Azərbaycan–Böyük Britaniya: yeni əməkdaşlıq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad, siyasi dialoq və iqtisadi əməkdaşlıq əsasında inkişaf edir. Noyabrın 12-də Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu əlaqələrin daha da möhkəmləndirilməsi və yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəyannamənin əsas əhəmiyyəti ondan ibarətdir ki, sənəd iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın gələcək prioritetlərini müəyyənləşdirir. Xüsusilə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin vurğulanması ölkəmizin beynəlxalq mövqelərinin dəstəklənməsi baxımından diqqətəlayiqdir. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dəstəyi regional sabitlik və əməkdaşlıq perspektivləri üçün əhəmiyyətlidir.

İqtisadi əməkdaşlığın genişləndirilməsi Bəyannamənin mühüm istiqamətlərindən biridir. Böyük Britaniya uzun illərdir Azərbaycanın enerji sektorunda əsas tərəfdaşlarından biri kimi çıxış edir. Yeni sənəd bu əməkdaşlığın ənənəvi enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji, yaşıl iqtisadiyyat, investisiya və müasir texnologiyalar istiqamətində inkişafı üçün əlavə imkanlar yaradır.

Digər mühüm məsələ Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsidir. Orta Dəhlizin inkişafı, infrastruktur layihələri və tranzit əlaqələrinin gücləndirilməsi ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər.

Bəyannamədə müdafiə və təhlükəsizlik, təhsil, elm, innovasiya və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığa da xüsusi diqqət yetirilir. Bu istiqamətlər üzrə təcrübə mübadiləsi və birgə layihələr Azərbaycanın institusional potensialının, insan kapitalının və texnoloji imkanlarının inkişafına töhfə verə bilər.

Sənəddə nəzərdə tutulan müntəzəm strateji tərəfdaşlıq görüşləri isə əldə edilmiş razılaşmaların icrasına nəzarət və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizm rolunu oynayacaq.

Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, iqtisadi imkanlarının artırılması və regional mövqelərinin möhkəmləndirilməsi baxımından yeni perspektivlər açır. Bu sənəd Azərbaycan diplomatiyasının çoxşaxəli əməkdaşlıq siyasətinin davamı olmaqla yanaşı, ölkəmizin milli maraqlarına uyğun uzunmüddətli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

 Əmimə Ağazadə

Milli Məclisin deputatı