“1993-cü ilin 3 oktyabr tarixi xalqın öz gələcəyinə sahib çıxaraq, müdrik seçim etdiyi və Azərbaycan dövlətçiliyinin xilası üçün dönüş nöqtəsi kimi tarixə düşüb”. Bunu YAP Nəsimo Rayon təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.
Onun sözlərinə görə, 1993-cü ilin 3 oktyabrında keçirilən seçkilərdə Azərbaycan xalqının müqəddaratı həll olunurdu: “O dövr Azərbaycan ağır siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Daxili çəkişmələr, idarəetmədə səriştəsizlik, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı xalqı dərin bir ümidsizliyə sürükləmişdi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyinin mövcudluğu ciddi təhlükə altına düşmüşdü. Belə bir həssas dönəmdə xalqın yeganə ümid yeri Ümummilli Lider Heydər Əliyev oldu. Azərbaycan xalqı, onun siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvənərək, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq səsverməsində Heydər Əliyevi Prezident seçdi”.
M.Səfərlinin sözlərinə görə, Heydər Əliyev prezident seçiləndən sonra həyata keçirdiyi uğurlu siyasət öz əhatə dairəsinə görə geniş şaxəli idi. İqtisadi, hərbi, siyasi müstəvidə görülən işlər bu gün əldə olunan uğurların bazisini təşkil edir: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu gücləndirildi. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Dövlət quruculuğunun möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaş hüquqlarının qorunması üçün ardıcıl tədbirlər həyata keçirildi. Həmin illərdə vətəndaş cəmiyyəti formalaşmağa başladı və demokratik ənənələrin inkişafı üçün islahatlar aparıldı. Ümummilli Lider Heydər Əliyevin milli həmrəyliyin təmin olunmasına verdiyi önəm də xüsusilə əhəmiyyətlidir. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqımızı vahid amal ətrafında birləşdirdi. Hər kəs müstəqilliyin qorunması və ölkəmizin tərəqqisi üçün birgə səylər göstərdi. Bu ideologiya həm də dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadı, milli birliyin qorunmasını təmin etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji layihələrinin aktoruna çevrilməsinə, ölkənin iqtisadi yüksəlişinə və qlobal strateji mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Bu müqavilə həm də dövlətimizin beynəlxalq nüfuzunu artırdı və ölkənin müstəqil inkişaf yolunu bir daha təsdiqlədi”.
M.Səfərli onu da bildirib ki, H.Əliyev zəngin siyasi təcrübəsi və uzaqgörən siyasi xətti nəticəsində ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edildi. Beynəlxalq aləmdə tarazlaşdırılmış siyasət yürüdüldü. təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə dərin islahatlar həyata keçirildi: “Bu gün Azərbaycan regional güc mərkəzinə çevrilib. Şanlı Qələbə, əldə olunan iqtisadi və siyasi naliyyətlər Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini göstərir. Cənab Prezident tərəfindən yürüdülən bu siyasətdə suverenliyini tam bərpa edən Azərbaycanla yanaşı dünyaya günəş kimi doğan Azərbaycan izləyirik. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olması ilə fəxr edir, Qalib ölkənin qalib vətəndaşı olmaqdan qürur duyur”.