44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə yanaşı, xalqımızın milli iradəsini, dövlətçilik əzmini və xalq–ordu–dövlət birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Uzun illər ərzində Azərbaycan torpaqlarının bir hissəsi işğal altında qalmış, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdü. Şəhər və kəndlər dağıdılmış, tarixi, mədəni və dini irsə ciddi ziyan vurulmuşdu. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılması tələb olunsa da, bu sənədlərin icrası uzun müddət təmin edilmədi.
Bu gərginlik və böhran fonunda Azərbaycan bir tərəfdən diplomatik danışıqlar prosesində iştirak edir, digər tərəfdən iqtisadi, siyasi və hərbi potensialını gücləndirirdi. Azərbaycan Ordusunun modernləşdirilməsi, müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və müasir silah sistemləri ilə təchizatı istənilən tapşırığı yerinə yetirmək üçün zəmin yaradırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana məxsus mövqelər və yaşayış məntəqələri boyu törətdiyi təxribatlar törətməyə başladı. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına keçdi. 44 gün davam edən Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi, strateji yüksəkliklərə nəzarətin təmin olunması Azərbaycan Ordusunun döyüş qabiliyyətini və hərbi potensialını nümayiş etdirdi.
Müharibənin ən mühüm reallıqlarından biri xalq-ordu-dövlət birliyi idi. Cəbhədə əsgər və zabitlər döyüşür, arxa cəbhədə isə milyonlarla insan ordunun mənəvi dayağına çevrilirdi. Şəhid ailələrinin, qazilərin, hərbçilərin və bütün cəmiyyətin nümayiş etdirdiyi həmrəylik Zəfərin mənəvi-siyasi dayaqlarından biri oldu. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici hadisələrdən biri oldu. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla hərbi əməliyyatların dayandırılması, həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olundu. Sənəddə həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar yer alırdı. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi dönüşü gerçəkləşdirdi. Bu Qələbənin arxasında Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti, Azərbaycan Ordusunun döyüş hazırlığı, hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı ilə yanaşı, xalqın və dövlətin vahid məqsəd ətrafında səfərbər olması dayanırdı.
Vətən müharibəsinin ən mühüm göstəricilərindən biri xalq–ordu–dövlət birliyinin strateji əhəmiyyətidir. Dövlətin müəyyən etdiyi məqsədlə xalqın iradəsi, Ordunun gücü və cəmiyyətin həmrəyliyi eyni istiqamətdə birləşdikdə qarşıya qoyulan milli məqsədlərin reallaşdırılması üçün güclü ictimai-siyasi zəmin yaranır.
Müharibə günlərində Azərbaycanın müxtəlif sosial qruplarını birləşdirən əsas amil ümummilli məqsəd idi. İnsanlar yaşından, sosial statusundan və peşəsindən asılı olmayaraq Ordunun yanında idi. Bu birlik həm döyüş meydanında, həm də informasiya cəbhəsində, diplomatik müstəvidə və arxa cəbhədə də özünü göstərdi. Məhz buna görə də xalqın həmrəyliyinə və dövlət–cəmiyyət münasibətlərinə xələl gətirməyə yönəlmiş təxribatçı cəhdlər cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi. Ayrı-ayrı qərəzli dairələrin ictimai həmrəyliyi zəiflətməyə, xalqla dövlət arasında qarşıdurma görüntüsü yaratmağa və Ordunun nüfuzuna kölgə salmağa yönəlmiş cəhdləri geniş ictimai dəstək qazanmadı. Bu isə onu deməyə əsas verir ki, milli birlik hər hansı siyasi mövqedən və ya fərdi yanaşmadan daha geniş anlayışdır. Dövlətçilik, ərazi bütövlüyü, suverenlik və milli təhlükəsizlik kimi fundamental məsələlər cəmiyyətin böyük əksəriyyəti üçün ümumi dəyər olaraq qalır. Bu baxımdan xalq–ordu–dövlət birliyinə qarşı yönələn parçalama cəhdlərinin nəticəsiz qalması Azərbaycan cəmiyyətində milli həmrəyliyin strateji faktor olduğunu göstərdi.
2020-ci il Qələbəsindən sonra dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi əsas prioritetə çevrildi. 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş antiterror əməliyyatdan sonra Azərbaycan öz suverenliyinin bütün ərazisində bərpa olunduğunu bəyan etdi. Azərbaycan Prezidentinin 2024-cü il sərəncamında 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu tarixi mərhələnin dövlətçilik baxımından əhəmiyyətini əks etdirir.
Vətən müharibəsindən sonra Cənubi Qafqazda siyasi, təhlükəsizlik və iqtisadi münasibətlər sistemində də mühüm dəyişikliklər baş verdi. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, regional iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh prioritetə çevrildi. Qarabağ və Şərqi Zəngəzurun bərpası isə bu yeni mərhələnin əsas istiqamətlərindəndir.
Azərbaycanın son illərdə keçdiyi şərəfli yol göstərir ki, xalqın həmrəyliyi və dövlətçilik düşüncəsi ölkənin ən mühüm ictimai dayaqlarından biridir.