“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu.
Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Ümummilli Lider qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bütün sahələrdə davamlı uğurların əsası qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində xalqın sabaha ümidinin itməsinə səbəb olan amillərdən biri torpaqlarımızın biri-birinin ardınca işğalı idi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələrək düşünülmüş və məqsədyönlü siyasəti ilə bu faciənin qarşısını qətiyyətlə aldı. 1994-cü il 12 may tarixində Ümummilli Liderin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Qısa müddətdə ordu quruculuğu sahəsində uğursuzluqları davamlı uğurlar əvəz etdi. Ulu öndər Heydər Əliyevin “Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var” fikirləri Ordumuzun sabahına inamın aydın ifadəsi oldu. Son 20 ilə yaxın dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyətinin 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinin görülməsi dövrü kimi xarakterizə edilir. Azərbaycan bütün sahələrdə biri-birindən önəmli uğurlara imza atdı, hərbi qüdrətimiz daha da möhkəmləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 2016-cı il aprelin 2-də erməni silahlı birləşmələri Suqovuşan, Ağdərə və digər yaşayış məntəqələrində yerləşmək məqsədilə törətdiyi təxribatların qarşısının rəşadətli Ordumuz tərəfindən qətiyyətlə alınması Silahlı Qüvvələrimizin gücünün, qüdrətinin təqdimatı olmaqla yanaşı, işğalçı Ermənistana və havadarlarına ciddi mesaj oldu.”
“İki sahil” xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili diqqəti dövlət başçısı İlham Əliyevin 2017-ci ildə keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında səsləndirdiyi bəyanata yönəldib: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.” Aprel döyüşlərində strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının Ermənistanın işğalı altında olan 2 min hektardan artıq ərazisi azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi gücləndirildi. Talış və Seysulan kəndləri istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı qaldırıldı. Silahlı Qüvvələrimiz 3 istiqamətdə, planlı şəkildə döyüş tədbirləri həyata keçirərək düşmənə ağır zərbələr endirdi. Qazanılan zəfər işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə ümidləri artırdı.
Əliabbas Salahzadə onu da əlavə edib ki, Aprel döyüşləri “məğlubedilməz erməni ordusu” mifini dağıtdı: “Rəşadətli Ordumuz dünyaya nümayiş etdirdi ki, bütün sahələrdə təcrübəsi nümunə, uğurları ilə diqqətdə olan Azərbaycan sülh danışıqları səmərə vermədiyi təqdirdə Silahlı Qüvvələrinin gücünə, qüdrətinə arxalanmaq imkanındadır, torpaqlarımızı istənilən yolla azad edə bilərik. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, biz işğalla heç zaman barışmayacağıq.”
“Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” söyləyən millət vəkili onu da bildirib ki, bu zəfər xalqımızın vətənpərvərlik, milli ruhunun tükənməzlik rəmzi kimi tariximizə yazıldı: “Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabrında növbəti hərbi təxribatı dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri Azərbaycan əsgəri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan 44 gündə istədiyinə nail oldu, ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev Ali Baş Komandan kimi xalqına verdiyi vədi yerinə yetirdi. 30 ilin işğalına son qoyuldu, tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlandı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsinə yol açan mühüm addımlarla tarixə yazılır. Artıq Böyük Qayıdış proqramına uyğun olaraq görülən işlər soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur. Bu, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da təsdiqlənib. Azərbaycan tarixi ədaləti bərpa edir.”