AQEM-in Bakı sammiti: beynəlxalq hüquq, diplomatik etimad və ədalətli dünya nizamı

Müasir dünya nizamı dövlətlərin milli maraqları, geosiyasi rəqabət və beynəlxalq əməkdaşlıq meyillərinin qarşılıqlı təsiri şəraitində inkişaf edir. Bir tərəfdən, dövlətlər iqtisadi inteqrasiyanı, nəqliyyat bağlantılarını və çoxtərəfli əməkdaşlığı genişləndirirlər, digər tərəfdən isə regional münaqişələr, geosiyasi rəqabət və beynəlxalq hüququn tətbiqində müşahidə olunan fərqli yanaşmalar qlobal təhlükəsizliyə təsir göstərir. Belə bir şəraitdə dövlətlərarası münasibətlərin hansı prinsiplər üzərində qurulması məsələsi yalnız diplomatiyanın deyil, həm də siyasi fəlsəfənin və beynəlxalq hüquq nəzəriyyəsinin əsas problemlərindən birinə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakı sammitindəki çıxışı məhz bu problemlər ətrafında formalaşır. Çıxışda beynəlxalq hüququn icrası, dövlətlərin suverenliyi, ikili standartlar, münaqişələrin nəticələri, sülhün qorunması və çoxtərəfli diplomatiyanın imkanları bir-biri ilə əlaqəli məsələlər kimi təqdim olunur. Bu fikirlərin əhəmiyyəti Azərbaycanın keçdiyi tarixi yolun izahı ilə yanaşı, həm də müasir beynəlxalq sistemin fəaliyyət prinsipləri barədə ortaya qoyduğu suallardadır.

AQEM-in yaranması XX əsrin sonlarında beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər və Asiyada regional təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə bağlıdır. Təşkilatın yaradılması ideyası 1992-ci il oktyabrın 5-də Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülmüşdür. Təşəbbüsün məqsədi Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün dövlətlər arasında dialoqa və etimad tədbirlərinə əsaslanan ümumi platforma yaratmaq idi. 

AQEM-in inkişafı göstərir ki, etimad yalnız xoş niyyət bəyanatları ilə formalaşmır. O, ardıcıl siyasi dialoq, qarşılıqlı öhdəliklər və praktik əməkdaşlıq nəticəsində möhkəmlənir. Təşkilatın fəaliyyəti zamanla təhlükəsizlik məsələlərindən iqtisadi əməkdaşlığa, nəqliyyat əlaqələrinə, ekologiyaya, təhsilə və humanitar sahələrə doğru genişlənmişdir. Bu, regional təhlükəsizliyin çoxölçülü xarakter aldığını göstərir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın geosiyasi mövqeyini belə ifadə edir: “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır.”

Bu fikir coğrafiyanın dövlət siyasətindəki rolunu daha geniş mənada anlamağa imkan verir. Coğrafi mövqe özlüyündə siyasi təsir gücünə zəmanət vermir. Onun strateji üstünlüyə çevrilməsi nəqliyyat və enerji infrastrukturunun inkişafından, diplomatik fəallıqdan, etibarlı tərəfdaşlıq münasibətlərindən və iqtisadi əməkdaşlıq imkanlarından asılıdır. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafına verdiyi diqqət ölkənin regional əlaqələndirici rolunun əsas istiqamətlərindən biridir. Bu baxımdan bağlantı anlayışı yalnız yüklərin və insanların hərəkəti ilə məhdudlaşmır. Məlumat mübadiləsi, elmi əməkdaşlıq, təhsil, turizm və humanitar münasibətlər də müasir dövlətlərarası əlaqələrin mühüm komponentləridir.

Diplomatik nəzəriyyədə dövlətin nüfuzu yalnız onun malik olduğu resurslarla ölçülmür. Əsasən həmin resurslardan ortaq maraqlar yaratmaq üçün necə istifadə etməsi ilə də əlaqələndirilir. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, təhsil və elm sahələrinə diqqət yetirməsi bu mənada çoxtərəfli əməkdaşlığın praktiki məzmununu genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin hər bir diplomatik təşəbbüsün uzunmüddətli səmərəliliyi konkret nəticələrlə ölçülür. Siyasi dialoqun iqtisadi layihələrə, qarşılıqlı faydaya və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsi dövlətlər arasında etimadın möhkəmlənməsinə kömək edir.

Cənab İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri beynəlxalq hüququn tətbiqində mövcud olan problemlərdir. Burada Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ikili standartlarla üzləşdiyi önə çəkilir və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun müddət icra olunmamasını bu problemin nümunəsi kimi göstərir. Bu mövzu beynəlxalq münasibətlər nəzəriyyəsinin ən mürəkkəb suallarından birini gündəmə gətirir: hüquqi norma mövcud olduğu halda onun icrası təmin edilmirsə, beynəlxalq sistemdə hüququn real təsir gücü necə qorunmalıdır?

Beynəlxalq hüquq dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, güc tətbiqindən çəkinmə və mübahisələrin dinc yolla həlli kimi fundamental prinsiplərə əsaslanır. Lakin hüquqi normaların mövcudluğu ilə onların həyata keçirilməsi arasında həmişə lazımi əlaqə yaranmır. Qərarların icrası siyasi iradədən, institusional imkanlardan və dövlətlərin beynəlxalq öhdəliklərinə münasibətindən asılıdır.

ABŞ-nin keçmiş Prezidenti Duayt Eyzenhauer 1957-ci ildə BMT-nin roluna toxunarkən hüquq və ədalətin beynəlxalq sülh üçün əhəmiyyətini vurğulayırdı. Onun fikrincə, ədalət olmadan dünya yalnız gərgin və qeyri-sabit atəşkəslə kifayətlənə bilər. Hüquqa bütün dövlətlər tərəfindən hörmət edilmədikdə isə güclülərin zəiflərə münasibəti hüquqi ədalətin yerini tuta bilər. Bu yanaşma Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələ ilə məzmun baxımından eynilik təşkil edir. Hər iki yanaşmada hüququn universal xarakteri və onun bütün dövlətlərə münasibətdə ardıcıl tətbiqi vacib meyar kimi ortaya qoyulur.

Bununla belə, beynəlxalq hüququn elmi təhlilində siyasi bəyanatlarla hüquqi nəticələri fərqləndirmək lazımdır. Konkret münaqişələrə, dövlətlərin məsuliyyətinə və ayrı-ayrı hadisələrin hüquqi təsnifatına qiymət verərkən beynəlxalq sənədlər, sübutlar və tətbiq olunan hüquq normaları əsas götürülməlidir. Məhz bu yanaşma ikili standartların qarşısının alınması üçün etibarlı zəmin yarada bilər.

Beynəlxalq hüququn legitimliyi yalnız onun kağız üzərində mövcudluğu ilə ölçülmür, pozuntulara münasibətdə ardıcıl tətbiqi ilə ölçülür. Əgər dövlətlər hüquqi prinsipləri yalnız öz maraqlarına uyğun olduqda müdafiə edirlərsə, beynəlxalq sistemə etimad zəifləyir. Buna görə də hüququn universallığı diplomatik ritorikadan daha çox, gündəlik beynəlxalq davranışda öz təsdiqini tapmalıdır.

Prezident İlham Əliyev çıxışında 2020-ci il Vətən müharibəsini və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpasını ölkənin uzun müddət həllini tapmayan münaqişəyə verdiyi cavab kimi təqdim edir. O, münaqişənin onilliklər ərzində davam etməsini və beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalmasını da ayrıca vurğulayır.

Bu fikirlərin təhlili üçün münaqişələrin həlli nəzəriyyəsində mühüm yer tutan bir fərqi nəzərə almaq lazımdır. Belə ki, müharibənin hərbi baxımdan başa çatması ilə davamlı sülhün qurulması eyni proses deyil. Birinci mərhələ döyüşlərin dayandırılması və yeni siyasi reallıqların yaranması ilə bağlıdırsa, ikinci mərhələ həmin reallıqların sabit və hüquqi baxımdan dayanıqlı münasibətlər sisteminə çevrilməsini tələb edir.

Cənab Prezidentin çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətinə yönələn tənqid bu baxımdan vasitəçilik mexanizmlərinin səmərəliliyi məsələsini gündəmə gətirir. Beynəlxalq vasitəçiliyin məqsədi yalnız danışıqlar prosesini davam etdirmək olmamalıdır. Münaqişənin həlli üçün real imkanlar yaratmaq, tərəflər arasında razılaşmaları təşviq etmək və sülh perspektivini möhkəmləndirmək əsas şərtlərdəndir. Münaqişələrin uzun müddət həll olunmadan qalması tərəflər arasında etimadsızlığı dərinləşdirə, təhlükəsizlik dilemmasını gücləndirə və yeni qarşıdurma risklərini artıra bilər. Buna görə diplomatik mexanizmlərin səmərəliliyi münaqişənin səbəblərinin aradan qaldırılmasına verdiyi töhfə ilə qiymətləndirilməlidir.

Bununla yanaşı, hərbi nəticələrdən sonra siyasi məsuliyyət daha da artır. Sülhün davamlı olması üçün sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli, qarşılıqlı təhlükəsizlik təminatları və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə ardıcıl fəaliyyət tələb olunur.

Bu mənada Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlı Prezidentin təqdim etdiyi siyasi mövqe ilə regionda davamlı sülhün qurulması vəzifəsi bir-birindən ayrılmamalıdır. Uzunmüddətli sabitlik hüquqi reallıqların tanınması, qarşılıqlı öhdəliklərə əməl olunması və gələcəyə yönəlmiş əməkdaşlıqla möhkəmlənə bilər.

Çıxışın fəlsəfi baxımdan diqqətəlayiq məqamlarından biri müharibədən sonrakı davranışla bağlıdır. Prezident İlham Əliyev bildirir: “Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik.” Bu cümlə yalnız siyasi mövqenin ifadəsi olaraq qəbul edilməməlidir. Bu həm də güc, ədalət və mənəvi məsuliyyət arasındakı münasibəti əsas şərt kimi ortaya çıxarır. Burada əsas məsələ hərbi nəticənin özündən daha genişdir, yəni dövlətin əldə etdiyi üstünlükdən hansı məqsədlər naminə istifadə etməsi və münaqişədən sonrakı mərhələdə hansı davranış modelini seçməsidir.

Qisas və ədalət anlayışları arasında mühüm fərq mövcuddur. Qisas keçmişdə baş vermiş zərərə emosional cavab kimi meydana çıxa bilər. Hüquqi ədalət isə məsuliyyətin sübutlar əsasında müəyyənləşdirilməsini, qanuni prosedurlara riayət olunmasını və cəzanın hüquq çərçivəsində tətbiqini tələb edir.

Bu fikir Prezidentin çıxışında sülh təklifinin önə çəkilməsi ilə əlaqəli şəkildə təhlil oluna bilər. Hərbi qələbə müəyyən məqsədlərin əldə edilməsini ifadə edir, lakin siyasi irsin uzunmüddətli dəyəri sülhün, təhlükəsizliyin və sabitliyin qurulmasına verilən töhfə ilə də ölçülür.

Fəlsəfi baxımdan gücün mənəvi məsuliyyətlə əlaqələndirilməsi dövlətçilik mədəniyyətinin mühüm məsələsidir. Dövlətin təhlükəsizliyini təmin etmək hüququ ilə insan ləyaqətinin qorunması, beynəlxalq humanitar hüquqa riayət və hüquqi məsuliyyət prinsipləri bir-birini istisna etmir. Əksinə, onların uzlaşdırılması davamlı sülhün əsas şərtlərindən biridir. Canab Prezidentin sülhün hələ də kövrək olduğunu və onun qorunub möhkəmləndirilməsinin vacibliyini vurğulaması bu məqamı tamamlayır. Deməli, sülh yalnız əldə edilən siyasi nəticə deyil, qorunması üçün davamlı iradə, hüquqi təminatlar və qarşılıqlı etimad tələb edən prosesdir.

AQEM-in yaradılması ideyası dövlətlərin təhlükəsizlik məsələlərini dialoq vasitəsilə müzakirə etmək və etimad tədbirləri yaratmaq məqsədinə əsaslanır. Bu məqsəd müasir dövrdə də aktuallığını qoruyur. Lakin hər bir beynəlxalq təşkilatın səmərəliliyi onun bəyan etdiyi prinsiplərlə yanaşı, həmin prinsiplərin praktik nəticələrə çevrilməsi ilə müəyyən olunur.

ABŞ-nin keçmiş Prezidenti Franklin Ruzvelt BMT-nin yaranması ərəfəsində dünya sülhünün bir dövlətin və ya bir siyasi qüvvənin səyi ilə qurula bilməyəcəyini, bunun bütün dünyanın əməkdaşlığına söykənməli olduğunu vurğulamışdı. Bu fikir BMT-nin hüquq məsələləri üzrə materialında da təqdim olunur. Ruzveltin yanaşması çoxtərəfli diplomatiyanın əsas məntiqini ifadə edir: qlobal təhlükəsizlik ortaq məsuliyyət tələb edir. Heç bir dövlət beynəlxalq münasibətlər sistemində bütün problemləri təkbaşına həll edə bilməz. Eyni zamanda, kollektiv əməkdaşlığın səmərəsi dövlətlərin qəbul edilmiş qərarların həyata keçirilməsində iştirakından asılıdır.

AQEM-in institusional inkişafı da bu baxımdan əhəmiyyətlidir. Təşkilatın fəaliyyətində siyasi dialoqun, nəqliyyat bağlantılarının, rəqəmsallaşmanın, ekologiyanın, təhsilin və humanitar əməkdaşlığın genişləndirilməsi üzv dövlətlər arasında ortaq maraqların yaradılmasına xidmət edə bilər.

Azərbaycanın sədrliyi çərçivəsində bu istiqamətlərə diqqət yetirilməsi çoxtərəfli diplomatiyanın praktik məzmununun genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, institusional fəaliyyət yalnız yeni təşəbbüslərin irəli sürülməsi ilə məhdudlaşmamalıdır. Qərarların icrası, fəaliyyətin davamlılığı, nəticələrin qiymətləndirilməsi və üzv dövlətlər arasında koordinasiya da mühüm rol oynamalıdır.

Prezident İlham Əliyevin AQEM-in Bakı sammitindəki çıxışı beynəlxalq hüququn icrası, suverenlik, münaqişələrin həlli, regional əməkdaşlıq və sülhün mənəvi əsasları kimi bir-biri ilə əlaqəli məsələləri gündəmə gətirir. Çıxışın əsas məzmunu Azərbaycanın tarixi təcrübəsi ilə yanaşı, beynəlxalq münasibətlər sistemində hüquq və siyasi iradə arasındakı münasibətə dair daha geniş müzakirəyə imkan yaradır.

Beynəlxalq hüququn səmərəliliyi qəbul edilmiş normaların real həyatda tətbiqindən asılıdır. Hüquqi prinsiplərin bütün dövlətlərə münasibətdə ardıcıl qorunması beynəlxalq institutlara etimadı artırır, selektiv yanaşma isə həmin etimadı zəiflədə bilər. Bu səbəbdən beynəlxalq sistemin gələcəyi hüquqi öhdəliklərlə siyasi davranış arasında daha möhkəm əlaqənin qurulmasını tələb edir. Sülh fəlsəfəsinin əsas ideyası müharibənin başa çatması ilə bərabər, hüquqi ədalətin, qarşılıqlı təhlükəsizliyin və insan ləyaqətinin qorunması ilə təmin oluna bilər. Eyni zamanda, dövlətlərin milli maraqları ilə beynəlxalq məsuliyyət arasında tarazlıq yaradılması qlobal sabitliyin vacib şərtidir.

Bakı sammitinin əsas ideya istiqamətlərindən biri ədalətli dünya nizamının beynəlxalq hüququn prinsiplərinə ardıcıl riayət olunması, diplomatik dialoqun konkret nəticələr verməsi və sülhün bütün dövlətlərin ortaq məsuliyyəti kimi qəbul edilməsi ilə bağlıdır.

Rövşən Əliyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti