Azər Kərimli: “8 Noyabr Azərbaycan xalqının dövlət müstəqilliyinə sədaqətinin təntənəsidir”

“2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsi ilə təcəssümünü tapan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun həlledici mərhələsi olmaqla yanaşı, milli iradənin, dövlət qüdrətinin və xalq-ordu birliyinin möhtəşəm təntənəsinə çevrildi. Qarabağ münaqişəsi Azərbaycan xalqına uzun illər ağır məhrumiyyətlər yaşatmışdı. 1988-ci ildən etibarən Ermənistanın ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində şəhərlər, kəndlər dağıdılmış, minlərlə insan həyatını itirmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Azərbaycan torpaqlarının işğalı iqtisadiyyatımıza, tarixi-mədəni irsimizə və insanların həyatına ağır zərbə vurmuşdu. Bununla belə, xalqımız öz doğma torpaqlarına qayıdacağına və tarixi ədalətin bərpa olunacağına inamını itirmədi.”

Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında ifadə olunub.

Millət vəkili bildirib ki, münaqişənin dinc vasitələrlə həlli üçün uzun illər aparılan danışıqlar gözlənilən nəticəni vermədi: “ATƏT-in Minsk qrupunun fəaliyyəti işğalın aradan qaldırılmasına gətirib çıxarmadı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri icrasız qaldı. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyaraq problemin siyasi həllinə çalışsa da, qarşı tərəfin qeyri-konstruktiv yanaşması və beynəlxalq mexanizmlərin təsirsizliyi münaqişənin uzanmasına səbəb oldu. Belə şəraitdə ölkəmiz öz suveren hüquqlarını müdafiə etmək üçün siyasi, iqtisadi və hərbi potensialını gücləndirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə Vətən müharibəsi tariximizin yeni mərhələsini açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan əsgəri döyüş meydanında böyük iradə və peşəkarlıq nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı xalqımızın uzun illər gözlədiyi ədalətin bərpasına, işğal siyasətinə son qoyulmasına yönəlmiş milli mübarizənin rəmzinə çevrildi. Qırx dörd gün davam edən müharibə Azərbaycan dövlətinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz birliyini bütün dünyaya göstərdi. Hər gün yeni yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad edilməsi qələbəyə inamı daha da artırırdı. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, Hadrut qəsəbəsinin və çoxsaylı kəndlərin azad olunması hərbi uğurlarımızın miqyasını ortaya qoyurdu. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hadisə oldu. Azərbaycanın mədəniyyət paytaxtının geri qaytarılması həm hərbi, həm də mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Bu Qələbənin arxasında təkcə müasir silahlar və düzgün hərbi strategiya deyil, həm də böyük mənəvi güc dayanırdı. Azərbaycan hərbçiləri Vətən qarşısında borclarını şərəflə yerinə yetirərək misilsiz qəhrəmanlıq göstərdilər. Şəhidlərimizin fədakarlığı, qazilərimizin iradəsi, döyüşən əsgər və zabitlərimizin cəsarəti Zəfər tariximizin ayrılmaz hissəsidir. Müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi, xaricdə yaşayan azərbaycanlıların ölkəmizin haqq səsini müdafiə etməsi milli həmrəyliyin gücünü nümayiş etdirdi. Prezident İlham Əliyevin müharibə günlərində beynəlxalq media qurumlarına verdiyi müsahibələr də qələbəmizin mühüm siyasi-diplomatik istiqamətini təşkil edirdi. Dövlət başçısı Azərbaycanın mövqeyini, Ermənistanın təcavüzkar siyasətini və münaqişənin tarixi mahiyyətini dünya ictimaiyyətinə çatdırırdı. Beləliklə, döyüş meydanındakı uğurlar informasiya və diplomatiya müstəvisində də möhkəmləndirilirdi. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını və Ağdam, Kəlbəcər, Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin etdi. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Sonrakı proseslər isə Azərbaycanın öz suverenliyini tam təmin etməsi ilə nəticələndi.
Zəfər Gününün təsis edilməsi, Vətən müharibəsi iştirakçılarının orden və medallarla təltif olunması, Zəfər parkının və muzeylərin yaradılması bu tarixi hadisənin yaddaşlarda yaşadılması baxımından mühüm addımlardır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə qələbənin real nəticələrini gündəlik həyatımıza gətirir. 8 Noyabr Azərbaycan xalqının öz gücünə inamının, dövlət müstəqilliyinə sədaqətinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Bu günün mənası yalnız qazanılmış hərbi qələbə ilə ölçülmür. Zəfər həm də gələcək nəsillərə ötürülən milli məsuliyyət, birlik və dövlətçilik dərsidir. Azərbaycan xalqı bu şanlı tarixlə haqlı olaraq fəxr edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.