Azərbaycan dili milli kimliyimiz və mənəvi sərvətimizdir

Hər bir xalqın varlığını, tarixini və milli kimliyini yaşadan ən böyük mənəvi sərvətlərdən biri onun ana dili və əlifbasıdır. Azərbaycan dili əsrlər boyu xalqımızın düşüncə tərzini, zəngin ədəbi irsini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini nəsildən-nəslə çatdıran müqəddəs bir körpü olmuşdur. Məhz buna görə də hər il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi milli özünüdərkin, dövlət müstəqilliyinin və milli həmrəyliyin mühüm rəmzlərindən biri hesab olunur.

Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilən bu əlamətdar gün Azərbaycan dilinə və latın qrafikalı Azərbaycan əlifbasına dövlət səviyyəsində verilən yüksək dəyərin bariz ifadəsidir. Müstəqillik illərində latın qrafikalı əlifbaya tam keçid ölkəmizin milli dövlətçilik maraqlarına, müasir inkişaf strategiyasına və dünya ilə inteqrasiyasına xidmət edən mühüm tarixi qərarlardan biri olmuşdur.

Azərbaycan dili zəngin lüğət tərkibinə, ahəngdar fonetik quruluşa və yüksək ifadə imkanlarına malik olan qədim dillərdəndir. Dahi şair və mütəfəkkirlərimiz – Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli söz ustaları bu dili daha da zənginləşdirərək dünya mədəniyyətinə dəyərli töhfələr bəxş etmişlər. Azərbaycan dili xalqımızın milli yaddaşını qoruyan, onun tarixini və mədəniyyətini gələcək nəsillərə çatdıran ən mühüm mənəvi xəzinədir.

Bu gün Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ana dilimizin saflığının qorunmasını, onun informasiya texnologiyaları dövrünün tələblərinə uyğun inkişafını və beynəlxalq aləmdə nüfuzunun artırılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi, Azərbaycan dilində nəşrlərin, elektron resursların və elmi əsərlərin artırılması bu siyasətin uğurlu nəticələrindəndir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dil siyasəti nəticəsində Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də daha geniş tanınır və nüfuz qazanır. Ana dilimizin qorunması və gələcək nəsillərə saf şəkildə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edir.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün təkcə təqvim bayramı deyil, həm də milli qürur, mənəvi məsuliyyət və dövlətçilik şüurunun təcəssümüdür. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs vəzifəsidir.

Azərbaycan dili yaşadıqca xalqımızın milli ruhu, mədəni irsi və dövlətçiliyi də yaşayacaq, daha da möhkəmlənəcəkdir. Bu əziz bayram münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər kəsə ana dilimizə sonsuz sevgi, milli-mənəvi dəyərlərimizə sədaqət və ölkəmizin inkişafı naminə yeni uğurlar arzulayırıq.

Əminə Ağazadə

Milli Məclisin deputatı