"Gecikən sazişin şərtləri Ermənistanın xeyrinə olmayacaq"

"Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü və görüşün yekunu olaraq   qəbul etdikləri birgə bəyanat onu deməyə əsas verir ki, Cənubi Qafqazdakı proseslərin  İrəvanın maraqlarına uyğun olmayan formada inkişaf edir. Bölgədə proseslər həm yeni dünya düzəninə, həm də Azərbaycanın bölgədəki yaratdığı  yeni reallıqların  tələblərinə uyğun şəkildə davam edir. Azərbaycanın yaratdığı bu reallıq  bölgədə marağı olan həm Qərb, həm  Rusiya. həm də digər  güclər tərəfindən qəbul edilir. Bunu biz dünın Moskvada imzalanan 30 bəndlik birgə bəyanatın müddəalarında da görə bilərik".
 Bunu "Ölkə.Az"a açıqlamasında deputat İltizam Yusifov deyib.

 Onun sözlərinə görə,  birgə bəyanatın müddəalarına nəzər salsaq  o zaman Azərbaycan Prezidentinin postmüharibə dövrü ilə bağlı yürütdüyü   diplomatiyanın uğurlarını, hətta onun iştirak etmədiyi görüşlərdə belə şahidi ola bilərik. "Ən əsas məqamlardan biri Azərbaycan Prezidentinin ATƏT MQ həmsədrlik institutu ilə  mövqeyinin Moskva tərəfindən də bir növ dəstəklənməsi oldu.  Bəyanatda sadəcə ATƏT MQ-nin təcrübəsindən faydalanmaq  kimi ifadə yer alıb.  De-fakto ATƏT MQ tarixin arxivinə atılıb.  ATƏT MQ-də həmsədr  ölkələr öz nümayəndələrini  başqa statusla proseslərə cəlb edirlər. ABŞ vaxtı ilə MQ-də həmsədr olan şəxs Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri təyin edib və həmin şəxs bölgədəki proseslərə məsuldur. Rusiya tərəfi də analoji addım atıb.  

İkincisi, istər Putin-Paşinyan görüşündə, istərsə də imzalanan birgə bəyanatda biz tez bir zamanda sülhü, sabitliyi və sıx inteqrasiya olunmuş əməkdaşlığı nəzərdə tutan  10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il bəyanatlarında nəzərdə tutulan müddəalarının icrasının yer alması bunun bariz nümunəsidir. Bəyanatda  xüsusi diqqət çəkən məqam isə İrəvan-Ankara münasibətlərinin normallaşdırılması istiqamətindəki addımların yüksək qiymətləndirilməsidir. 

Üçüncüsü, diqqət çəkən bəndlərdən biri Zəngəzur dəhlizi ilə bağlı layihənin icrasına   Moskvanın  hazır olmasının qeyd olunmasıdır"- o qeyd edib.

 Deputat hesab edir ki, Putin-Paşinyan görüşünün  əsas ana xəttini  Rusiyanın bölgədə sülhün yaranmasında  əsas təşəbbüskar  rolu və iştirakçı olmaq niyyəti  təşkil edib.
 Deputat onu  da  təəssüflə qeyd edib ki,  bu gün Ermənistan  Azərbaycanla sülh sazişi imzalamaqda elə də maraqlı görünmür: "Hər vasitə ilə prosesi uzadıb, vaxt qazanmağa çalışırlar.  Amma unudrlar ki, zaman itkisi Ermənistanın ziyanına işləyir. Bununla bağlı cənab Prezident İlham Əliyev həm 12 aprel müşavirəsində, həm də aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə səsləndirdiyi  fikirlər  yetər. Cənab Prezident bəyan etdi ki, Azərbaycan tərəfi dəmiryolu və avtomobil yolu ilə bağlı nəzərdə tutulan işlərin böyük bir qismini görsə də, Ermənistan tərəfindən bu istiqamətə heç bir addım atılmayıb. Belə ki, Azərbaycan bölgədə davamlı sülhün, əməkdaşlığın yaranıb, kommunikasiyalaırn açılması istiqamətində üzərinə düşən  vəzifələri yerinə yetirir. Azərbaycan bununla da konkret fəaliyyəti ilə sülhə və regional əməkdşalığa hazır olduğunu ortaya qoyur. İstərdik ki, Ermənistan tərəfi də destruktiv mövqedən əl çəkib buna  uyğun adekvat addım atsa daha yaxşı olar və  bölgədə sülh bərqərar olar.

Lakin biz tamam başqa bir mənzərənin şahidi oluruq. Ermənistan  sözdə sülhə hazır olduğunu bəyan etsə də, amma sülhün təmin edilməsi istiqamətində  real addımlar atmır. Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışır. Bu müsbət haldır. Lakin  biz bu deyilənlərin danışıqlar masasında  şahidi olmuruq. Çünki verilən rəsmi bəyanatlar  həyatda da  öz təsdiqini tapmalıdır. Bizsə bunu görmürük.

Ermənistandakılar onun da fərqində olmalıdır ki, bölgədə baş verən geosiyasi proseslər  onların xeyrinə uyğun şəkildə inkişaf etmir.  İndiyədək yürüdülən dalan siyasəti necə ki, Ermənistanı dalana dirəyib, bu siyasətin davam etməsi İrəvanı daha çıxılmaz duruma salacaq. Bundan da uduzan tərəf ancaq və ancaq  Ermənistan olacaq. Unutmamalıdırlar ki, yekunda  Ermənistan  məcburiyyət qarşısında qalaraq sülh sazişi imzalayacaq, amma o zaman  gecikən sazişin şərtləri  heç də onların xeyrinə olmayacaq".

Mürtəza
Ölkə.Az