YAP-ın təsis konfransı – tarixi gün

YAP-ın uğurları həm Heydər Əliyev dövründə, həm də hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən siyasi kursda öz əksini tapır

 1990-cı illərin əvvəlləri Azərbaycan xalqının yaddaşında ən mürəkkəb, ən çətin və eyni zamanda tarixi dönüşlərlə zəngin bir dövr kimi qalmaqdadır. Sovet İttifaqının süqutu, Qarabağ müharibəsi, siyasi parçalanmalar, iqtisadi geriləmə, dövlətçilik əsaslarının sarsılması – bütün bunlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin qarşısında böyük təhlükələr yaradırdı. Ölkədə rəhbərlik zəif, idarəetmə təcrübəsiz, cəmiyyət isə dərin sosial və psixoloji gərginlik içində idi. Belə bir zamanda Azərbaycanın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək cəsarəti göstərən ziyalılar, dövlətçilik düşüncəsi olan şəxslər yeni siyasi qüvvənin yaradılmasının labüdlüyünü dərk etdilər. Məhz bu tarixi zərurətin nəticəsi olaraq 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu hadisə təkcə yeni bir siyasi təşkilatın yaranması deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası üçün atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirilir. O illərdə Azərbaycan siyasi və hərbi baxımdan dərin böhran yaşayırdı. Hakimiyyətdə olan qüvvələr ölkəni idarə etmək qabiliyyətini itirmiş, Qarabağ müharibəsində ard-arda itkilər baş verir, separatizmin genişlənməsi ilə dövlət bütövlüyü təhlükə altına düşürdü. Daxili çəkişmələr isə dövlətçiliyin gələcəyini sual altında qoyurdu. Belə bir vəziyyətdə Azərbaycanın tanınmış ziyalıları və ictimai-siyasi xadimləri ölkənin taleyinə biganə qala bilməzdilər. Onlar başa düşürdülər ki, ölkəni xaosdan çıxarmaq üçün təcrübəli, xalq tərəfindən qəbul edilən, beynəlxalq nüfuza malik liderə ehtiyac var. Bu lider isə zamanında Azərbaycan SSR-in rəhbəri kimi respublikada böyük inkişaf yaratmış, müstəqillik dövründə isə Naxçıvanda xalqın arxasını dayaq kimi duran Heydər Əliyev idi. Ziyalılar həmin dövrdə ölkə üçün yeganə xilas yolunun Heydər Əliyevin siyasi proseslərə qayıdışında olduğunu dərk edərək onun ətrafında birləşmək qərarına gəldilər. Bu çağırış geniş xalq dəstəyi qazandı və nəticədə yeni siyasi təşkilatın əsası qoyuldu.

 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycanın müasir siyasi tarixinin dönüş nöqtələrindən biri oldu. Bu konfransda ölkənin müxtəlif bölgələrindən tanınmış ziyalılar, alimlər, müəllimlər, ictimai xadimlər, gənclər və xalqın müxtəlif təbəqələrinin nümayəndələri iştirak edirdi. Onları birləşdirən amil bir idi – Azərbaycanın dövlətçiliyinin xilası və gələcəyinin daha güclü şəkildə qurulması. Konfransda qəbul edilmiş qərarlar həm məsuliyyətli, həm də uzaqgörən idi. Yeni Azərbaycan Partiyasının yaradılması qərarı ölkənin siyasi sistemində yeni, güclü, milli düşüncəli və dövlətçilik ideoloji xəttinə malik bir qüvvənin meydana gəlməsi demək idi. Konfrans iştirakçıları yekdilliklə Heydər Əliyevin siyasi rəhbərliyinə inanır və bu addımı Azərbaycanın xilas yolu kimi görürdülər. YAP demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu qarşıya məqsəd qoyan proqram qəbul etdi. Bu sənədlər partiyanın gələcək fəaliyyətinin ideoloji əsaslarını müəyyənləşdirirdi. Bu günə qədər həmin konfrans Azərbaycan siyasi sisteminin formalaşmasında həlledici rol oynayan hadisə kimi dəyərləndirilir.

 Təsis konfransından sonra Heydər Əliyev xalqın çağırışı ilə yenidən Azərbaycan siyasi səhnəsinə qayıtdı. Bu qayıdış Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlətçiliyin əsasları möhkəmləndi, ölkə parçalanmaqdan qurtuldu və inkişaf yoluna çıxdı. Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi gücünə çevrildi. YAP-ın fəaliyyəti nəticəsində dövlət idarəçiliyində sabitlik formalaşdı. Qarabağ münaqişəsinin diplomatik istiqamətdə idarə olunmasına nail olundu. Sosial-iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası gücləndi.

 Yeni Azərbaycan Partiyasını digər siyasi təşkilatlardan fərqləndirən əsas xüsusiyyət onun geniş sosial dayaqlara malik olmasıdır. YAP heç vaxt yalnız müəyyən təbəqənin maraqlarını ifadə edən bir partiya olmayıb. O, cəmiyyətin bütün kəsimlərinin – ziyalıların, gənclərin, qadınların, əmək adamlarının, fermerlərin, sahibkarların və dövlət qulluqçularının partiyasıdır. Yeni Azərbaycan Partiyası müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin bərpası və ölkənin inkişaf yoluna çıxarılması prosesində həlledici rol oynamışdır. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. İctimai-siyasi sabitlik təmin olundu, iqtisadiyyat dirçəldi, idarəetmə sistemi möhkəmləndi. Bu sabitlik Azərbaycanın inkişafının əsasını qoydu.

YAP-ın təmin etdiyi əsas nailiyyətlər siyasi sabitlik və təhlükəsizliyin bərpası, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, iqtisadi islahatlar və davamlı inkişaf modeli, enerji strategiyasının formalaşması və beynəlxalq layihələr, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, infrastruktur quruculuğu və sosial rifahın yaxşılaşdırılması və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasıdır. Bu uğurlar həm Heydər Əliyev dövründə, həm də hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən siyasi kursda öz əksini tapır.

YAP yarandığı gündən etibarən çox böyük və şərəfli yol keçmişdir. Bu yol çətinliklərlə dolu olsa da, əldə edilən uğurlar partiyanın xalqın dəstəyinə güvəndiyini və bu etimadı doğrultduğunu sübut edir. Bu yolun əsas mərhələləri Partiyanın yaranması və ümumxalq partiyasına çevrilməsi, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpası, Azərbaycanın beynəlxalq enerji layihələrinə qoşulması, 2003-cü ildən etibarən inkişaf strategiyasının yeni mərhələsi, 2020-ci il Vətən müharibəsi nəticəsində tarixi Zəfərin əldə olunması, Postmüharibə dövründə Qarabağın bərpası və Böyük Qayıdış siyasətidir. Bu nailiyyətlərin hər biri göstərir ki, YAP Azərbaycan tarixində aparıcı rol oynayan, dövlət maraqlarını qoruyan, gələcəyə yönəlik inkişaf xətti müəyyənləşdirən siyasi qüvvədir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. 1992-ci il 21 noyabr tarixində keçirilmiş YAP-ın təsis konfransı Azərbaycan dövlətçiliyi üçün həlledici hadisələrdən biri olmuşdur. Bu konfrans yalnız bir partiyanın yaradılması deyil, həm də ümumxalq birliyinin, dövlətçilik məsuliyyətinin və siyasi müdrikliyin təzahürü idi. O gün verilmiş qərarlar Azərbaycanı böhrandan çıxaran, ölkəyə sabitlik və inkişaf gətirən Heydər Əliyev yolunun başlanğıcı oldu. Bu gün Yeni Azərbaycan Partiyası həmin tarixi missiyasını davam etdirərək ölkənin siyasi həyatında mühüm rol oynamaqda, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına töhfə verməkdədir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi