək ki, sənin başını əzsin, səni darmadağın etsin! İran bunun fərqində deyil ki, Azərbaycana hərbi müdaxilə etsə, bizim dostlarımız yox, onu öz düşmənləri məhv edəcək! 

Elşad PAŞASOY,
“Yeni Müsavat”