“Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi...

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Cari ilin mart ayının 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları Azərbaycanın etibarlı tərəfdaş olduğunun və qarşıya qoyduğu planları bundan sonra da uğurla reallaşdıracağının növbəti sübutudur. Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı qeyd etmişdir: “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.

Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Dövlət başçısının da bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır. Əsas investorlar Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir.

Yeni geosiyasi çağırışlar Avropa İttifaqı üçün enerji konsepsiyası məsələsini də son dərəcə aktual edib. Xüsusilə də davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranına səbəb olub və “Köhnə dünya”da mövcud enerji böhranını daha da dərinləşdirib. Ölkə başçısı çıxışı zamanı Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişləndiyini vurğulayaraq bildirmişdir: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir”.

Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Bu gün qarşısında çoxsaylı çağırışları olan Azərbaycanın hərbi-siyasi gücünün artırılması, iqtisadi inkişafın və sosial rifahın gücləndirilməsi istiqamətində prioritetlərlə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi vəzifələr müəyyən etməsi qlobal müstəvidə ciddi hadisədir. Müşahidələr isə Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi COVID-19-la mübarizədə olduğu kimi, iqlim dəyişiklikləri üzrə qlobal səylərin birləşdirilməsi üzrə təşəbbüsləri də ələ almaq və bu istiqamətdə əsas oyunçulardan birinə çevrilmək perspektivindən xəbər verir.

Bir sözlə, COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi 2024-cü ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.

 

İbtidai təhsil fakültəsinin dekanı - prof. Qızxanım Nizaməddin qızı Qəhrəmanova