“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi tədbir keçirdi

“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi 01 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlar arasında narkomaniya, zərərli vərdişlər və onların fəsadları və təhlükəsi  barədə məlumatlandırmanın keçirilməsi” adlı layihənin icrasına başladı. 3 aylıq layihə çərçivəsində təşkilatın (01.02.2022-01.05.2022) əsas məqsədi istər orta məktəblərdə, istərsə də bazarlarda, vağzallarda, küçələrdə əhalinin narkomaniyanın fəsadları, uşaqların bu baladan uzaq olması istiqamətində maarifləndirilməsidir. 
 Narkomaniya hər zaman olduğu kimi müasir dövrdə də cəmiyyətin aktual problemlərindən olaraq qalır. Bir ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir. Lakin bir qrup cinayətkar hər zaman puskudadır. Onlar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar.Təşkilat hər zaman olduğu kimi əsas diqqəti yenə də uşaqlara, yeniyetmələrə və onların yanlarında olan insanlara yönəltmək istəyir. Uzun illərdir küçə uşaqları ilə işlədiyimiz üçün bu uşaqlara daha çox qayğının göstərilməsinin vacibliyini bildiriririk. Ümumiyyətlə, layihədə əsas hədəf qrupları uçaqlar və yeniyetmələrdir.
 Təşkilat bu günlərdə Sabunçu rayonunda yerləşən 78 saylı tam orta məktəbdə və Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbdə Narkomaniyaya qarşı mübarizə və maarifləndirmə istiqamətində növbəti tədbirini keçirdi. 
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin müdiri Ədalət Teymurov, həmin şöbənin müavini Ceyhun Abbasov, Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işik təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elton Məmmədov, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəis müavini polis-mayoru Sahil Quliyev, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Turan Əhmədov məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Tədbir şagirdlərin hazırladıqları bədii-kompazisiya ilə davam etdi. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin müdiri Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi. Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Turan Əhmədov çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici bukletlərlə yanaşı, tibbi maskalar, spirt və digər gigiyenik vasitələr də  paylanıb.