“Şərqi Avropada müharibə vəziyyətinin davam etməsi, böyük Qərb dövlətlərinin ən böyük enerji təchizatçısı olan Rusiyaya sanksiyalar tətbiq etməsi, eləcə də bütün bunların fonun enerji daşıyıcılarının, xüsusilə də qazın qiymətinin yüksəlməsi, eyni zamanda, soyuq qış fəslinin yaxınlaşması, bəzi Avropa şəhərlərində enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsinə etiraz aksiyalarının başlanması Avropa İttifaqı ölkələrinin etibarlı və dayanıqlı enerji mənbəyinə ehtiyacını daha da artırır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Avropa İttifaqının 40-45 faizini qazla təchiz edən Rusiyanın ixracı azaltması böyük ölkələrdə kimya, metal, şüşə və başqa sənaye sahələrində durğunluğa, milyonlarla insanı əhatə edən işsizliyə səbəb ola bilər. Bu və digər səbəblərdən Avropa İttifaqı ölkələri etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olan Azərbaycana xüsusi maraq göstərir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da deyilən fikri sübut edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, hazırda enerji asılılığını azaltmağa çalışan Avropa İttifaqı ölkələri mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji sahəsinə böyük diqqət ayırmaq niyyətindədir: “Heç şübhəsiz ki, bu gün Azərbaycanın Avropa İttifaqı ölkələrinin diqqət mərkəzində olmasına səbəb ölkəmizin deyilən istiqamətlərdə böyük potensiala sahib olmasındadır. Bəllidir ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizi, TANAP, TAP vasitəsilə Azərbaycan qazı artıq Avropaya ixrac edilir. Azərbaycan il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb. Bu il də İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac isə 22 milyard kubmetrdən artıq olacaq. Bu məqamda qeyd edilməldir ki, Azərbaycanın qazı artıq Bolqarıstandadır. Bu xüsusda isə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq”.
“Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı aparılan dialoqda yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir” – deyən əlavə edib ki, bu gün qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə də böyük ehtiyac var: “Azərbaycan isə elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir və xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Nəzərə alsaq ki, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir. Bütövlükdə, mövcud mənbələr, potensial və infrastruktur imkan verir ki, Azərbaycanı elektrik enerjisinin böyük istehsalçısına və ixracatçısına çevrilsin. Bu amil isə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradır”.