Azərbaycan dili: ali dəyərlərə sədaqət və dövlətçilik ənənələrinin təntənəsi

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Bu fikir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək dəyərin və milli-mənəvi irsə münasibətinin parlaq ifadəsidir. Doğrudan da, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, milli kimliyi, mədəni irsi, mənəvi sərvəti və dövlətçiliyin əsas komponentlərindən biridir. Azərbaycan xalqı əsrlər boyu müxtəlif siyasi və tarixi sınaqlardan keçsə də, ana dilini qorumaqla milli varlığını və mənəvi dəyərlərini yaşatmağı bacarmışdır.

Hər il avqustun 1-də ölkəmizdə qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz ana dilimizin inkişafına, qorunmasına və gələcək nəsillərə ötürülməsinə verilən yüksək dəyərin ifadəsidir. Bu əlamətdar gün xalqımızın dilinə, əlifbasına və milli-mənəvi irsinə ehtiramın dövlət səviyyəsində təsdiqidir. Azərbaycan dili türk dilləri ailəsinin ən zəngin, ahəngdar və qədim qollarından biridir. Minilliklər boyu formalaşan bu dil dahi şairlərin, mütəfəkkirlərin və dövlət xadimlərinin əsərlərində cilalanmış, zənginləşmiş və dünya mədəniyyətinə qiymətli töhfələr vermişdir. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli kimliyini yaşadan əsas mənəvi irsdir.

Lakin ana dilimizin bu günə gəlib çatması asan olmayıb. Xüsusilə keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması istiqamətində aparılan siyasət Azərbaycan dilinin inkişafı qarşısında ciddi maneələr yaratmışdı. Həmin dövrdə milli dil məsələsini açıq şəkildə müdafiə etmək böyük siyasi cəsarət tələb edirdi. Məhz belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını dövlətçilik məsələsi kimi dəyərləndirərək prinsipial mövqe nümayiş etdirdi.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı Ümummilli Liderin qətiyyəti nəticəsində Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi milli tariximizin ən mühüm hadisələrindən biri oldu. O dövrdə bu qərarın qəbul olunması təkcə hüquqi akt deyil, həm də milli iradənin və siyasi uzaqgörənliyin parlaq təzahürü idi. Bu addım sonrakı dövrdə müstəqil Azərbaycanın dil siyasətinin möhkəm təməlini formalaşdırdı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən dövlət dilinin Azərbaycan dili adlandırılması haqqında qərarın ümumxalq dəstəyi qazanması da milli həmrəyliyin və dövlətçilik düşüncəsinin mühüm göstəricisi oldu. Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi və bununla da ana dilimizin hüquqi statusu ən yüksək səviyyədə təmin olundu.

Ümummilli Lider Heydər Əliyev müstəqil dövlət quruculuğunun ayrılmaz hissəsi kimi dil siyasətinə xüsusi önəm verirdi. Ulu Öndərin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin bütün sahələrdə geniş tətbiqi üçün yeni mərhələ açdı. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dilinin qorunması istiqamətində sistemli fəaliyyətə başlanıldı.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu qərar latın qrafikalı əlifbaya keçidin başa çatmasının və Azərbaycan dilinin inkişafına dövlət qayğısının təzahürü kimi tarixə düşdü.

Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və yeni dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə latın qrafikalı kitabların kütləvi nəşri, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi və dilimizin saflığının qorunmasına dair mühüm qərarlar milli dil siyasətinin müasir mərhələsini təşkil edir.

2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin yad təsirlərdən qorunması istiqamətində mühüm addım oldu. Bu sənəd dövlət dili normalarına əməl olunmasının daha səmərəli təşkilinə, media məkanında və ictimai həyatda Azərbaycan dilinin düzgün işlədilməsinə əlavə stimul verdi. 2025-ci il 31 iyul tarixli Prezident Fərmanı isə dövlət dilinin tətbiqinə və Azərbaycan dili normalarına əməl olunmasına nəzarət funksiyasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə etməklə bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsini təmin etdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bu yanaşma müasir informasiya əsrində xüsusi aktuallıq daşıyır. İnternet, sosial şəbəkələr və rəqəmsal texnologiyalar dövründə ana dilimizin normalarının qorunması milli təhlükəsizlik və milli kimlik məsələsinə çevrilmişdir.

Azərbaycan dili bu gün yalnız dövlət idarəçiliyinin deyil, həm də elm, təhsil, mədəniyyət, diplomatiya və informasiya texnologiyalarının əsas dillərindən biri kimi inkişaf edir. Süni intellekt, elektron hökumət, rəqəmsal platformalar və beynəlxalq kommunikasiya mühitində Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi onun gələcək inkişafının mühüm istiqamətlərindəndir.

Ana dilinə sevgi ilk növbədə ailədə formalaşır, məktəbdə möhkəmlənir, cəmiyyətdə isə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı dilimizin saflığını qorumağı, düzgün danışmağı və yazmağı mənəvi borc hesab etməlidir. Xarici dilləri öyrənmək müasir dövrün tələbidir, lakin bu, heç vaxt ana dilinə laqeyd münasibət yaratmamalıdır. Əksinə, başqa dilləri mükəmməl bilən insan Azərbaycan dilinin zənginliyini daha dərindən dərk edir və daha böyük qürurla təbliğ edir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı üçün ana dili milli birliyin əsas komponentidir. Azərbaycan dili təkcə Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının mənəvi sərvəti, ortaq yaddaşı və milli həmrəyliyinin təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bizim Azərbaycan dili şeir dilidir”. Bu poetik ifadə dilimizin ahəngini, zənginliyini və ifadə imkanlarını ən dolğun şəkildə xarakterizə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dil siyasəti isə bu zəngin irsin qorunmasını və gələcək nəsillərə daha da inkişaf etmiş şəkildə ötürülməsini təmin edir. Azərbaycan dili dövlətçiliyin dayağı, milli kimliyin pasportu, tariximizin canlı salnaməsi və gələcəyimizin etibarlı təminatıdır. Ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs vətəndaşlıq borcudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz bu ali dəyərlərə sədaqətin, milli ruhun və dövlətçilik ənənələrinin təntənəsi kimi xalqımızın həyatında xüsusi yer tutur.

Heydər Əsədov Milli Məclisin deputatı