Müasir beynəlxalq münasibətlər
sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə
deyil, həm də milli maraqlarını qorumaq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq
və qlobal proseslərdə fəal iştirak etmək bacarığı ilə müəyyən olunur. Bu
baxımdan Azərbaycan son illərdə regional və beynəlxalq miqyasda nüfuzunu gücləndirən,
müxtəlif dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verən və müstəqil
xarici siyasət kursunu ardıcıl şəkildə həyata keçirən ölkə kimi diqqət çəkir.
Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi
fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini, keçdiyi
tarixi yolu və gələcəyə dair prioritetlərini aydın şəkildə ifadə edir.
Dövlət başçısının çıxışında Azərbaycanın
coğrafi mövqeyinin yaratdığı imkanlar, ölkəmizin Avrasiya məkanında birləşdirici
mərkəz kimi artan rolu və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində
həyata keçirilən siyasət xüsusi yer tuturdu. Avropa ilə Asiyanın kəsişməsində
yerləşən Azərbaycan siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə
müxtəlif dövlətlərlə əlaqələrini inkişaf etdirərək regional əməkdaşlığın möhkəmlənməsinə
mühüm töhfə verir. Bu əməkdaşlıq yalnız iqtisadi maraqların uzlaşdırılmasına
deyil, eyni zamanda regionda təhlükəsizliyin, sabitliyin və qarşılıqlı etimadın
gücləndirilməsinə xidmət edir.
Azərbaycanın xarici siyasətinin
əsasını dövlətlərin bərabərhüquqluluğu, suverenliyə hörmət, daxili işlərə
qarışmamaq və ərazi bütövlüyünün qorunması kimi fundamental prinsiplər təşkil
edir. Prezident İlham Əliyevin çıxışında bu prinsiplərin xüsusi vurğulanması təsadüfi
deyildi. Çünki beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqi
qlobal təhlükəsizliyin təmin olunması üçün mühüm şərtdir. Dövlətlərə münasibətdə
ikili standartların tətbiqi, ayrı-ayrı münaqişələrə seçici yanaşma və beynəlxalq
təşkilatların qəbul etdiyi qərarların icrasına münasibətdə fərqli mövqelərin
nümayiş etdirilməsi isə beynəlxalq sistemə olan etimadı zəiflədir. Azərbaycan
uzun illər ərzində məhz belə yanaşmalarla üzləşmiş və öz milli maraqlarını
qorumaq uğrunda mürəkkəb mübarizə aparmışdır.
Prezident İlham Əliyev
çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərə,
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə və beynəlxalq
ictimaiyyətin bu məsələdə nümayiş etdirdiyi fəaliyyətsizliyə diqqət çəkdi. Ermənistanın
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini 30
ilə yaxın müddətdə işğal altında saxlaması, bir milyon azərbaycanlının doğma
yurdlarından didərgin salınması və etnik təmizləmə siyasətinə məruz qalması
xalqımızın yaşadığı ağır tarixi həqiqətlərdir.
Bu prosesdə beynəlxalq təşkilatların
fəaliyyəti ilə bağlı suallar da uzun müddət gündəmdə olmuşdur. BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş ərazilərdən qüvvələrin
çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilməməsi beynəlxalq
hüququn tətbiqində mövcud olan ciddi problemləri ortaya qoyurdu. Münaqişənin həlli
məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz qalmış,
münaqişənin həlli istiqamətində real irəliləyiş əldə edilməmişdi. Belə bir şəraitdə
Azərbaycan öz ərazi bütövlüyünün bərpası məsələsini beynəlxalq hüquqa əsaslanan
siyasi və diplomatik müstəvidə həll etməyə çalışsa da, Ermənistanın davam edən
təxribatları vəziyyəti daha da mürəkkəbləşdirirdi.
2020-ci ildə baş verən Vətən
müharibəsi Azərbaycanın müasir tarixində həlledici mərhələ oldu. Qırx dörd gün
davam edən müharibə zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq
və qətiyyət nümayiş etdirərək işğal altındakı çoxsaylı şəhər və kəndləri azad
etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar
dayandırıldı. Lakin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası
məsələsi hələ də qarşıda duran əsas vəzifə olaraq qalırdı.
Azərbaycan sonrakı dövrdə bu məsələnin
sülh yolu ilə həllinə çalışdı. Bununla belə, Ermənistanın hərbi potensialını bərpa
etməsi və bölgədə gərginliyi artıran addımları davam etdirməsi yekun sülhün əldə
olunmasını çətinləşdirirdi. Nəhayət, 2023-cü ilin sentyabrında həyata keçirilən
antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi
bütövlüyünü tam bərpa etdi, ölkə ərazisində separatizmə son qoyuldu. Beləliklə,
uzun illər davam edən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində
tarixi mərhələ başa çatdı.
Dövlət başçısının AQEM-in Zirvə
Görüşündə bu hadisələrə geniş yer ayırması Azərbaycanın keçdiyi tarixi yolun
beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Çünki münaqişələrin mahiyyətini düzgün qiymətləndirmək, onların yaranma səbəblərini
və nəticələrini obyektiv şəkildə təhlil etmək gələcəkdə oxşar faciələrin
qarşısının alınması üçün vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi,
beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən
təsirli mexanizmlər yaradılmadıqca, dünyada müharibələrin və münaqişələrin
davam etməsi təhlükəsi qalacaqdır. Bu fikir təkcə Azərbaycanın üzləşdiyi
problemlərin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin qarşısında
dayanan mühüm çağırışın ifadəsidir.
Azərbaycanın öz suverenliyini
və ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin hərbi qüdrətini nümayiş etdirməklə
yanaşı, xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsinə
çevrildi. Bununla belə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan
biri də Azərbaycanın müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi siyasi mövqe
idi. Azərbaycan 30 ilə yaxın davam edən işğalın, dağıntıların və xalqımıza
yaşadılan faciələrin qarşılığında intiqamçılıq siyasəti yürütmədi, əksinə, Ermənistana
sülh təklif etdi.
Bu yanaşma dövlətimizin yalnız
hərbi və siyasi gücünü deyil, eyni zamanda mənəvi prinsiplərə əsaslanan
mövqeyini də nümayiş etdirir. Azərbaycan döyüş meydanında qələbə qazandıqdan
sonra regionda davamlı sülhün təmin olunmasını əsas prioritetlərdən biri kimi
müəyyənləşdirdi. Bununla yanaşı, sülhün əldə olunması qədər onun qorunması və
möhkəmləndirilməsi də mühüm məsələdir. Davamlı sülh qarşılıqlı etimadın
formalaşmasını, dövlətlərin suverenliyinə hörmət edilməsini və gələcək münasibətlərin
beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını tələb edir.
Zirvə Görüşündə Azərbaycanın
AQEM-ə sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət də xüsusi vurğulandı. Azərbaycan
ikiillik sədrliyi müddətində təşkilatın institusional imkanlarının gücləndirilməsinə,
üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı fəaliyyətin
inkişafına xüsusi diqqət yetirmişdir. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf
mühitin mühafizəsi, turizm, təhsil və elm kimi istiqamətlərdə təşviq edilən təşəbbüslər
AQEM çərçivəsində əməkdaşlığın daha səmərəli və əhatəli xarakter almasına xidmət
etmişdir.
Üzv dövlətlərin dəstəyi ilə həyata
keçirilən tədbirlər nəticəsində təşkilatın institusional və hüquqi əsasları
möhkəmlənmiş, üzvlük coğrafiyası genişlənmiş, təhlükəsizlik, iqtisadi rifah və
qarşılıqlı anlaşmanın təşviqi baxımından imkanları artmışdır. Bu nəticələr Azərbaycanın
beynəlxalq platformalarda fəal iştirakının və çoxtərəfli əməkdaşlığa verdiyi önəmin
göstəricisidir. Eyni zamanda, ölkəmizin AQEM çərçivəsində həyata keçirdiyi fəaliyyət
Azərbaycanın regional təşəbbüslərlə kifayətlənməyərək daha geniş coğrafiyada əməkdaşlıq
əlaqələrinin inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin
AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müasir dövlətçilik tarixinin
əsas istiqamətlərini özündə birləşdirən mühüm siyasi mesajlarla yadda qaldı.
Çıxışda ölkəmizin üzləşdiyi tarixi ədalətsizliklər, beynəlxalq hüququn tətbiqindəki
problemlər, ərazi bütövlüyünün bərpası, sülhə sadiqlik və beynəlxalq əməkdaşlığın
inkişafı kimi məsələlər qarşılıqlı əlaqədə təqdim olundu. Bu yanaşma göstərir
ki, Azərbaycanın xarici siyasəti milli maraqların qətiyyətlə qorunması ilə
yanaşı, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də
istiqamətlənmişdir.
Bu gün Azərbaycan öz
suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş dövlət kimi qarşısında yeni
inkişaf hədəfləri müəyyənləşdirir. Ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi, nəqliyyat
və iqtisadi əlaqələrin genişlənməsi, çoxtərəfli platformalarda fəallığının
artması bu hədəflərin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. AQEM-in
7-ci Zirvə Görüşü də Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş,
regional əməkdaşlığın təşəbbüskarı və sülhün tərəfdarı kimi mövqeyini bir daha
nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə beynəlxalq
hüququn aliliyinin təmin olunmasının, dövlətlərin suverenliyinə hörmət edilməsinin
və ədalətli sülhün qorunmasının yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütün
dünya üçün həyati əhəmiyyət daşıdığını bir daha diqqətə çatdırdı.
Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının
üzvü
İcmanın Binəqədi rayon
Nümayəndəsi, Pedaqogika
elmləri doktoru