Azərbaycan-Özbəkistan əbədi dostluğu

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.

Ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Bunun əyani göstəricisidir ki, son zamanlarda dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlərarası komissiyaların toplanılarını, eləcə də parlament səviyyəsində müxtəlif tədbirlərin keçirilməsini müşahidə etməkdəyik.

Bu məcrada Azərbaycan ilə Özbəkistan arasında formalaşmış qardaşlıq münasibətlərini xüsusi vurğulamaq olar. Belə ki, iki ölkə arasında münasibətlər bu gün təkcə ikitərəfli dostluq çərçivəsi ilə məhdudlaşmır, həm də türk dünyasının inteqrasiyasında və Avrasiya məkanında yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında aparıcı rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin yüksək siyasi iradəsi, qarşılıqlı səfərləri və imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək zirvəyə qaldırıb. Dövlət başçılarının müəyyən etdiyi bu strateji kursun qanunvericilik müstəvisində dəstəklənməsi isə parlament diplomatiyasının qarşısında duran ən mühüm vəzifədir.

Məhz bu baxımdan, 25 Noyabr 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə keçirilən II Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi yolunda növbəti addım oldu. Milli Məclisin sədri Sahibə Qafarovanın və Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə baş tutan bu mötəbər tədbir bir daha sübut etdi ki, qanunverici orqanlarımız dövlətlərarası sazişlərin icrasına nəzarət etməklə yanaşı, yeni əməkdaşlıq təşəbbüslərinin müəllifi kimi də çıxış edirlər.

Qeyd edim ki, 2025-ci ildə Özbəkistanın tarixi Xivə şəhərində keçirilən I Parlamentlərarası Forumda qəbul edilmiş Xivə Bəyannaməsi qanunverici orqanlarımız arasında sistemli dialoqun əsasını qoydu. Bakı Forumu isə bu yolun məntiqi davamı olaraq əməkdaşlığımızı daha konkret və praktiki müstəviyə keçirdi. Forum çərçivəsində Parlamentlərarası Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsi və yekun sənəd kimi Bakı Bəyannaməsinin qəbul edilməsi qardaşlıq münasibətlərinin müasir dövlət idarəetməsi prinsipləri əsasında inkişafına xidmət edir. 

Bu gün Azərbaycan və Özbəkistan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas aktorları kimi çıxış edir. Nəqliyyat-logistika, energetika, rəqəmsal iqtisadiyyat və sənaye sahələrində reallaşdırılan birgə layihələr ikitərəfli ticarət dövriyyəsinin 2030-cu ilə qədər 1 milyard ABŞ dollarına çatdırılması hədəfinin tam real olduğunu göstərir. Parlamentlərimizin üzərinə düşən əsas missiya məhz bu iqtisadi sıçrayışı təmin edəcək hüquqi bazanın uyğunlaşdırılması və investisiya mühitinin daha da inkişaf etdirilməsidir.

Bununla yanaşı, münasibətlərin dayanıqlı olması üçün iqtisadi və siyasi bağların gənc nəslin mənəvi dünyası ilə möhkəmləndirilməsi zəruridir. Forumun gündəliyinə uyğun olaraq keçirilən panel müzakirələrində iqtisadiyyat, ticarət, investisiyalar və yaşıl enerji ilə yanaşı, humanitar, mədəni, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri də geniş təhlil olundu. 

Qeyd edim ki, Forumun 3-cü panel sessiyasında “Ortaq milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm amil olaraq gənclər və idman sahəsində əməkdaşlıq” mövzusunda çıxışım zamanı sürətli qloballaşma və rəqəmsal transformasiyalar dövründə milli kimliyin, tarixi yaddaşın və ortaq mənəvi dəyərlərin qorunmasının strateji əhəmiyyətinə xüsusi toxundum. Ümummilli lider Heydər Əliyevin gənclərin gələcəyin idarəçiləri olması barədə uzaqgörən kəlamını və Prezident İlham Əliyevin müəyyən etdiyi azərbaycançılıq məfkurəsinin birləşdirici fəlsəfəsini rəhbər tutaraq qeyd etdim ki, gənclik gələcəyin enerjisi, idman isə sərhəd tanımayan universal ünsiyyət dilidir.

Ortaq gənclər düşərgələrinin, könüllülük hərəkatlarının təşkili, eyni zamanda rəqəmsal məkanda gənclərin şüurunu zərərli yad təsirlərdən qoruyan milli kontentin yaradılması bu gün hər iki ölkə üçün prioritetdir. Ölkəmizin nüfuzlu beynəlxalq idman turnirlərinə və qlobal gənclər forumlarına ev sahibliyi etməsi, eləcə də 44 günlük Vətən müharibəsində gənclərimizin və müzəffər Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan möhtəşəm dirçəliş işləri milli irsimizin gələcək nəsillərə ötürülməsinin canlı nümunəsidir. Bu baxımdan, 3-cü sessiyada səsləndirdiyim təklif və yanaşmaların Forumun yekun sənədi olan Bakı Bəyannaməsinin 14-cü bəndində öz əksini tapması parlament diplomatiyamızın səmərəliliyinin və irəli sürülən təşəbbüslərə verilən yüksək dəyərin bariz göstəricisidir.

Bakı Forumu, eyni zamanda, Azərbaycan və Özbəkistan parlamentarilərinin beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edərək bir-birinin haqlı işini qətiyyətlə dəstəklədiklərini ortaya qoydu. Özbəkistanın işğaldan azad olunmuş Qarabağın bərpasına verdiyi qardaşlıq töhfəsi — Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası xalqlarımızın yaddaşında əbədi yaşayacaq mənəvi abidədir. Eyni zamanda, azad edilmiş ərazilərimizdə birgə iqtisadi və mədəni layihələrin genişləndirilməsi barədə Forumda aparılan müzakirələr gələcək əməkdaşlığımızın nə qədər dərin köklərə malik olduğunu göstərir.

Beləliklə, II Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu ortaq mənəvi dəyərlərimizin və hər iki ölkədə həyata keçirilən köklü islahatların qarşılıqlı şəkildə daha da zənginləşməsinə xidmət etdi. Bakı Bəyannaməsində təsbit olunan müddəaların ardıcıl icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi və Birgə Komissiyanın səmərəli fəaliyyəti Azərbaycan və Özbəkistan münasibətlərinin davamlı inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı