27 Sentyabr – Anım Günü: “Şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur”

27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinin yad edildiyi gündür. Sentyabrın 27-si Prezidentin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Anım Günü təsis edilib.

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Dinara Bayramlı Anım Günü ilə bağlı fikirlərini bölüşərək bildirib ki, şəhidlərin xatirəsinin yaşadılması yalnız müəyyən bir tarixlə məhdudlaşmamalıdır.

“27 Sentyabr hər bir azərbaycanlı üçün xüsusi məna daşıyan gündür. Bu tarix bizə Vətən uğrunda canından keçən insanların qarşısında daşıdığımız mənəvi məsuliyyəti bir daha xatırladır.

Şəhidlərimizin xatirəsini ehtiramla yad etməklə yanaşı, onların həyat və qəhrəmanlıq tarixini gələcək nəsillərə doğru şəkildə çatdırmaq da bizim borcumuzdur”, – deyə Dinara Bayramlı bildirib.

QHT sədri xüsusilə gənc nəslin tarixi yaddaşının formalaşdırılmasının vacibliyini qeyd edib:

“Gənclər 27 Sentyabrın nə ifadə etdiyini yalnız tarix kitabından öyrənməməlidirlər. Onlar həmin dövrün insanlarının yaşadıqlarını, cəmiyyətimizin göstərdiyi həmrəyliyi, şəhid ailələrinin və qazilərimizin keçdiyi yolu bilməlidirlər. Tarixi yaddaş yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək qarşısında məsuliyyət hissidir.”

Dinara Bayramlı bildirib ki, vətəndaş cəmiyyəti təşkilatlarının da gənclər arasında tarixi yaddaşın qorunması, vətənpərvərlik və sosial məsuliyyət dəyərlərinin təşviqində rolu var.

“Bu gün şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələrinə səbir diləyirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.”

Allah bütün şəhidlərimizə rəhmət eləsin.