2001-ci il avqustun 9-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bayram kimi qeyd edilir.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Bu gün yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ana dilində gənclərə iki şeir ünvanlayıb: “Eşqim” və “Gənclik”.
Şair gənclik illərində yaşanan saf, təmiz, bir hissiyyatla yaşanan duyğuları “Eşqim” şeirində əks etdirir. Şair sevgisiz həyatı cəhənnəmə bənzədərək oxucuya sual verir: “Sənsiz cənnət olsa mənə bu aləm de nəyimə gərək? Səninlə cəhənnəm cənnətdir mənə...”
“Gənclik” şeirində şair deyir: “Eşqim gedən qatar geriyə dönmür! Bu gənc yaşda itib mənim gəncliyim”. Müəllif hər iki şeirində gənclərə sahib olduqları saf sevgiyə dəyər verməyi, onu zamanında qiymətləndirməyi tövsiyə edir.
Şeir poeziyasevərlərə təqdim edilir.