Hər bir xalqın tarixində elə
günlər var ki, həmin tarixlər milli yaddaşın ayrılmaz hissəsinə çevrilir,
azadlıq və mübarizə rəmzi kimi gələcək nəsillərə ötürülür. Azərbaycan
xalqı üçün 20 Oktyabr – Zəngilan Şəhəri Günü məhz belə əlamətdar tarixlərdən
biridir. Bu gün Zəngilanın işğaldan azad edilməsinin, tarixi ədalətin bərpasının
və doğma torpaqlara qayıdışın rəmzidir.
Zəngilan Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əlverişli
coğrafi mövqeyə malik rayonlarından biridir. Araz, Həkəri,
Oxçuçay və Bəsitçay kimi çayların əhatə etdiyi bu diyar təbii sərvətləri,
münbit torpaqları və tarixi abidələri ilə seçilir. Rayon Azərbaycanın cənub-qərbində
yerləşərək İranla sərhəd boyunca mühüm geostrateji əhəmiyyət daşıyır.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya
imperiyası tərəfindən işğalından sonra bölgədə aparılan inzibati dəyişikliklər
Zəngilanın da daxil olduğu Zəngəzur qəzasının idarəçilik sisteminə təsir göstərmişdir.
Sonrakı tarixi hadisələr, xüsusilə 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən
sonra baş verən ərazi dəyişiklikləri bölgənin taleyində mühüm rol oynamışdır. Zəngəzurun
bir hissəsinin Ermənistanın tərkibinə verilməsi nəticəsində Azərbaycanın tarixi
əraziləri parçalanmış, Zəngilan isə Azərbaycanın tərkibində qalmışdır.
Zəngilanın
tarixi yalnız siyasi hadisələrlə deyil, həm də onun zəngin mədəni və dini irsi
ilə səciyyələnir. Rayonda əsrlərin yadigarı olan məscidlər, türbələr, ziyarətgahlar,
körpülər, qədim yaşayış məskənləri və digər memarlıq nümunələri mövcud
olmuşdur. Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə, Şərifan abidələri, Hacallı
dairəvi bürcü, Bartaz Qız qalası və Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi bu
irsin dəyərli nümunələrindəndir. Bu abidələr Zəngilanın çoxəsrlik tarixini, xalqımızın dini-mənəvi
dünyasını və memarlıq ənənələrini əks etdirir. Onların qorunması
milli yaddaşın və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
1993-cü
ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan
rayonu işğal təhlükəsi ilə üzləşdi. Füzuli və Cəbrayıl rayonlarının işğalından
sonra mühasirə şəraitində qalan Zəngilanın müdafiəçiləri və sakinləri 67 gün ərzində
son dərəcə ağır şəraitdə mübarizə apardılar. 25–29 oktyabr 1993-cü il tarixlərində rayonun əhalisi
doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı. Araz çayını
keçərək İran ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarına sığınan zəngilanlılar
illərlə doğma torpaqlarından uzaqda yaşamalı oldular. Bu faciəli hadisələr
zamanı 235 nəfər şəhid olmuş və ya itkin düşmüşdür. İşğal dövründə Zəngilanın yaşayış məntəqələri,
infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qaldı. Tarixi
məscidlərə və digər abidələrə zərər dəydi. XIX əsrə aid Zəngilan şəhər məscidindən
təsərrüfat məqsədləri üçün istifadə edilməsi və onun ilkin görkəminin böyük
hissəsini itirməsi mədəni irsə vurulmuş zərərin nümunələrindəndir. Lakin bütün bu çətinliklər
zəngilanlıların doğma torpaqlarına qayıtmaq arzusunu söndürmədi. İllər
boyu qorunan bu arzu Azərbaycan xalqının əzmkarlığının, milli birliyinin və
tarixi yaddaşının ifadəsinə çevrildi.
2020-ci
il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası
yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində
qazandığı uğurlar Zəngilan rayonunun azad edilməsi üçün əlverişli şərait
yaratdı. Oktyabrın
18-də Zəngilanın azadlığı uğrunda əməliyyatlara başlanıldı. 2020-ci il
oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti
zamanı Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin,
eləcə də Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Sonrakı döyüşlər
nəticəsində rayonun digər yaşayış məntəqələri də azad edildi. Ümumilikdə
Zəngilan şəhəri, rayonun dörd qəsəbəsi və 49 kəndi Azərbaycan Ordusunun nəzarətinə
qaytarıldı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər doğma yurd həsrəti
ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəkləşməsi idi.
Zəngilanın
azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132
kilometrlik hissəsi də bərpa edildi. Bununla Azərbaycanın ərazi bütövlüyünün və
sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nəticə əldə edildi. Zəngilan uğrunda döyüşlərdə
iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə”
medalı təsis edildi. Döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 6974 hərbi
qulluqçu bu medalla təltif olundu.
Zəngilanın
azad edilməsindən sonra rayonda tarixi və dini abidələrin bərpasına başlanıldı.
Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidində bərpa və tikinti
işləri aparıldı. Tarixi məscid konservasiya olundu, onun yanında müasir
memarlıq həlləri əsasında yeni məscid binası inşa edildi. Məscidin açılışı
2024-cü il mayın 18-də baş tutdu. Bu
işlər təkcə dağıdılmış tikililərin bərpası deyil, həm də xalqımızın mədəni
irsinə ehtiramın nümayişidir. Zəngilanın tarixi abidələrinin qorunması, onların
tədqiqi və gələcək nəsillərə çatdırılması rayonun milli-mədəni həyatının yenidən
canlandırılmasının mühüm istiqamətlərindəndir.
Prezident
İlham Əliyevin azad edilmiş Zəngilana mütəmadi səfərləri də rayonun bərpası və
inkişafı prosesinə xüsusi diqqətin göstəricisidir. Bu səfərlər zamanı
infrastruktur layihələrinin təməli qoyulmuş, enerji və nəqliyyat obyektləri
istifadəyə verilmiş, yaşayış məntəqələrinin qurulması və əhalinin doğma
torpaqlara qayıdışı ilə bağlı mühüm addımlar atılmışdır. Bu gün Zəngilan işğalın ağır izlərini geridə
qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Ağalı kəndində həyata
keçirilən “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərdə müasir yaşayış
modelinin yaradılmasının nümunəsidir. Burada yaşayış evləri, sosial obyektlər,
rəqəmsal rabitə infrastrukturu və alternativ enerji sistemləri qurulub. Zəngilan şəhərində yeni
yaşayış komplekslərinin tikintisi, məktəb və digər sosial obyektlərin inşası,
yolların çəkilməsi, enerji infrastrukturunun yaradılması insanların doğma
torpaqlara qayıdışını sürətləndirir. 2026-cı ildə şəhərdə ilk 104 mənzilli
yaşayış kompleksinin istifadəyə verilməsi bu istiqamətdə mühüm hadisələrdən
biri olub. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd
avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu layihələri rayonun nəqliyyat
imkanlarını genişləndirir. Kənd təsərrüfatı, turizm və sənaye sahələrində həyata
keçirilən layihələr isə yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın
artmasına zəmin yaradır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı
ilə 20 oktyabrın Zəngilan Şəhəri Günü kimi təsis edilməsi bu tarixin rəsmi əhəmiyyətini
daha da artırıb. 20 Oktyabr Zəngilan üçün azadlığın, qürurun, milli birliyin və
gələcəyə inamın təcəssümüdür. Bu gün həm Vətən uğrunda canından keçən şəhidlərin
xatirəsini ehtiramla yad etmək, həm də doğma torpaqlarına qayıdan insanların
sevincini bölüşmək günüdür. Zəngilanın yenidən qurulması, tarixi irsinin
qorunması və sakinlərinin doğma yurdlarında məskunlaşması Azərbaycanın gücünün,
iradəsinin və sülhə əsaslanan quruculuq siyasətinin ifadəsidir. Bu
qədim diyarın yenidən canlanması xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi qələbənin
davamıdır.
Səyavuş Qasımov, Avrasiya
Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent