AŞPA-nın Azərbaycana qarşı siyasəti iflasa məhkumdur

AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini özündə əks etdirən qətnaməsi ölkəmizə açıq şəkildə qərəzli münasibətin göstəricisidir. Bu münasibətin kökündə Avropada hökm sürən türkofobiya, islamofobiya dayanır. Təbii ki, burada erməni lobbisinin maliyyə vəsaiti və Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işaldan azad etməsi də az rol oynamır.

AŞPA-nın Ermənistanın maraqlarına cavab verən anti-Azərbaycan qərarı Cənubi Qafqazda siyasi gərginliyin daha da artırılmasına xidmət edir. Bu cür addımlar həm də Azərbaycanla Ermənistan arasında sülh prosesində Brüsselin roluna da ciddi zərbə vurur. Azərbaycan ictimaiyyətinin Avropa strukturlarına etimadını sarsıdır. Bu mənada düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması barədə qərarı tamamilə düzgün addım idi.

COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşan Qərb dövlətləri öz riyakarlıqlarını gizlədə bilmirlər. ABŞ və Fransa mətbuatında Azərbaycana qarşı COP 29-la əlaqədar genişmiqyaslı kampaniyalar aparılır. Təəssüf ki, bəzən özünlərini demokrat adlandıran, əslində isə Qərbin qrantı hesabına sərvətlərini artıran bəzi antimilli ünsürlər də anti-Azərbaycan kampaniyalarında rol alırlar.

Azərbaycan AŞPA-ya üzv olanda Qarabağ münaqişəsinin həllində beynəlxalq dəstəyin güclənəcəyinə, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı konkret qərarlar qəbul ediləcəyinə çox böyük ümidlər bəsləyirdi. Doğrudur, AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın torpaqlarımızı işğal etdiyini özündə əks etdirən qətnamələr qəbul etdi. Amma bu qətnamlərin icrası üçün Ermənistana heç bir təzyiq göstərilmədi. Reaksiyaları o olurdu ki, qurum münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün uyğun platforma deyil. Ancaq indi avropalı deputatlar tamamilə fərqli mövqedən çıxış edir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Təkcə 2023-cü ildə AŞPA Qarabağ mövzusuna dair bir neçə qətnamə qəbul edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərqərar etməsi, müstəqil siyasət yürütməsi, heç bir beynəlxalq qurumun, heç bir dövlətin təzyiqinə boyun əyməməsi bizə qarşı aparılan qərəzli siyasətin əsas səbəbləridir.

AŞPA-nın və digər qurumların qərarlarından asılı olmayaraq, Azərbaycan xalqı və dövləti ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək. İslamofob və türkofob təfəkkürlü siyasilərin düşərgəsinə çevrilən AŞPA-nın Azərbaycana qarşı son əsassız davranışının ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanla bağlı bədnam təşəbbüsün müəllifi olan almaniyalı deputat Frank Şvabenin ölkəsi 2020-ci ildən sonra Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyir. AŞPA-nın Fransa və Almaniyanın əlində oyuncaq, buyruq quludur. Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa bu dəfə də Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

Bir daha qeyd etmək lazımdır ki, nə AŞPA, nə də onun qərarı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan məhz Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Biz öz gücümüz hesabına bu problem həll edib, ərazi bütövlüyümüzü təmin etdik. Avropada nüfuzu olmayan Avropa Şurasına ehtiyacımız qalmayıb. Özünün əhatə dairəsini genişləndirmək, siyasi gücünü artırmaq istəyən Avropa Şurasının özü Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı