Xəbər verdiyimiz kimi, fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq
“Tullantılar haqqında” qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi tələb olunacaq. Bəs görəsən, utilizasiya haqqı avtomobillərin qiymətlərinə təsir göstərəcək?
Ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, utilizasiya haqqının avtomobil qiymətlərinə ciddi şəkildə təsir edəcəyini düşünmür. Onun sözlərinə görə, ilkin mərhələdə istismar müddəti ötmüş nəqliyyat vasitələrinin qiymətinə utilizasiya xərcindən asılı olaraq avtomobil sahibləri tərəfindən müəyyən düzəlişlər edilə bilər:
"Məsələn, avtomobilin qiyməti 10 min manatdır, sahibi nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən utilizasiyaya görə 500 manat ödəyir. Maşını satışa çıxaranda həmin 500 manatı da onun üzərinə əlavə edir. Ona görə də ilkin mərhələdə cüzi dəyişiklik ola bilər. Bu, qısamüddətli dövrü əhatə edəcək. Uzunmüddətli perspektivdə bu proses Azərbaycan avtomobil bazarında əhəmiyyətli şəkildə qiymət dəyişikliyinə təsir göstərməyəcək. Bazar yeniləndikcə, köhnə nəqliyyat vasitələrinin istehsal ilindən, istismar vəziyyətindən və digər parametrlərindən asılı olaraq onların qiymətində azalmalar baş verir. Bu baxımdan, utilizasiya haqqının qiymətlərdə ciddi dəyişikliyə gətirib çıxaracağını düşünmürəm".