"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib

İctimai Birliklərin təşkilatçılığı ilə "İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib. 
 
"Azərkitab” Kitab Mərkəzində keçirilən konfransda dövlət qurumlarının, ictimai təşkilatların, ali məktəblərin təmsilçiləri, alimlər, mütəxəssislər, dindarlar, tələbələr iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan "Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü mövzunun əhəmiyyətindən danışıb, bir sıra QHT-lərin təşkilatçılığı ilə ərsəyə gələn tədbirin Azərbaycanda mövcud dövlət-din münasibətlərinin inkişafına dəstək məqsədi daşıdığını vurğulayıb. O, Azərbaycandakı İslam həmrəyliyinin, dini icmalar və dindarlar arasındakı qarşılıqlı anlaşma mühitinin yüksək səviyyədə tənzimləməsindən razılıqla bəhs edib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, İslam dininin ümumbəşəri faydaları və prinsipləri haqqında hər kəs məlumatlı olsa da, internet resurslarında axtarış veriləndə daha çox neqativ, radikalizmlə bağlı informasiyalar tapılır: "Bu vəziyyətdə belə bir sual doğur. Nə üçün bu prosesin qarşısının alınmasında İslam dünyası fəal iştirak edə bilmir. Çünki biz ilk növbədə dinimizi düzgün və sağlam şəkildə təqdim edərək, hansı məqsədləri ehtiva etdiyini geniş şəkildə təbliğ edə bilmirik. Təbliğatımızı geniş şəkildə qura bilsək İslam dini barədə sosial mediada, axtarış sistemlərində daha dolğun informasiyaları çoxalda bilərik”.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı alim Hacı Fuad Nurullayev İslamda tolerantlığı önə çəkərək bunun əhəmiyyətini söyləyib. O əsrlərdir ölkəmizdə yəhudi, xristian və müsəlman icmalarının səmimi münasibətlər şəraitində yaşadığını və bunun İslam dininin dinlərarası münasibətlərə önəm verməsindən qaynaqlandığını diqqətə çatdırıb. 
 
İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov "Hz.Məhəmməd peyğəmbər (s.a.v) və mədəniyyət” mövzusunda geniş məruzə ilə çıxış edib. V. Səmədov peyğəmbərin "Məhəmmədül Əmin” kimi çağırıldığını, bunun İslam peyğəmbərinə olan güvən və etibarın göstəricisi olduğunu söyləyib. Məruzəçi Hz. Məhəmməd peyğəmbərin qadına verdiyi qiymətə xüsusi diqqət çəkib. O, İslamın əxlaq, barış, qardaşlıq, yardımsevərlik dini olduğunu qeyd edib, bu barədə nümunələr səsləndirib. 
 
DQİDK-nin Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bu qəbildən olan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, İslam dininin qardaşlıq münasibətlərində oynadığı rolu daim diqqətdə saxlamağın vacibliyini deyib, təmsil etdiyi qurumun Bakıda və regionlarda gördüyü işlərdən bəhs edib. 
 
Sosioloq Əhməd Qəşəmoğlu orta əsr İslam alimlərinin dünya elminə verdiyi faydalarından söhbət açıb. 
 
Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli təhsil müəssisələrində ilkin ibtidai dini bilgilərin verilməsi, regionlarda dini icmalarla QHT-lərin əməkdaşlığı istiqamətində təkliflər səsləndirib. 
 
"Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov İslamda bölücülüyə qarşı məruzəsində Azərbaycanda müsəlmanların birlik məqamından çıxış etməsini təqdir edib. 
 
"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Hz. Məhəmməd peyğəmbərin əxlaqından, İslam dininin yayılmasındakı xüsusları nəzərə yetirib. 
 
Mübariz Gənclər Birliyinin sədri Azər Zahidov İslam alimlərinin dövlətin qorunmasında və inkişafındakı rolundan, Gələcək İntellektual İnkişafa Yardım Birliyinin sədri Kazım Məmmədov regionlarda dini icmaların milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyətindən danışıblar. 
Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski İslam dininin təbliği istiqamətində reallaşdırılan tədbirlərin önəmini, QHT rəhbəri Ziba Nəbiyeva İslam dininin, Quranın insanların həyatındakı mənəvi təsiri gündəmə gətiriblər.
 
Qeyd edək ki, tədbir "Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, "Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan Demokrtatik Tələbə Gənclər Təşkilatı, "Müasir İnkişaf” İctimai Birliyi, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək Birliyi, Soyqırım Həqiqətlərinin Təbliği Birliyi, Oğuz Müstəqil Araşdırmaçılar Qrupu, Gələcək İntellektual İnkişafa Yardım Birliyi, Mübariz Gənclər Birliyi, Dialoq TV-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.